Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq hüquqdan, ümumiyyətlə, haqq-ədalətdən danışacaq ən axırıncı ölkə sözsüz ki, Fransadır. Bir də onun “kiçik bacısı” Ermənistan. Amma dəl ki, bəşəri dəyərlərdən və beynəlxalq normalardan ən çox elə bu iki ölkənin rəsmiləri bağırır.
Kapitulyant ölkənin yadına beynəlxalq hüquq cəmi 3 il yarım öncə düşüb - 44 günlük müharibədə yediyi “Dəmir yumruq”dan və işğalçı qüvvələri ərazimizdən əsasən çıxardıqdan sonra. İrəvanda nəhayət, anlamağa başlayıblar ki, sən demə, Ermənistanın da mövcudluğu üçün “ərazi bütövlüyü və suverenlik” deyilən bir vacib anlayış varmış.
Yəni sən əgər qonşunun ərazi bütövlüyü və suverenliyini tanımırsansa, sənin ərazi bütövlüyünü və suverenliyini də dünəndən tanımaz, vecə almazlar. Hərgah, ermənilərin indiki konstitusiyalarında Azərbaycan və Türkiyəyə qaşı ərazi iddiaları qalır. Bu da o anlama gəlir ki, başlarına gələndən tam dərs götürməyiblər. Əlavə “izahedici” tədbirlərimizə ehtiyac olacaq...
Yaxud ermənidən çox erməni kimi özünü qələmə verən Makron Fransası. XXI əsrdə də bir çox ölkələrə qarşı neo-müstəmləkəçi siyasət aparan bu “müasir”, “sivil” dövlət digər xalqlara qarşı törətdiyi saysız soyqırımlarına görə üzr istəməyə hazırlaşmır, parlamenti mifik “artsax”ı dövlət kimi tanıyıb, amma utanmazcasına yenə haqq-ədalətdən, beynəlxalq hüquqdan dəm vurur.
Misal üçün, Fransa xarici işlər naziri Ketrin Kolonna bu gün deyib: “Qəzzanın gələcəyini təyin etmək İsrailə düşməz. İsrailin Qəzza sakinlərinin könüllü köç planı ilə əlaqədar açıqlamaları məsuliyyətsizlikdir və hər iki tərəfi münaqişənin həlli yolundan uzaqlaşdırır. Beynəlxalq hüquq prinsipinə geri dönülməlidir. Qəzza gələcəkdə Fələstin dövlətinin bir parçası olmaq istəyən Fələstin torpağıdır. Hər iki tərəf üçün yeganə əlverişli variant olan ikidövlətli həll yolunu dəstəkləyirik”.
Kolonna təbii ki, İsrail-Fələstin münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) “ikidövlətli həll” modeli haqda qətnaməsini nəzərdə tutur. Hansı ki, indiyədək yerinə yetirilməmiış qalır. Daha doğrusu, İsrail dövləti qurulub, Fələstin dövləti isə ala-yarımçıqdır...
Amma Ermənistanın işğalı ilə bağlı da BMT TŞ-nin qətnamələri olub. Özü də bir yox, dörd – 822, 853, 874 və 884. BMT TŞ-nin daimi üzvü kimi onlara Fransa da səs vermişdi. Sonrası bəlli. Beləcə, nə vaxt özlərinə sərf edir, onda beynəlxalq hüquq, qətnamə-qərarlar yadlarına düşür.
Odur ki, Kolonnaya zəruri xatırlatma: Fələstin “təəssübkeşi” Fransa erməni işğalı dövründə on illərlə ATƏT-in Minsk Qrupunun həmsədri olub. Bircə dəfə TŞ-nin Qarabağa dair qətnamələri yadına düşübmü? Ermənistanın torpaqlarımızda etnik təmizləmə aparmasına, şəhər və kəndlərimizi xarabazarlığa çevirməsinə etiraz bildiribmi? Biz hələ Ermənistan adlı qədim Türk yurdunda azərbaycanlılara qarşı törədilən vəhşilikləri, Ermənistanın monoetnik dövlətə çevrilməsini demirik. Ancaq Fransa XİN-i İsraili əlüstü qınayır, özünü az qala “əxlaq polisi” kimi aparır – buna zərrəcə haqqı olmaya-olmaya!..
Əlbəttə, milliyyətindən asılı olmayaraq günahsız insanları yer-yurdundan eləmək yolverilməzdir, böyük günah və zülmdür. Bütün hallarda, istinasız olaraq bunu edənlər lənətlənməyə və cəzalanmağa layiqdir. Bəs Fransa? Nədən o, məhz ermənidir deyə, hayların qandonduran vəhşilikərinə göz yumub, hətta təqdir edib, alqışlayıb? Bu siyasi ifritəliyin və şarlatanlığın motivi nə? Xristian amilimi?
Və sonda. Məlumatlara görə, ötən ilin sentyabrında Qarabağdakı erməni əhalini kütləvi köçə həm də Makron Fransası şirnikləndiirb. Səbəb də “artsax” üçün “Kosovo varinatı”nın vəd edilməsi imiş. Eyni məkrli ssenarini Azərbaycana qarşı tətbiq eləmək, torpaqlarımızda ikinci “erməni dövləti” qirmaq istəyirmişlər. Plan boşa çıxdı.
Həmişə də boşa çıxacaq. Çünki Azərbaycan sizə Afrikanın banan ölkəsi deyil. Bu ölkəyə və onun xalqına yamanlıq yox, yalnız yaxşılıq eləməklə xeyir tapa bilərsiniz. Bunu sırğa edib asın qulağınızdan...
Siyasət şöbəsi,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ