İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin qəfil Moskva səfəri - Rusiya doğrudanmı separatçıların ümidinə qalıb?

Kremlin davranışlarına Bakıdan sərt reaksiyalar: “Bunu ruslara başa salıb, hərəkətə keçməliyik...”

Ermənistan mediası Xankəndidə, rus sülhməramlılarının məsuliyyət zonasında gizlənən separatçı tör-töküntülərin başçısı Araik Arutyunyanın Rusiyaya getməsi haqda xəbər yayıb. Məlumatda onun 25 oktyabr axşamı İrəvan-Moskva reysi ilə, “biznes-klass”da uçduğu bildirilib. Araikin hansı məqsədlə və niyə Rusiya paytaxtına yollandığı haqda dəqiq bilgi yoxdur.

Ancaq baş terrorçu İrəvandan qayıdandan sonra demişdi ki, “artsax”da silsilə görüşlər keçirəcək və Qarabağ ətrafında yaşanan son durumla bağlı müzakirələr aparacaq. Belə görünür ki, Arutyunyan hansısa planlarla bağlı təlimat almaqdan ötrü Moskvaya uçub. Media ehtimal edir ki, 1 noyabrdan erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın separatçıların “ikinci adamı” kimi “fəaliyyətə başlamasından” sonra Arutyunyan “konkret nə edəcəyini” müəyyənləşdirməyə çalışır. Buna görə də rusiyalı siyasətçilərlə görüşmək istəyir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Qarabağdakı ermənilər Ermənistanın hazırda çoxsaylı problemlərlə üzləşdiyini və belə vəziyyətdə onlara İrəvanın dəstək verə bilməyəcəyini anlayırlar. Ola bilsin Arutyunyanı Moskvaya istiqamətləndirən də elə İrəvanın özü və ya çarəsizliyidir.

Azərbaycanın axtarışa verdiyi A. Arutyunyanın “baş separatçı” funksiyasını Ruben Vardanyana ötürüb məsuliyyətdən yaxa qurtarmaq istədiyi və biznesini sataraq, aradan çıxmağa hazırlaşdığı haqda da ehtimallar səslənir. Az öncə o, başının dəstəsi ilə İrəvana getmiş və çətinliklə də olsa, Paşinyanla görüşmüşdü. Lakin “əli ətəyindən uzun” qayıtmışdı.

Bəs Moskvada onu kim qəbul edəcək və nə deyəcəklər? Üstəlik də Soçidə üçlü görüş ərəfəsi onun qəfil səfəri diqqət çəkir. Məlumdur ki, Kreml Brüssel sülh prosesindən ciddi şəkildə narazıdır və onu pozmaq planları qurur. Bu mənada Rusiya doğrudanmı indi yalnız separatçıların ümidinə qalıb?

“Past” erməni nəşri Moskvadakı mənbələrinə istinadən yazıb ki, guya Rusiyanın siyasi dairələri ilə “artsax” nümayəndələrinin səfəri ilə bağlı razılıq əldə olunub. “Bu məsələdə Rusiya rəhbərliyinə yaxın olan nüfuzlu Moskva erməniləri həlledici rol oynayıblar. ”Artsax" nümayəndə heyətinin Moskvada ən yüksək səviyyədə qəbul ediləcəyi barədə ilkin razılıq var", - deyə qəzet iddia edib.

Rusiyanın xüsusilə son davranışları kifayət qədər narahatlıq doğurur. Rusiya TV-lərində anti-Azərbaycan mövqelərin səslənməsinə Bakıdan kəsin reaksiya verilib. Amma Arutyunyanın Rusiyaya səfər etməsi faktının özü belə, Azərbaycana qarşı təhqirdir. Özü də “sülhməramlı” statusunda çıxış edən ölkədən söhbət gedir. Rusiya prezidentinin son çıxışlarından da belə görünür ki, şimal qonşumuz bölgədəki proseslərdə diqtəedici tərəf kimi çıxış etməyə çalışır. Azərbaycanın isə prinsipial mövqeyi var və bu mövqe hökumət başçısı tərəfindən də bəyan olunub.

“Azərbaycan Ermənistanla əməkdaşlığa və sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin bir qarış torpağından da əl çəkməyəcək”.

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ittihamlarına cavab olaraq deyib.

Ə.Əsədov bildirib ki, Azərbaycanın suveren ərazisi müzakirə olunmur və 44 günlük müharibədə qələbədən sonra Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini bəyan edib. “Azərbaycan öz torpaqlarını işğaldan azad edib və qonşu dövlətlə sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edib. Bundan irəli gələrək biz bu gün konstruktivizm çərçivəsində gündəlikdə duran məsələlər haqqında danışmağa çalışdıq. Lakin Ermənistan Baş nazirinin müavini tərəfindən ölkəmlə bağlı faktların qərəzli və kobud şəkildə təhrif edilməsi məni yenidən söz almağa məcbur etdi”, - Baş nazir bildirib.

Bütün bunları ümumiləşdirəndə Rusiya hansısa avantüraya gedərmi, həm də Soçi görüşü ərəfəsində?

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Arayikin “yüksək” səviyyədə qəbul ediləcəyi absurddur: “O, Kreml üçün çox xırda ”peşka"dır. Onunla görüşmək yox, baş separatçıya hansısa tapşırıqların veriləcəyi gözlənilir. Bu tapşırıqları da yəqin ki, xırda təlimatçılar verəcək. Bu səfər böyük ehtimalla Soçi görüşü ilə bağlıdır. Ona Soçidə əldə olunacaq razılaşmaların həyata keçirilməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməsi tapşırıla bilər. Və yaxud ola bilər ki, öz yerini Vardanyana təhvil verməsi tapşırılsın. Bunu Kremlin “separatçılar”ın ümidinə qalması, ya da xırda dələduzların əli ilə “böyük oyunlar” oynamaq kimi dəyərləndirmək olar".

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

A.Nağının sözlərinə görə, Rusiya regionda qalmaq üçün bu xırda dələduzlardan istifadə etmək zorundadır: “Əvvəlki təcrübələr göstərir ki, Moskva Abxaziya ”xırda"larından istifadə sdib Gürcüstana, sonra “dnr” və digər “xırda”lardan yararlanıb Ukraynaya girdi. Azərbaycan da bu cür ssenarilərdən sığortalanmayıb. Rusiya Ermənistandan çıxıb, Qarabağda “çiləkənləyə” bilər. Ermənilərin “Arsaxın təhlükəsizliyinin qarantı Rusiyadır” çağırışlarını daha tez-tez səsləndirməsi bu planın tərkib hissəsidir. Azərbaycan bu variantı nəzərdən qaçırmamalı, onun qarşısını almağa hazır olmalıdır. Bunu qabaqlamaq üçün nəyin bahasına olur-olsun çox tezliklə Xankəndinə girməliyik. Biz 10 noyabr bəyanatını imzalayarkən Rusiya sülhməramlılarının bölgədə 5 il qalmasına razılıq vermişik, bu, Xankəndinin həmin vaxt ərzində rus-erməni qüvvələrinin nəzarətində qalması anlamına gəlmir. Bunu ruslara başa salıb, hərəkətə keçməliyik".

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev Rusiya Prezidentinin “Valday klubu”nda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının Ermənistandan asılı olmasını bəyan etməsinə münasibətində maraqlı fikirlər söyləyib. Qeyd edib ki, Rusiya ilə dostluğa, onu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində ədalətli qərarlar qəbul etməyə inandırmağın mümkünlüyünə inanan bir şəxs kimi böyük təəssüf hissi keçirib: “İnanıram ki, tək mən yox, həm də Putinə inanan çoxlu sayda insan bundan təəssüfləndi. Mən əvvəllər də söyləyirdim ki, regionda marağı olan Rusiya münaqişəyə son qoyulmasında, digər güclər isə Türkiyə istisna olmaqla, münaqişənin ədalətli həllində maraqlı deyillər. 10 noyabr 2022-ci il sazişi də elə tərtib olunub ki, gələcəkdə bir çox məsələlər barədə razılığa gəlmək mümkün olmasın. Məsələn, yazıla bilərdi ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olacaq, amma yox, fərqli ifadələr işlətməklə Ermənistana manipulyasiyalar üçün yer qoyulub. Yaxud üçtərəfli Bəyannamənin birinci bəndində yazılmalı idi ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır. Vətən müharibəsi dövründə dəfələrlə mətbuata verdiyim açıqlamalarda qeyd edirdim ki, biz  Ermənistanla Azərbaycanın ərazi bütövlüyünün tanınmadığı heç bir sənədə imza atmamalıyıq. Amma bəzən güc faktorundan doğan acı reallıqlarla barışmalı oluruq.

Putin Rusiyanın Ukraynaya təcavüzündən sonra ikinci böyük səhvini etdi. Həm də sübut etdi ki, həm o, həm də müasir Rusiya dövləti istənilən vaxt sözünün və imzasının arxasından çox asanlıqla qaça bilir. Artıq əminliklə qəbul etmək olar ki, Rusiyanın imzaladığı sazişlərin dəyəri onun üzərinə köçürüldüyü kağız parçasından da dəyərsizdir. O cümlədən, Azərbaycanla 22 fevral 2022-ci ildə Moskvada imzalanmış müttəfiqlik münasibətlərinə dair Bəyannamə də".

Qüdrət Həsənquliyev: “Jurnalistlərə ordudan yazmağa imkan verilməlidir”

Qüdrət Həsənquliyev

Q.Həsənquliyev Moderator.az-a deyib ki, Rusiya ilə işləməkdə davam etməli, Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə, digər dost ölkələrlə  məsləhətləşmələrə başlamalı, silahlanmaya və peşəkar ordu quruculuğuna böyük pullar xərcləməliyik: “Tarixin elə məqamları olur ki, böyük dövlət adamları öz ölkəsinin gələcəyi naminə cəsarətli qərarlar qəbul etməli olur. Hesab edirəm ki, Ermənistan ilin sonuna qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalamasa, Azərbaycan Respublikasının Prezidenti Qarabağ üzərində suverenliyimizi bərpa etmək üçün haqqa-ədalətə, beynəlxalq hüquqa əsaslanan belə bir qərar qəbul etməli olacaq. Əks halda, Qarabağdan gözümüzü çəkməli, artıq ərazi bütövlüyümüzü tanımadığı və onu parçalamaq istədiyi üçün düşmən deyə biləcəyimiz ölkənin ordusunun Azərbaycanda yerləşməsi ilə barışmalı olacağıq”.

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha  da artacaq - Tural İsmayılov - "İki sahil"

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirdi ki, Arutyunyanın daim Rusiyaya getməsi faktının özü çox biabırçı faktdır: “Rusiya indiki məqamda belə, diplomatik etiket normalarına əməl etmir. Göz görə-görə Xankəndidən hansısa separatçının dayanmadan Rusiyaya gedib-gəlməyi rəsmi Moskvanın avantürasını göstərir. Təsəvvür edə bilərik ki, Azərbaycan hansısa çeçen separatçının səfərinə şərait yaradır? Ola bilər ki, Rusiya rəsmi şəkildə terrorçunu qəbul etmədiyini deyəcək. Amma Azərbaycanın beynəlxalq axtarışa verdiyi birisinin Rusiya səfəri özü də siyasi ayıbdır. Bundan başqa hansısa Vardanyan adlı Rusiya vətəndaşının Xankəndidə peyda olmağı da təsadüfi deyil. Rusiya həm Ukrayna müharibəsindən diqqəti parçalamaq, həm də öz mövcudluğunu qorumaq üçün hansısa yeni təxribatlara yaşıl işıq yandıra bilər”.

Rusiya prezidentinin “Valday”dakı dediklərinə gəldikdə, T.İsmayılov qeyd etdi ki, Putin Paşinyana mesaj verir ki, Qərb və Vaşinqtona yarınmaq cəhdləri Rusiyanın Ermənistandan üz çevirməsi demək olacaq: “Rusiya rəhbərinin bu tip açıqlamaları Azərbaycan cəmiyyətində narazılıq yaradır. Rəsmi Kreml artıq bütün əndazələri aşıb”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubundakı çıxışında Ermənistanı faktiki olaraq seçim etməyə çağırmışdı.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR