İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Xankəndində özünə qəbir qazdırır

Terrorçubaşı yeraltı bunkerlər tikdirir və onun çıxışı İrəvanda revanşistlərin sərsəm arzuları ilə səsləşir; ayaqqabısını Şuşada qoyub yalın ayaqla qaçan Arutyunyan  o günləri tez “unudub”

Ermənistanda revanşistlərin aksiyaları fonunda Qarabağdakı torpaqlarımıza sığınmış erməni köçmənləri də əlini və dilini dinc saxlamırlar. “Yeni Müsavat”ın xəbərinə görə, erməni separatçılarının lideri Araik Arutyunyan İrəvandan gələn “ziyalılarla” görüşündə deyib ki, Qarabağda 17 yeraltı istehkam tikirlər.

 “Hraparak” qəzeti yazır ki, A.Arutyunyan bunları deyib: “İkinci Qarabağ savaşından əvvəl yeraltı istehkamlar, bunkerlər tikmək qərarına gəldik, çünki müharibənin qaçılmaz olduğunu bilirdik. Düşmənin hücumu zamanı güclü müdafiəni təmin edəcək 100 belə müdafiə strukturunun tikilməsi nəzərdə tutulmuşdu. Onlardan 17-nin tikintisinə artıq başlanılıb, birində isə işlər başa çatmaq üzrədir. Bu bunkerdən müharibə zamanı da istifadə olunub. 44 gün ərzində bu mövqedə heç bir itki olmayıb”.

Araik onu da iddia edib ki, əgər müharibə altı ay sonra başlasaydı, bu yeraltı istehkamlar tikiləcəkdi və qurbanların sayı az olacaqdı, çünki sentyabrın 28-də artıq bütün tikinti işləri dayandırıldı. Separatçıların başçısının yeni müharibə hazırlığı kimi yozulacaq bu açıqlaması İrəvanda toplaşmış revanşist ermənilərin sərsəm “artsax torpaqlarını azad etmək” arzuları ilə üst-üstə düşür. Müharibədə ayaqqabısını Şuşada qoyub Xankəndinə yalın ayaqla qaçan Araik, görünür, o günləri “unudub”. İndi də bu davranışları - istehkamlar qazması ilə əslində özünə qəbir qazır, oradakı bədbəxt ermənilərin də sonunu yaxınlaşdırır.

Bəzi ekspertlərə görə, Rusiyanın Donbasda separatçı qurumlara dəstəyi Araiki və onun başıpozuq dəstəsini “havalandırıb”. Müharibə yeraltı istehkamlarda baş girləməklə yox, hərb meydanında qazanılır. Araik guya erməni əhalisini və silahlı dəstələrini Azərbaycan Ordusundan “qorumaq” üçün yeni bunkerlər tikdirir. Amma 44 gündə siçan deşiyində gizlənmiş terrorçu rejimin başçısı, deyəsən, xatırlaya bilmir ki, həmin istehkamları da dağıdacaq yüksək səviyyəli texniki imkanlara malik ordumuz var. Üstəlik, təkcə Hadrutda olan “Komandos” briqadamızın peşəkar əməliyyatı kifayət edir ki, Xankəndi və ətrafda yuva salmış quldur-qaçaq, terrorçu dəstələri təmizləyək.

Ona görə Araik əbəs yerə əziyyət verib istehkamlar qazdırır, pul xərcləyir. Bir antiterror əməliyyatı qədər canları var. Bununla belə, Azərbaycan tələsmir, diplomatik yolla məsələni həll etməyə çalışır ki, bölgədə gərginlik yaranmasın. Ona görə həmin dəstələrin çıxması üçün üçtərəfli bəyanatın 4-cü bəndinin icrasını tələb edirik. Əgər səbir kasası daşsa, onlar silahla çıxarılacaqlar. Görünür, Araik dinc yolla, sözlə başa düşmək istəmir, 10 noyabr sənədini müddəalarını saymır və yeni savaşa hazırlaşır. Əks təqdirdə, bunkerlər tikdirməyə başlamazdı.

Oxu.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov 

Polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bunkerlərin heç nəyi həll etmədiyini vurğuladı. Onun sözlərinə görə, bu tikintilər rus-erməni birliyinin Azərbaycana “əzələ nümayişi”dir. Ü.Cəfərov hesab edir ki, Araik bunkerin lap 100-nü tiksin, onun nəsə etmək gücü yoxdur: “Xarici İşlər naziri Ceyhun Bayramov mayın 10-da dedi ki, sülhməramlılar üzərinə düşəni yerinə yetirir. Amma sülhməramlılar məhz Araik və qüvvələrini bölgədən çıxarmalıydı. Bundan əlavə, 9 maydan 10-na keçən gecə atəşkəsi pozublar, Kəlbəcərin Yuxarı Ayrım kəndini atəşə tutublar. Bununla heç nəyə nail ola bilmirlər, cavab atəşi ilə susdurulurlar, amma təxribat edirlər, gərginlik yaradırlar. Guya nəyə nail olurlar ki?! Ona görə Araik də istehkamlar qazmaqla heç nə əldə edə bilməz”. Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan diplomatik yollarla səngərlərin qazılmasını dayandırıb və ordumuz hər şeyə nəzarət edir: “Bizim problem o yaramazları Qarabağdan uzaqlaşdırmaqdır. Buna da imkan vermirlər. İmkan verməyən də Rusiyadır və separatçılar Ukraynada baş verənlərdən həvəslənirlər. Amma yaxın zamanlarda biz daha ciddi proseslərə şahid olacağıq”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistanda müxalifətin qondarma “arsax”ın “əski parçası”nı müxtəlif yerlərdə nümayiş etdirmək istəyinə elə ermənilərin özləri etiraz edir: “Müxalifətin aksiyaya başladığı ilk günlərdə ”Fransa meydanı"nda separatçıların “əski parçası”nı cırmışdılar. Daha sonra parlamentdə Seyran Ohanyanın “əski parçasını” tribunada sərgiləyəndə Paşinyanın deputatları “əski parçasını” götürdülər. Müxalifəti dəstəkləyənlər “əski parçasını” liftə yapışdırsalar da, elə yerli sakinlər tərəfindən üzəri cızılıb. Ermənistanda əhalinin müəyyən hissəsi, son seçkilərdə Paşinyanın 50 faizdən çox səslə qalib gəlməsi bunun böyük say olduğunu deməyə əsas verir, Qarabağ yükündən tamamilə azad olmaq istəyirlər və artıq bunu əməli şəkildə büruzə verirlər. Ona görə də Araikin addımları müharibəyə hazırlıq sayıla bilməz və onun nəsə etmək gücü yoxdur. Bundan əlavə, Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb. “Qarabağ münaqişəsinin” hələ də qaldığını iddia edən Qriqoryan əlavə edib ki, məsələnin həllini ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsində görürlər və Azərbaycanla bunu müzakirə edəcəklər. Masada artıq “statusun” yox, “təhlükəsizliyin təminatı” məsələsinin olduğu bəllidir və rəsmi Bakı əvvəldən ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatına zəmanət verdiyini açıqlayıb. Bu punkt separatçı-terrorçu rejimə aid deyil".

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə, onlara ümid verənlər var. QAT sədri deyir ki, İkinci Qarabağ müharibəsindən sonra separatçıların orada özlərini saxlaması öz güclərinə deyil: “İrəvanla Xankəndi arasında qarşıdurma olduğu barədə görüntü yaradırlar. Bu məsələlərdə İrəvan məsuliyyəti Xankəndinin üzərinə atır, guya onların ”müstəqil qərar" qəbul etdiklərini diqqətə çatdırmaq istəyir. Amma orada məsələlər Ermənistandan idarə olunur. Bütün tapşırıqlar rəsmi İrəvandan gəlir, yoxsa separatçılar orada heç nəyi özbaşlarına etmirlər. Əgər ona göstəriş gəlməsəydi, Araik Arutyunyan özbaşına heç nə edə bilməzdi, heç buna onun qüvvəsi də yoxdur. Araikin orada 17 istehkam tikdiklərinə dair dedikləri blef xarakteri daşıyır".

A.Nağının sözlərinə görə, guya separatçılar orada hansısa istehkamlar qururlar, hansısa hazırlıq, müdafiə işləri aparırlar: “Çox böyük ehtimalla, orada heç bir ciddi iş gedə bilməz, getsə də bu onların öz gücü hesabına ola bilməz. Yəni Rusiya sülhməramlıları özləri orada bu işləri həyata keçirə bilərlər. Orada separatçıların özlərinin öz güclərinə hansısa istehkamlar tikməsi mümkün deyil. Bunu sülhməramlıların öz niyyətlərini həyata keçirmək üçün edə bilərlər. Yəni bunu onlar edə bilər, Araik yox. Araikin heç bir imkanı yoxdur”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR