İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin bic davranışı - özünü həbsdən sığortalamaq üçün yeni cildə girir

Azərbaycan Qarabağdakı erməni sakinlərlə birgəyaşayış məsələlərini - reinteqrasiyanı müzakirə etmək üçün bütün mümkün olan addımları atır, pozitiv mövqe sərgiləyir. Artıq belə məlumat da var ki, Qarabağ ermənilərinin nümayəndələri birbaşa - vasitəçisiz təmaslara razıdırlar və bu yöndə görüş Yevlaxda keçirilə bilər.

Düzdür, hazırda separatçı rejimin başıpozuqları buna qarşı müqavimət göstərir, pozmağa çalışır. Ancaq görünən budur ki, ermənilər alternativləri olmadığının fərqindədir.

Hətta Qarabağdakı qanunsuz silahlı birləşmələrin rəhbəri, separatçı Araik Arutyunyan da bu reallığı dərk edib. Maraqlısı odur ki, Araik reinteqrasiya prosesində rol almağa çalışır.

Ermənistanın “Hraparak” qəzeti bununla bağlı məqalə yazıb.

 “Arutyunyan reallığı təqdim edərək və mötərizələr açaraq, ”artsax" teleşirkətinə eksklüziv müsahibə verəcəyini açıqlayıb. Bəziləri hesab edir ki, bu bəyanat və son addımları Arutyunyanın Azərbaycanla dialoqda bəzi məsələlərdə güzəştə getməyə hazır olduğunu göstərir. Artıq Rusiyanın dəstəyinə heç bir ümidləri olmadığı üçün başa düşürlər ki, Qarabağda qalan ermənilərlə nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər", - məlumatda deyilib.

Qeyd olunur ki, separatçılar yaxın gələcəkdə bu istiqamətdə müzakirə və qərar verəcək başqa bir “qurum” yaradacaqlar.

Araik konkret olaraq canidir, separatçı rejimin başçısıdır və Azərbaycan onu axtarışa verib. Onunla reinteqrasiya prosesinin müzakirəsi mümkün deyil. Yalnız dinc ermənilərlə bu haqda danışıla bilər. Görünür, Araik onu hansı tale gözlədiyini Vaqif Xaçaturyanın timsalında artıq anladığı üçün belə bic gedişlər edir, özünü reinteqrasiya tərəfdarı kimi göstərməyə çalışır, cəzadan qurtarmaq cəhdləri edir. Təbii ki, cani ilə masa arxasında oturulmayacaq.

Pentaqon generalları İrəvanda: intensivləşən səfərlərin pərdəarxasında  Azərbaycan “izi” - 2 rəy

Şəhla Cəlilzadə: “Artıq “separatizm oyunu" bitib, indi...”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, Araik Arutyunyanın qondarma rejimin rəhbəri postundan getməsi üçün geri sayım başlayıb: “Artıq ”separatizm oyunu" bitib. İndi növbəti raundda (reinteqrasiya prosesi) o, maksimum təhlükəsizlik sığortası ilə özünü qurtarmağa çalışacaq. Onun bu ilin fevral ayında geniş ictimaiyyətə mesaj verəcəyi maraqla gözlənilərkən, çıxıb Ruben Vardanyanı vəzifəsindən uzaqlaşdırdığını açıqladığını gördük. O, Azərbaycan Prezidentinin sərt iradəsi qarşısında geri çəkilməyə məcbur olmuşdu. Bu dəfə də belə olacağı gözlənilir. Çünki erməni ekspertlərin etirafına görə Ermənistan hakimiyyətində artıq Arutyunyanın çağırışlarına cavab verən yoxdur. Bu yaxınlarda o, Rusiya prezidenti Putinə də müraciət yolladı, öz kiçik aləmində Putini “təhdid etdi”, Azərbaycanın Laçın yolunda leqal olaraq qurduğu postu ləğv etməzsə, Rusiyaya alternativ variantlar üzərində düşünəcəyini bildirdi. Bəs nədir o alternativ? Təbii olaraq öz canını qurtarmaq üçün Azərbaycanın şərtlərini qəbul etmək. Maraqlıdır ki, erməni şərhçi Edik Baqdasaryan bu yaxınlarda açıqlama vermişdi ki, Arutyunyanı Xocalıda Azərbaycan polisinə təhvil verəcəklər. O, DİN maşınında aparılıb dindirilərkən Azərbaycan-Ermənistanla sülh sazişi imzalayacaq. Araiki bağışlayıb-bağışlamamaq qərarı Bakıda veriləcək. Prezident İlham Əliyevin bu yaxında Laçında səsləndirdiyi fikirləri yada salaq. O, təslim olan qondarma rejimin siyasilərinə amnistiya veriləcəyini bildirmişdi. Odur ki, Araik bir yandan qlobal erməni şəbəkəsinə daxil olan hamilərinin təzyiqi altında Ermənistan-Azərbaycan sülhünü və Qarabağın Azərbaycan tərkibində olmasını qəbul etməzkən, digər yandan öz canını qurtarmaq üçün reinteqrasiyaya razılıq verə bilər. Hər halda alternativin nə olduğu tezliklə bəlli olacaq. Bu açıqlama əsasında o, həm də öz taleyini müəyyənləşdirəcək".

IMG-20230805-WA0039.jpg (29 KB)

Tural Turan: “Bu çarəsizlikləri təkcə Araik yox, həm də...”

Politoloq Tural Turan Araikin bir vaxt Azərbaycana təhvil verilməsini tamamilə mümkün sayır: “Ötən ilin 12 dekabrında Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların uzunmüddətli aksiyaları Xankəndindəki separatçıların, o cümlədən, rusiyalı ”sülhməramlıların" ətəyinin altında gizlənən baş terrorçu Araik Arutyunyanın çarəsizliklərini növbəti mərhələyə daşıdı. Artıq Araik Arutyunyan üçün tam çıxılmaz durumdadır. Rəsmi Bakı həm diplomatik, həm də hərbi-siyasi addımları ilə Xankəndidəki separatçıların bütün manevr imkanlarını bloklayıb. Araik Arutyunyan ötən müddət ərzində başa düşdü ki, Bakı və Ankara ikiliyinin qətiyyəti qarşısında nə Qərb, nə də Kreml duruş gətirmək iqtidarında deyil. Xankəndidəki baş terrorçunun Avropadan və Rusiyanın hakim dairələrindən gözləntiləri suya düşdü. Bu çarəsizlikləri təkcə Araik yox, həm də buxov altında saxladığı sadə ermənilər də görməkdə idi. Sadə xalq Azərbaycanın mərkəzi hökumətinə qarşı dirənişin mümkünsüzlüyü dərk edərək Bakıya gizli zənglər edirdilər. Onlar rusiyalı sülhməramlıların, eləcə də Xankəndidəki hərbi xuntanın özbaşınalıqlarından bezdiyini dilə gətirirdilər. Üstəlik, Azərbaycan vətəndaşlığını qəbul edərək dövlətimizin onlar üçün yaradacağı imkanlardan yararlanmaq istədiklərini vurğulayırdılar. Rus kəşfiyyatı çox güman ki, hər gün Bakıya edilən zənglərin durmadan artması və onların sayı barədə Araiki məlumatlandırıb. Belə olan halda, Araikin Bakının tələbləri qarşısında geri çəkilməsi, bunu ən məqbul variant hesab etməsi də normaldır. Baş terrorçu yaxşı başa düşür ki, Bakının ikinci dəmir yumruğu onun başı üzərində hərlənir. Əgər mənasız “dirənişi” davam etdirərək və Azərbaycan tərəfinin inteqrasiya addımlarına süni maneə yaradarsa, bu dəfə onu hazırda gizləndiyi “sülhməramlıların uzun ətəyi” də xilas etməyəcək. Araik onu da yaxşı anlayır ki, Moskvanın Güney Qafqazdakı maraqlarını tapdasa və Kremlin “qırmızı xəttini” özbaşına tapdalasa, o zaman özü və “yandaşları” daha betər faciələr yaşaya bilər. Hətta rusların müəyyən siyasi mənfəət qarşılığında Arutyunyanı qandallayıb Bakıya təhvil verməsi də mümkündür. Vaxtilə Rusiya qoynunda qucaq açdığı üsyançı polkovnik Surət Hüseynovu da Bakının dirənişi qarşısında aciz qalaraq Azərbaycana təhvil vermişdi. Bu kimi halları Araik Arutyunyan da çox yaxşı dərk edir. Rəsmi Bakının beynəlxalq axtarışa verdiyi və əli Gəncədə, Bərdədə, Tərtərdə, Ağcabədidə dinc əhalinin qanına bulaşmış birinin Avropada da dinclik tapmayacağının fərqindədir. Ona görə də, terrorçu Vaqif Xaçaturyanın abiqətini yaşayacağını Araik çox gözəl anlayır. Bu baxımdan, “loyal” hesab etdiyi addımlar atmaqla bəri başdan cəzasını yüngülləşdirməyə çalışır. Amma Azərbaycan qanunları ilə mühakimə olunacağı ilə barışıb. Baş terrorçu onun da fərqindədir ki, Bakıya qarşı aşırı itaətsizlik Azərbaycanın himayəsinə keçmək istəyən sadə ermənilərin də ona qarşı qəzəbini alovlandıra bilər. Bu isə onun və yandaşlarının daha rüsvayçı sonluğu deməkdir".

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə: “Xaçaturyanın aqibəti digərlərini gözləyir”

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Azərbaycan reinteqrasiya siyasətini həyata keçirir: “Buna qarşı separatçılar təxribatlar həyata keçirir. Qeyd edim ki, Araik Arutyunyan Rusiyadan və Ermənistandan təlimatlar alaraq addımlar həyata keçirir. Xankəndindən Laçına keçirilən mitinq şou da Araikin təlimatı il baş verir. Hesab edirəm ki, Araik Azərbaycanla birbaşa təmaslara getməyəcək. O, son anda Qarabağı tərk edəcək. Ümumiyyətlə, reinteqrasiya siyasətini Azərbaycan uğurla davam etdirəcək. Buna mane olanlar sonda cəzalanacaq. Azərbaycan erməni icması ilə Yevlaxda görüşün keçirilməsi üçün addımlar atır. Qeyd edim ki, erməni icması ilə Azərbaycan təmasları quracaq. Amma, burada Araik olacaqsa, həbs edilə bilər. Çünki həbs edilməsi üçün də ciddi faktlar var Düşünürəm ki, Azərbaycan tərəfi prosesləri davam etdirməklə, silahlı erməni birləşmələrini də zərərləşdirəcək. Vaqif Xaçaturyanın aqibəti digərlərini gözləyir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR