Onlayn ictimai-siyasi qəzet
Dünya tarixində ən dəhşətli dəmiryol qəzalarından biri 4 iyun 1989-cu ildə SSRİ-də baş verib.
Ufa-Çelyabinsk dəmiryolu ərazisində, Aşa şəhərindən 11 kilometr aralıda, 211 nömrəli Novosibirsk-Adler və 212 nömrəli Adler-Novosibirsk sərnişin qatarları qəzaya uğrayıblar. Bu qəza tarixə Aşa faciəsi adı ilə düşüb. Qəzanın səbəbi rəsmi olaraq dəmiryol xəttinin yanından keçən maye qaz kəmərindən qaz sızması göstərilsə də, Aşa faciəsinin baş verməsində sirli və müəmmalı məqamlar da olub.
Müəmmalı məqamlardan biri odur ki, qatarlar əks istiqamətlərdə yan-yana keçərkən partlayış baş verib. Əslində qrafikə görə qatarlar həmin saatda, həmin nöqtədə üz-üzə gəlməli deyildilər. Məhz hər iki qatarın qaz kəmərinin sızma yerindən eyni vaxtda keçməsi istintaq zamanı şübhələr yaradıb.
1284 sərnişini daşıyan hər iki qatarda 38 vaqon, 2 lokomotiv olub və partlayışdan sonra onların heç biri istismara yaramayıb. Partlayış nəticəsində 645 nəfər həyatını itirib, 623 nəfər ağır yanıq dərəcəsi və bədən xəsarəti ilə əlillik qazanıb. Həlak olanlardan 181 nəfəri uşaqlar olub. Şahidlər bu qəzadan sağ çıxmağı möcüzə sayıblar.
Gecə 01.15-də baş verən partlayış zamanı qatarın parçalanmış hissələri 100-200 metr hündürlüyə qədər göyə sovrulub, 11 kilometr aralıda yerləşən Aşa şəhərində və ətraf qəsəbələrdəki evlərdə pəncərələrin şüşələri cilik-cilik olub. Partlayışın gücü 12 kilotona bərabər olub. Müqayisə üçün qeyd edək ki, Xirosimaya atılan atom bombasının partlayışının gücü 16 kiloton hesablanıb.
Qatarın sərnişinləri əsasən Adlerə, Soçiyə istirahətə gedənlər və istirahətdən qayıdanlar, o cümlədən qrup şəklində yay düşərgələrinə yollanan məktəblilər və onların rəhbərləri olub.
Hadisə baş verdikdən bir neçə saat sonra Mixail Qorbaçov bazar günü üçün planlaşdırılan bütün tədbirləri təxirə salaraq SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov və hüquq-mühafizə orqanlarının rəhbərlərilə birlikdə təcili olaraq təyyarə ilə Ufa şəhərinə uçub. O, gecə baş vermiş dəmiryol qəzasının ağır nəticələrini nəzərə alaraq, hadisə yerində şəxsən özünün olmağını zəruri sayıb. Baş katib xüsusi dövlət komissiyası yaradıb, hadisə ilə bağlı cinayət işi açılaraq istintaq başlanıb.
Yuxarıda qeyd etdiyimiz kimi, qrafikə uyğun olmayaraq hər iki qatarın eyni vaxtda, eyni nöqtədə olmaları istintaqa və komissiyaya hadisənin terror aktı olduğu versiyasını istisna etməyib. Məsələnin bu tərəfi ilə DTK araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, Adlerə istiqamət alan qatarın maşinisti əvvəlcədən dispetçerə hərəkət cədvəlinə görə gecikməsi ilə bağlı məlumat verib və gecikmənin səbəbini Ufaya qədər olan stansiyada kiçik təmir işləri ilə əsaslandırıb. Elə bu gecikməyə görə də qatarlar məhz hadisənin baş verəcəyi yerdə qarşılaşıblar. Digər araşdırmalarda da heç bir şübhəli fakt terror versiyasını təsdiq etməyib.
İstintaq qaz kəmərini çəkən müvafiq qurumlarda davam edib. Ekspertlər kəmərdə nasazlığın və sızmanın olmasını tam sübuta yetirdikdən sonra məlum olub ki, kəmərin çəkilməsini icra edən SSRİ Neft Sənayesi və SSRİ Qaz Sənayesi nazirliklərinin texniki təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyan şəxsləri 1984-cü ildən istismara verilən kəmərə bir dəfə olsun baxış keçirməyiblər və heç bir qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilməyib.
Bütün bu faktlara baxmayaraq, qərb mətbuatı Aşa faciəsinin terror aktı versiyasını istisna etməyib.
80 cilddən ibarət istintaq materialları məhkəməyə 1992-ci ildə, SSRİ dağıldıqdan sonra təqdim olunub. Üç gün davam edən məhkəmə prosesi istintaqın tam sona çatdırılmamasını bəyan edərək işi yenidən istintaqa göndərib. Nəhayət, hadisədən 6 il keçdikdən sonra, 1995-ci ildə məhkəmə yenidən işə baxıb. Bu dəfə məhkəmə yüzlərlə insanın həyatını itirməsi ilə bağlı hadisənin günahkarlarını ərazi üzrə qaz kəmərlərinin təmirilə məşğul olanlarda görüb. Qəza ilə bağlı 3 nəfər 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 4 nəfər isə şərti cəzaya məhkum edilib.
Bu, qəzada həlak olanların ailələrinin etirazına səbəb olsa da, 1995-ci ilin qarışıq Rusiyasında bu etirazı heç kim eşitməyib.
Maraqlı faktlardan biri isə odur ki, Qorbaçov hadisə yerinə gəlsə də, sonralar Yeltsinin qəza ilə bağlı müəyyən göstərişləri olsa da, onlar Aşa faciəsinin səbəbkarlarının ifşa olmasına heç də böyük maraq göstərməyiblər.
İlham Cəmiloğlu,
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ