İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina qondarma “soyqırımı” Fransadan 9 il əvvəl tanıyıb, amma... - mundiala sözardı

Fransada sözdə erməni soyqırımını rədd etmək belə cinayət sayılır!

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının son görüşü başlamazdan öncə Azərbaycanda və qardaş Türkiyədə əksəriyyət qalib olaraq  məhz Argentinanı görürdü. Cənubi Amerika qitəsinin futbol ölkəsi Argentinanın finalda ermənipərəst Fransanın yığmasını darmadağın etməsi də mundial haqdakı söhbətlərin əsas motivi, müzakirə tərəflərinin arzusu idi.

Arzular çin oldu, 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi Lionel Messi komandasını önə çıxardı. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu fransızların qapısından keçirdi. İlk hissə 2:0 hesablı üstünlüklə başa çatıb. Finalı canlı izləmək üçün şəxsən Qətərə gələn Fransa Prezidenti Makron 1-ci hissəni pəjmürdə yola verdi. 2-ci hissədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirdi, cəmi 2 dəqiqə sonra daha bir qol vurmaqla hesabı bərabərləşdirdi. Ermənilərin “dayı”sı Makron bu qoldan sonra staiondakı lojasında atılıb-düşürdü.  Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanıldı. Əlavə vaxtda Messi komandasını önə çıxardı. “Xoruzlar” 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdirdilər. Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan Argentina millisi DÇ-2022-nin qalibi oldu.

Azərbaycan futbol azarkeşlərinin mütləq əksəriyyəti bu qələbəni özününkü bildi.

Səbəb də çox sadədir - fransızlar illərdir ki, Azərbaycanın haqlı Qarabağ davasında əks cəbhədə dayanır, erməni soyqırımı kimi cəfəng, uydurma iddiaları süngüyə çevirirlər.

Bununla belə, azarkeşlik etdiyimiz Argentina da dünyada ermənipərəst mövqeyi ilə tanınan ölkələr sırasındadır. 

Ermənilər uzun illərdir tarixdə heç zaman olmayan uydurma soyqırımı məsələsini dünyanın gündəliyinə gətirir, ondan siyasi məqsədlər üçün istifadə edirlər.

Tarixdən bixəbər təkcə Argentina olsaydı, nə vardı ki?!

2015-ci il aprelin 15-də Avropa Parlamenti Brüsseldə keçirilən iclasında qondarma “erməni soyqırımı”na dair qətnamə layihəsi qəbul etdi. Hadisə Türkiyə və Azərbaycanda ciddi rezonans doğurdu...

İndi ayrı-ayrı ölkələrin parlamentlərində deputatlar əl qaldırıb endirməklə saxta soyqırımının guya 1915-ci ildə olduğu barədə sənədlər qəbul edirlər. Erməni lobbisi və diasporunun böyük pulları hesabına bir çox ölkələrin parlamentləri qondarma erməni soyqırımını tanıyıb.

Bizlər bu çempionatda faktiki olaraq seçim qarşısında qalmışdıq - 2 pisdən daha yaxşını seçməliydik. Argentina bu baxımdan doğru seçim olsa da, ümumilikdə ölkəmizə qarşı pislik etmişlər sırasında Fransadan əvvəl dayanıb. Argentina saxta erməni soyqırımını Fransadan düz 9 il əvvəl tanıyıb!

Argentina 1985-ci ildə, Fransa isə 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb. Üstəlik, “Roma Papasından daha artıq katolik olmaz” deyiminin əksinə olaraq, Fransada sözdə erməni soyqırımını rədd etmək belə cinayət sayılır!

Bəli, 2012-ci ildə Fransada “erməni soyqırımını” tanımayanlara 1 illik həbs və 45 min avro cərimə nəzərdə tutan qanun ölkə Senatında qəbul olunub!

Azərbaycan azarkeşlərinin daha çox ermənipərəst mövqe sərgiləyən Fransa yığmasının məğlubiyyətinə sevinməsi təbiidir. Çünki Argentina saxta erməni soyqırımını tanıyan əksər dövlətlər kimi bu məsələdə çox da canfəşanlıq etmir. Fransa hakimiyyəti, Makron komandası isə hər addımda saxta soyqırımı məsələsinə diqqət çəkməkdən yorulmur. Qarabağda yaşayan 3-5 min  erməniyə müstəqillik tələb edən Fransa ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsi Əlcəzairin  xalqına muxtariyyət verməkdən imtina edir. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni “Fransa Əlcəzairi” deyə çağırır.

Ümumilikdə isə dünyada saxta erməni soyqırımını tanıyan ölkələrin sayı bir deyil, iki deyil.

“Yeni Müsavat” siyahını təqdim edir.

İsveç parlamenti  - 12 mart 2010-cu ildə düzənlənən səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Uruqay - 1965, 2004, 2005-ci illər olmaq üzrə düz 3 dəfə qondarma erməni soyqırımı iddialarını qəbul edib.

Yunan Kipri - 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.

Amerika Birləşmiş Ştatları - ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsassız “soyqırımı”nı tanıyan ştatlar:

Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver,  Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.

Rusiya  - “soyqırımı” 2 dəfə tanıyıb. Əvvəl 1995-ci ildə, sonra da 2005-ci ildə.

Kanada da soyqırımı 3 dəfə tanımış dövlətlər sırasındadır - 1996, 2000 və 2004-cü illərdə qondarma sənəd gündəmə çıxarılıb və hər 3-də də qəbul edilib.

Yunanıstan - 1996-cı ildə “soyqırımı”nı tanıyıb.

Livan - erməni lobbisinin geniş yayıldığı bu ölkədə 2 dəfə olmaqla - 1997-ci ildə və 2000-ci ildə “soyqırım” tanınıb.

Belçika - 1998-ci ildə qondarma erməni soyqırımını tanıyıb.

İtaliya - 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.

Vatikan - İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

İsveçrə - “soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya - 2004-cü ildə “erməni soyqırımı”nı tanıyıb.

Hollandiya - 2004-cü ildə erməni iddialarını qəbul edib.

Polşa - 2005-ci ildə qəbul edib.

Almaniya - 2005-ci ildə qəbul edib.

Venesuela - 2005-ci ildə qəbul edib.

Litva - 2005-ci ildə qəbul edib.

Çili - 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya - 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul edib.

Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatların siyahısı isə belədir:

Avropa Şurası;

Avropa Parlamenti;

“Permanent Peoples” Tribunal;

Dünya Kilsələr Şurası;

İnsan Haqları Dərnəyi;

YMCA Avropa Birliyi;

BMT-nin Ayrı-Seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR