İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-nın sessiyasında ermənilərin video şüvəni nəticəsiz qaldı

Fazil Mustafa: “Bölgədə reallıqların dəyişdiyini artıq anlayışla qarşılayırlar”

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası başlayıb. Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski sessiya iştirakçıları qarşısında videokonfrans rejimində çıxış edəcək.

Sessiyada İrlandiya prezidenti Maykl D.Higgins və İsveçrə Konfederasiyasının prezidenti İqnasio Kassisanın, habelə Albaniya baş naziri Edi Ramanın çıxışları da planlaşdırılır. Gündəlikdə Qərbi Balkanlar üçün Avropa perspektivi, islamofobiyaya və ya müsəlmanlara qarşı irqçiliyə, vaksinlərlə bağlı ayrı-seçkiliyə və Brexit-in İrlandiya adasında insan hüquqlarına təsirinə qarşı mübarizə haqqında debatlar nəzərdə tutulur. Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın öhdəliklərini yerinə yetirməsini müzakirə etməlidir.

Bundan başqa, üç “cari məsələ” ilə bağlı debatlar tələb edilib: Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin başlamasından yarım il sonra Avropa; Avropada qida təhlükəsizliyi: Ukrayna limanlarından taxıl ixracı və Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar.

Bu məsələlərin sessiyanın gündəliyinə daxil edilib-edilməyəcəyini və müzakirələrin nə vaxt keçiriləcəyini parlamentarilər bazar ertəsi müəyyən edəcəklər.

Bakupost.az - Pensiya yaşı azaldılmalıdır - Fazil Mustafa - VİDEO

Fazil Mustafa

Hazırda Strasburqda olan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, ermənilər uydurma videoların müzakirəyə çıxarılmasını təmin etməyə, bəzi şəxslərin köməyi ilə qərar qəbul etdirməyə çalışıblar: “Nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun büroda cidd-cəhdlərindən sonra ermənilərin niyyəti baş tutmadı. Məsələ müzakirəyə çıxarılsa da, hər iki tərəfi maraqlandıran proseslərə diqqət ayrıldı. Bu münasibət ermənilərin və onların himayədarlarının öz cəhdlərini hər hansı şəkildə inkişaf etdirə bilməyəcəklərini göstərdi. Bölgədə reallıqların dəyişdiyini artıq anlayışla qarşılayırlar. Ölkə prezidentinin Praqa sammitində əldə etdiyi razılaşmalar müəyyən dərəcədə öz təsirini göstərdi. Avropa Şurası Parlament Assambleyasında da, BMT-də olduğu kimi, hər hansı yeni qərarın qəbul edilməsi istisna edilir. Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı bütün platformalarda ermənilərin hər çıxışına qarşı tutarlı arqumentlərlə cavab verirlər. Sonuncu debatda da müzakirələr olacaq. Ermənistan tərəfindən ittihamedici çıxışların olacağı gözləniləndir. Azərbaycan tərəfi bütün ittihamlara tutarlı cavab verməyə hazırdır”.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Tini Koks qurumun payız sessiyasının açılışında Azərbaycan və Ermənistanı bütün fikir ayrılıqlarının həlli üçün səyləri ikiqat artırmağa, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyə çağırıb: “Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi insanlara mənfi təsir göstərir. Azərbaycan və Ermənistandan olan parlamentariləri assambleyadan həssas və mühüm mövzuların müzakirə platforması kimi istifadə etməyə çağırıram. AŞ PA prezidenti bildirib ki, artıq fikir ayrılıqlarının həlli üçün vaxt gəlib çatıb”.
Rumıniya Deputatlar Palatasının üzvü İulian Bulay da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında çıxışı zamanı regiondakı proseslərə diqqət çəkib: “Sülhün bərqərar olması Cənubi Qafqaz üçün bilavasitə məqsəd olmalıdır. Cənubi Qafqazda baş vermiş son hadisələr dayanıqlı sülhə nail olmaq üçün silah gücü ilə deyil, dialoq və danışıqlar yolu ilə birgə çalışmağın zəruriliyini xatırladır”.
Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının açılışında həmçinin (AŞ PA) Rusiyanın tanınmış publisisti Vladimir Kara-Murza Vatslav Qavel adına mükafata layiq görülüb. Diplom onun xanımı Yevgeniya Kara-Murzaya təqdim olunub.

Rusiyanın müxalif siyasətçisi, telejurnalist, publisist, rejissor Vladimir Kara-Murza 1981-ci il sentyabrın 7-də Moskvada anadan olub. O, “Boris Nemtsova azadlıq fondu”nun keçmiş sədridir. 2015-2016-cı illərdə Xalq Azadlıq Partiyası sədrinin müavini olub.

Kara-Murza Rusiya Silahlı Qüvvələrinin Ukraynada fəaliyyəti ilə bağlı “yalan informasiya yaymaqda” ittiham olunaraq həbs edilib. İstintaqa görə, o, ABŞ-ın Arizona ştatında Rusiya ordusunu Ukraynada qadağan olunmuş vəsitələrdən istifadə etməkdə ittiham edib.

Qeyd edək ki, Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri-deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva təmsil edirlər.
Sessiya oktyabrın 14-də başa çatacaq.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR