İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qərbi Putinə niyə satdı: Ermənistan həmişəlik Rusiyaya təhvil verildi

Ermənistan hazırda ciddi geopolitik dönüş nöqtəsindədir, rəsmi İrəvanın Rusiya ilə münasibətləri yenidən aktivləşdirməsi, balans siyasətindən imtina və Qərbə inteqrasiya kursundan uzaqlaşma kimi də qəbul edilir... Bu, Ermənistanın həm strateji müstəqilliyi, həm də Qərblə münasibətlər baxımından, olduqca risklidir, xarici himayədar seçiminə növbəti dəfə düzəliş etmək niyyəti rəsmi İrəvan üçün yeni geopolitik problemlər vəd edir...

Rusiya paytaxt Moskvada Qələbə Paradı keçirməklə, əslində, bütün dünyaya meydan oxumaq, dolayısı güc nümayiş etdirmək niyyəti güdürdü. Qələbə Paradından öncə Kremlin Ukrayna savaşının dayandırılması ilə bağlı sülh prosesini pozması da ABŞ başda olmaqla, Qərbdəki rəqiblərə mesaj anlamı daşıyırdı. Kreml Rusiyanın maraqlarından geri çəkilməyəcəyini, Ukrayna savaşının nəticələri ilə bağlı da nə vaxtsa, belə bir parad keçirəcəyini qabartmağa çalışırdı. Və bu hədəfin nə qədər real olduğu hələlik kifayət qədər ciddi suallar doğurur.

Ancaq hazırda şübhə doğurmayan yeganə reallıq ondan ibarətdir ki, Moskvada keçirilən Qələbə Paradı Rusiyanın Ermənistan üzərindəki hegemonluğunu növbəti dəfə təsdiqləmiş oldu. Belə ki, Qərbə inteqrasiya iddiasında olan Ermənistanın baş naziri Nikol Paşinyan həmin parada qatılaraq, Rusiyanın hərbi-siyasi iradəsinə təslim olduğunu etiraf etdi. Və bu, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya kursunun tamamilə iflasa uğraması anlamına gəlir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistanın geopolitik gələcəyinin böyük ölçüdə məhz rəsmi İrəvanın Qərbdən uzaqlaşaraq, yenidən Rusiyanın himayəsi altına geri dönüşündən asılı ola biləcəyi qətiyyən şübhə doğurmur. Hər halda, İkinci Qarabağ savaşında biabırçı məğlubiyyətdən sonra Ermənistanın xarici siyasət kursunda ciddi dalğalanmalar müşahidə olunmaqdadır. Baş nazir Nikol Paşinyanın Qərbə inteqrasiya cəhdləri və Rusiya ilə münasibətləri yenidən formatlama təşəbbüsləri son aylarda geopolitik ziddiyyətlərin əsas qaynağına çevrilib.

88deec23e572911d3d2c12bf0079efbd.jpg (149 KB)

Bu baxımdan, erməni baş nazirin Moskvada Qələbə Paradında iştirakı və paralel olaraq, Rusiya ilə əlaqələrin bərpasına dair işarələr, Ermənistanın Qərbdən uzaqlaşaraq, yenidən Rusiyanın orbitinə dönməsi ehtimalını artırır. Əgər, bu geriyə dönüş reallaşarsa, onun müəyyən geopolitik nəticələri və regional proseslərə təsirləri də qətiyyən istisna deyil. Və bu baxımdan, Ermənistanın Rusiyanın orbitinə geriyə dönüş seçiminin hansı məcburiyyətdən qaynaqlandığı da maraq doğurur.

Ermənistanın Rusiya ilə maliyyə-iqtisadi və hərbi-siyasi struktur asılılığı rəsmi İrəvanın geopolitik manevr imkanlarını xeyli məhdudlaşdırır. Enerji təhlükəsizliyi, ticarət əlaqələri, miqrantların pul köçürmələri və hərbi asılılıq Ermənistanın Rusiya ilə əlaqələrini tamamilə kəsməsini real olmayan hədəfə çevirir. Qərblə inteqrasiya cəhdlərinə baxmayaraq, Ermənistan bu sahədə konkret təhlükəsizlik təminatı ala bilməyib. ABŞ və Avropa Birliyinin siyasi dəstəyi daha çox "növbətçi bəyanatlar" səviyyəsində qalıb. Və rəsmi İrəvana vəd edilən praktik hərbi və iqtisadi zəmanətlər isə qətiyyən yetərli olmayıb.

İkinci Qarabağ savaşında biabırçı məğlubiyyətdən sonra ölkə daxilində siyasi mövqeləri ciddi şəkildə zəifləmiş Paşinyan hakimiyyəti üçün Rusiya ilə münasibətlərin qismən də olsa, bərpa edilməsi Ermənistan cəmiyyətində sabitliyin qorunması baxımından da böyük önəm daşıyır. Ona görə də, Moskvadakı Qələbə Paradına qatılmaq kimi simvolik jestlər əslində, bu istiqamətdə verilmiş mesajların yalnız başlanğıc dalğası da hesab oluna bilər. Və bu, o deməkdir ki, rəsmi İrəvan yaxın vaxtlarda Kremlin pozitiv münasibətinə nail olmaq üçün daha cəlbedici siyasi qərarlar verməli olacaq.

1193401.jpg (98 KB)

Məsələ ondadır ki, Ermənistanın hazırkı vəziyyəti balanslı xarici siyasətin artıq mümkün olmadığını göstərir. Rusiya və Qərb arasında artan geopolitik qarşıdurma fonunda tərəfsiz qalmaq cəhdləri rəsmi İrəvan üçün artıq uğursuz strategiya kimi görünür. Yəni, Ermənistan üçün bu balansın qorunması həm daxili siyasi sabitlik, həm də iqtisadi inkişaf üçün önəmli olsa da, real şərait belə bir siyasətin həyata keçirilməsinə imkan vermir.

Əgər, Paşinyan hakimiyyəti Qərblə əlaqələri zəiflədərək, Rusiyaya doğru addımlamağı davam etdirərsə, bu, balans siyasətinin sonu demək olacaq. Bu, son nəticədə Ermənistanın ümumiyyətlə, Rusiyanın qeyri-rəsmi quberniyasına çevrilməsinə də münbit şərait yarada bilər. Və rəsmi İrəvanın belə radikal geopolitik seçimə cəsarət göstərməsi isə istənilən halda, Qərb siyasi dairələrinin sərt reaksiyasına yol açacaq.

Təbii ki, Ermənistanın Rusiya orbitinə qayıtması Qərbdə onunla bağlı mövcud ermənipərəst yanaşmanın ciddi zəifləməsinə səbəb ola bilər. ABŞ və Avropa Birliyi demokratiya və insan hüquqları kimi dəyərlərin üzərindən xarici siyasət yürüdür. Ermənistanın bu dəyərlərdən imtina etməsi və Rusiya ilə yaxınlaşması Qərb qurumlarında ona olan ənənəvi simpatiyanı azaldacaq.

f2ed92dd-ee43-48fd-8b76-c3690e0f2df0.jpg (283 KB)

Üstəlik, Gürcüstan, Moldova və Ukrayna kimi ölkələr Qərb siyasi dairələri ilə əməkdaşlıqda daha ardıcıl olduqları üçün Ermənistan bu ölkələrin fonunda diqqətdən kənarda qala bilər. Belə vəziyyətdə isə Qərb qurumlarının Ermənistana göstərdiyi yardımlar tədricən daha çox simvolik və humanitar xarakter daşıyacaq, strateji əməkdaşlıq isə ümumiyyətlə, məhdudlaşdırılacaq. Və nəticədə Ermənistanın Rusiya təsirindən uzaqlaşma şansı həmişəlik itirilmiş olacaq.

Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistan cəmiyyətində Qərb və Rusiya tərəfdarları arasında dərin siyasi-ideoloji parçalanma mövcuddur. Rusiya ilə yaxınlaşma cəhdləri bu parçalanmanı daha da dərinləşdirə və daxili qarşıdurmaları alovlandıra bilər. Bu isə Ermənistanda daxili sabitliyə və islahat potensialına sarsıdıcı zərbə vuracaq. Hazırda cəmiyyətdə və siyasi müstəvidə Rusiyanın təsirindən narahat olan, Qərbə yönəlməni dəstəkləyən qruplaşmalar mövcuddur. Ancaq onların təşkilatlanması və qərarverici proseslərə təsiri zəifdir. Bu da Ermənistanın strateji seçimlərinin daha çox hakim elitaların və xarici təzyiqlərin yönəldiyi şəkildə formalaşmasına gətirib çıxarır.

Bütün bunlar onu göstərir ki, Ermənistan hazırda ciddi geopolitik dönüş nöqtəsindədir. Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətləri yenidən aktivləşdirməsi, balans siyasətindən geri çəkilmə və Qərbə inteqrasiya kursundan uzaqlaşma kimi də qəbul edilə bilər. Bu, Ermənistanın həm strateji müstəqilliyi, həm də Qərblə münasibətlər baxımından, olduqca risklidir. Və bu baxımdan, Ermənistanın xarici himayədar seçiminə növbəti dəfə düzəliş etmək niyyəti rəsmi İrəvan üçün yeni geopolitik problemlər vəd edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR