Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda cərəyan edən son proseslərin izahı çox sadədir. Ermənistan Azərbaycana qarşı açıq təxribatlar törədir, beynəlxalq siyasi dairələri müxtəlif manipulyasiyalar ilə aldatmağa çalışır. Rəsmi Bakı isə təmkinli və prinsipial davranır, Ermənistanın provokativ manevrlərini çevik reaksiya ilə bloklayır. Manipulyasiya cəhdlərini isə reallıq barədə inkaredilməz faktlarla ifşa edir.
Təbii ki, Paşinyan hakimiyyəti son provokativ davranışları ilə böyük səhv buraxdığını, Ermənistanı daha da əlverişsiz situasiyaya saldığını artıq tədricən anlamağa başlayıb. Ancaq rəsmi İrəvan üçün hazırda geri çəkilmək baxımından vacib olan bütün yollar sürətlə dağılma mərhələsinə keçib. Yəni, indiki situasiyada rəsmi İrəvan öz təxribatları ilə faktiki olaraq, Ermənistana sarsıdıcı zərbələr vurmaqla, məşğuldur.
Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyan təxribatlara paralel olaraq, həm də sülh gündəliyini də hər imkanda erməni toplumu qarşısında ön plana çıxartmağa cəhd göstərir. Erməni baş nazir yenə də uzunmüddətli, sabit və davamlı sülhün bərqərar olması üçün imkanların mövcudluğunu etiraf edib. Ardınca isə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanındığını növbəti dəfə təsdiqləyib.
Bu, erməni baş nazirin kəskin ziddiyyətlər içərisində olduğunu, öz "xaotik siyasət" anlayışınının girovuna çevrildiyini göstərir. Çünki əgər, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda "humanitar yük"ün göndərilməsindən öncə Bakıdan icazə almaq barədə düşünməliydi. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan, həmin əraziyə hər hansı yük yalnız rəsmi Bakının razılığı ilə keçirilə bilər. Rəsmi İrəvan isə Azərbaycanın razılığı olmadan, Laçın yolu, yəni Azərbaycan ərazisi üzərindən Azərbaycana "humanitar yük" keçirə biləcəyinə ümid bəsləyib.
Belə absurd ümidləri və istəkləri isə bu dünyada yalnız qüsurlu erməni düşüncə sistemi "istehsal" edə bilərdi. İndisə rəsmi İrəvan tədricən ayılmağa, Ermənistanı nə qədər böyük "siyasi-diplomatik batağlığın" içinə saldığını anlamağa başlayıb. Və indi bu "bataqlıq"dan çıxmaq üçün Ermənistan cəmiyyətinin qəbul edə biləcəyi günahkar tapmağa çalışır.
Nə qədər qəribə də olsa, vəziyyətdən çıxış yolu axtaran baş nazir Nikol Paşinyan bu dəfə Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamalarına istinad etmək niyyətinə düşüb: "Azərbaycan Prezidenti "Euronews"ə bildirib ki, Laçın yolunda maneəsiz hərəkət təmin edilir. O zaman göndərdiyimiz yükün hələ də ünvana çatmaması ilə bağlı Rusiya sülhməramlı qüvvələrindən izahat tələb edirik".
Erməni baş nazir bir tərəfdən Azərbaycan liderinin açıqlaması üzərindən növbəti dəfə manipulyasiya cəhdi göstərir. Digər tərəfdən isə "humanitar yük"ün Azərbaycan ərazisinə keçirilməsinin mümkün olmadığına görə rus sülhməramlıları da günahlandırmağa çalışır. Və baş nazir hələ də ümid edir ki, belə qarışıq provokativ manevrlərlə Ermənistanı "siyasi-dipıomatik bataqlıq"dan çıxartmaq mümkün ola bilər.
Halbuki Ermənistan cəmiyyətində bu məsələ ətrafında müzakirələr tamamilə fərqli istiqamətlər almağa başlayıb. Hətta bəzi erməni media qurumları Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçulara qarşı ittihamlar da irəli sürürlər. Həmin ittihamlarda indi ən çox fəallıq göstərən erməni separatçı Qurgen Nersisyan birbaşa hədəfə alınır. Belə ki, onun kəndlərdən Xankəndiyə tərəvəz daşımaq üçün "yanacaq yoxdur" şikayəti xatırladılır və indi "dinc avtobus mitinqi"nə yanacağın haradan tapıldığına izah tələb olunur.
Maraqlıdır ki, bəzi erməni siyasətçiləri Qarabağda cərəyan edən prosesləri ümumiyyətlə, rəsmi İrəvanın Ermənistan cəmiyyətini aldatmaq üçün erməni separatçılarla ortaq düşünülmüş manipulyasiyası hesab edirlər. Ermənistan Parlamentinin deputatı Tiqran Abramyanın iddialarına görə, rəsmi İrəvan gözləyir ki, Qarabağdakı ermənilər aksiyaların heç bir nəticə vermədiyini, ona görə də təslim olmaq qərarına gəldiklərini açıq şəkildə etiraf etsinlər: "Onsuz da orada vəziyyət hər gün daha da ekstremal olur. Həll yolları demək olar ki, yoxdur. Üçüncü ölkələr istəsələr belə müdaxilə edə bilməzlər".
Ermənistanın “Hraparak” nəşri isə daha sensasion iddia ortaya atıb. Nəşr vurğulayıb ki, Araik Arutyunyan Azərbaycanla reinteqrasiyanın gizli tərəfdarlarından biridir. O, açıq şəkildə “inteqrasiya yoxdur ” bəyanatlarına qoşulsa da, əslində isə gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır: "Bizə məlumat verildi ki, Araik Arutyunyan yaxın vaxtlarda qərarlar qəbul edəcək başqa bir "qurum"un yaradılmasına hazırlaşır".
Həmin "qurum" barədə "Hraparak" bildirib ki, bu, erməni separatçıların ümidsizliyinin yekun nəticəsi kimi ortaya çıxa bilər: "Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün onlar başa düşürlər ki, yalnız özlərinə arxalanmalıdırlar. Ona görə də, Qarabağda qalan ermənilər nə edəcəkləri barədə kollektiv qərar verməlidirlər".
Göründüyü kimi, Cənubi Qafqazda erməni separatizminin sona çatmasına o qədər də çox qalmayıb. İndi erməni toplumunda açıq şəkildə etiraf olunur ki, bu vəziyyətdən çıxış yolu mövcud deyil. Ona görə də, indi erməni separatçılar üçün rəsmi Bakının təklif etdiyi iki variantdan birini seçmək vaxtıdır. Yəni, ya Azərbaycan Konstitusiyasını qəbul edəcəklər, ya da özlərinə yaşamaq üçün başqa yer axtaracaqlar. Çünki, Azərbaycan qanunlarına riayət etmədən ölkəmizin ərazisində yaşamaq mümkün deyil. Və yaxın vaxtlarda bu iki variantdan birinin seçilməsi artıq qaçılmazdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ