İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik öldürüləcəyini deyir - Avropanı dolaşan separatçıbaşının əsas qorxusu

Şuşa-Xankəndi yolunda azərbaycanlıların davam edən dinc aksiyası Rusiya sülhməramlılarının müvəqqəti təsir dairəsində gizlənən Qarabağ separatçılarının kürkünə yenidən birə salıb. Onlar artıq hiss ediblər ki, Azərbaycanın səbri sonsuz deyil və etiraz aksiyası daralmaqda olan mühasirənin növbəti təzahürüdür.

Kifayət qədər anlayırlar ki, bu dinc aksiyanın ardınca çox da uzaqda olmayan “Bayraktar”lar, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri, komandoslar “Şeytan yuvası”na qəfil təşrif buyura bilər - rusdan icazə-filan almadan! Düzdür,  özlərini o yerə qoymamağa çalışırlar. Çünki qorxurlar ki, əks halda Xankəndidə erməni qalmaz. Onsuz da gec-tez orada Azərbaycan vətəndaşı olmayan bir erməni də qalmayacaq. Bakı Qarabağda paralel dövlət strukturlarının (ordu, polis, parlament, təhlükəsizlik xidməti və s.) yaranmasına əsla imkan verməyəcək. Baş separatçı Araik Arutyunyan dəstəsi ilə Fransada xeyli süləndi. Amma lap Araiki ABŞ Prezidenti Bayden qəbul eləsin, xeyri yoxdur! Odur ki, ərazimizdəki separatçı-cinayətkar ünsürlərin qalıqları gerçəyi nə qədər tez və təhrifsiz dərk eləsələr, bir o qədər özlərinə yaxşılıq eləmiş olarlar. Əfsus ki, bu dərk ağır gedir. Separatçılar xəyal dünyasından hələ də ayrıla bilmirlər - başlarının üstündəki “Demokl qılıncı” aybaay aşağı ensə də. Bu da daha bir fakt. Qoltuğunda “qarpız” Fransadan təzəcə qayıdan quldurbaşı Araik Arutyunyan Laçın yolundakı etiraz aksiyası ilə bağlı deyib ki, Azərbaycanın tələbləri ekoloji xarakterli deyil. O iddia edib ki, guya Xankəndidə Vardanyanın çirkli pulları hesabına düzənlənən son mitinq (diqqət: niyə üç gündür Xankəndidə eyni kütləviliyi görmürük?), həmçinin Ruben Vardanyanın guya “dövlət naziri” təyin edilməsi və “artsax prezidenti”nin Fransaya səfəri Azərbaycanda çox ağrılı qarşılanıb, hətta Bakını şoka salıb. “Mənə və digər insanlara qarşı çoxlu təhdidlər oldu”, - Araik bildirib. “Bakıda "artsax"ın öz müqəddəratını təyinetmə siyasətindən əl çəkəcəyi ilə bağlı stereotip var. Provokativ hərəkətlər nəticə verməyəcək. Stepanakert (Xankəndi - red.) birtərəfli güzəştə getməyəcək. "Artsax" hakimiyyəti də tələblər irəli sürüb. Biz çox konstruktiv yanaşma nümayiş etdirdik, lakin bütün təkliflərimiz rədd edildi, çünki Bakının məqsədi ilkin olaraq ətraf mühitin monitorinqi deyil, yolu bağlamaq idi, əks halda, onlar bizim təkliflərimizi qəbul edərdilər”, - deyə Arutyunyan çərənləyib. Ardınca da özünə və Qarabağda qalmış erməni əhaliyə təsəlli tonunda bildirib: “Biz ümidsiz olmamalıyıq. Başa düşməliyik ki, təzyiq altında hansısa güzəştə getsək, o zaman bizdən növbəti güzəşt tələb olunacaq. İndiyə qədər heç bir güzəştə getməmişik. Heç vaxt məsələləri birtərəfli qaydada və ya zorla həll etməmişik. Həmişə söhbətlər olurdu, nəticədə biz razılığa gəlirdik, o cümlədən Sərsəngin infrastrukturu, suyundan istifadə ilə bağlı məsələlərdə. Həmişə dialoq olub, amma bu dəfə o pozulub”. Görəsən, hansı dialoqdan söhbət gedir? Bəli, indiyədək müəyyən təmaslar olub. Lakin iki bərabər subyektin danışıq formatında yox. Araik bununla nəyə işarə vurur? Hər halda, sərsəmləmə də olsa, ortaya çıxan sualların cavablarını axtarmaqda fayda var. Ən əsası ona görə ki, separatçıları danışdıranlar var, öz iradələri deyil ortadakı. Əks halda, onlar çoxdan cəhənnəm olub getmişdilər Azərbaycan ərazilərindən.

Budur, Qarabağdakı separatçılardan biri, oyuncaq qurumun saxta “dövlət nazirinin məsləhətçisi” Artak Beqlaryan Laçın yolunun bağlanması səbəbindən Xankəndi şəhərinə qayıda bilmədiyini deyib və 14 dekabrdan etibarən BMT-nin İrəvan ofisinin qarşısında fasiləsiz oturaq aksiyaya başladığını elan edib. Erməni quldur Azərbaycanın “artsax”ı “blokadaya” aldığı barədə gülünc iddia irəli sürüb. O, hətta BMT Təhlükəsizlik Şurasını da işə qarışmağa çağırıb. Təsəvvür edin, 30 ilə yaxın BMT TŞ-nin qətnamələrini tapdaq edən, saya salmayan canilər bu gün utanmazcasına bu quruma müraciət edirlər, özü də cəfəng iddialarla. Həyasızlığın son həddidir.

Ancaq təkcə bu da deyil. Belə ki, bütün ermənilərin katolikosu II Qaregin xristian kilsələrinin, beynəlxalq və dinlərarası təşkilatların rəhbərlərinə “Azərbaycanın Laçın dəhlizindəki hərəkətlərinə qarşı çıxmağa və "artsax"da humanitar fəlakətin qarşısını almağa” çağırış edib. “Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumatda deyilir ki, erməni katalikosu Azərbaycanın mənəvi lideri Allahşükür Paşazadəni də bu cür təxribatların qarşısını almaq üçün maddi və əsaslı addımlar atmağa çağırıb. İddia edib ki, "artsax xalqı"nın həyat hüquqları təhlükə altındadır, çünki humanitar fəlakət yaranır. Katolikos absurdcasına Bakını “ermənifobiya siyasəti” nümayiş etdirməkdə günahlandırıb. Sonda isə “Azərbaycanın tərkibində "artsax"ın olması mümkün deyil”, - II Qaregin bildirib.  Baxın, hələ erməni din adamı bu cür sərsəm düşüncələrə sahibdirsə, deməli, onların islah olunması mümkünsüzdür. Belə olduğu halda A.Arutyunyanın sərsəm iddiaları təəccüb doğurmur. Bu gün Xankəndidə separatçılar bildiriblər ki, Laçın yolunun qapadılması və Qarabağda qaz təchizatının kəsilməsi səbəbindən benzin, dizel yanacağı, maye və sıxılmış qaz qıtlığı yaranıb. “Azəriqaz” rəsmən bəyan edib ki, Azərbaycanın bu bölgədə mavi yanacağın təchizatının dayanması ilə heç bir əlaqəsi yoxdur. Yəni ermənilər günahkarı başqa yerdə axtarsınlar. Əslində hadisələrin bu həddə çatmasında Xankəndidəki separatçı-terrorçu rejim günahkardır. Bu gün Qarabağdakı mülki ermənilərin əziyyət çəkməsinin səbəbkarı ilk növbədə separatçılar, qondarma rejimin təmsilçiləridir. Faktiki olaraq Qarabağdakı mülki ermənilər girovluqdadır - erməni separatçı qurumun, buradakı terrorçu silahlı dəstələrin, üstəlik də bölgədə sülhməramlı missiyanı yerinə yetirməli olduğu halda, destruktiv rol oynayan hərbi kontingentin. Bu mənada erməni əhalinin xilası ilk növbədə Azərbaycanın maraqları çərçivəsindədir. Çünki söhbət Azərbaycanın milli təhlükəsizliyinin təhdid edilməsi ilə yanaşı, Azərbaycan vətəndaşlığını daşımaq şansı olan dinc insanların xilasından gedir. Məlum olduğu kimi, Azərbaycanın müvafiq qurumlarının Xankəndinə dəmir yolu xəttinin çəkilməsi istiqamətində də planları mövcuddur. Xankəndi ilə Bakı arasında dəmir yolu rabitəsinin qurulmasında maraqlı olduğumuz halda, heç şübhəsiz ki, burada yaşayan dinc insanlara problem yaratmaq niyyətimiz ola bilməzdi. Bu mənada ermənilər düşmənlərini öz içərilərində axtarsınlar. İstisna deyil ki, Araik və onun kimi canilər günün birində Xankəndinin mərkəzində erməni əhali tərəfindən edam olunacağından ehtiyatlandığı üçün heç Qarabağa qayıtmağa maraqlı da deyil. Odur ki, “öldürüləcəyi” barədə iddiaları gündəmə ötürür...

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, keçirilən aksiyalar bir daha ermənilərin və onların havadarlarının əsl sifətini göstərir və iç üzünü açır: “Aksiya iştirakçılarının tələbləri ən yaxın bir zamanda həllini tapa bilər. Bu tələblərin həllinə isə asanlıqla nail olmaq mümkündür. Tələblər sadədir: general-mayor Andrey Volkovla görüşüb tələbləri çatdırmaq və zəmanət alaraq öz ərazimizdə ekomonitorinq aparmaq. Məgər bu, çətin bir problemdir?”

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev: “Dünyanın harasında olsalar, əvvəl-axır törətdikləri çoxsaylı cinayətlərə görə məsuliyyətə cəlb ediləcəklər”

A.Nağıyev qeyd etdi ki, Laçın yolunun Azərbaycan tərəfindən bağlandığı barədə iddia əsassızdır: “Cənab Hikmət Hacıyev çox düzgün vurğuladı ki, yolu məhz Rusiya sülhməramlıları bağlayıb. Sülhməramlılar ermənilər üçün özlərinin dediyi kimi, "humanitar fəlakət" yaradıblar. Eyni zamanda quldurbaşı Araik Arutyunyan da bu məsələləri siyasiləşdirməyə çalışır, özü və Vardanyanın qanunsuz fəaliyyəti ilə əlaqələndirir. Yəni dünya ictimaiyyəti xəbərsiz deyil ki, Vardanyanı Rusiya gətirib, Araik qanunsuz fəaliyyət göstərir, Fransaya qanunsuz səfərlər edib, ianə toplayır. Bütün bunların keçirilən aksiyaya nə dəxli var ki?" Deputatın sözlərinə görə, ermənilərin istəyi odur ki, Azərbaycanın monitorinqlə bağlı rəsmi təmsilçiləri ilə görüş keçirsinlər və özlərinin “legitimliyini” göstərsinlər. Bu, alınan məsələ deyil, niyyətləri “status” adı altında ancaq siyasi gedişlər etmək və öz qanunsuz hakimiyyətlərini saxlamaqdır. Vətəndaşın taleyini düşünən birisi bunun sonunun nə ilə nəticələnəcəyini də fikirləşməlidir. Ancaq əksinə olaraq, yalnız öz talelərini və yığdıqları sərvəti qorumaq üçün addımlar atırlar. Onların son ümid yeri sülhməramlılar tərəfindən qorunmaqdır. Bununla da ərazidə daimi şəkildə qalmaq istəyirlər. Əks halda, dünyanın harasında olsalar, əvvəl-axır törətdikləri çoxsaylı cinayətlərə görə məsuliyyətə cəlb ediləcəklər".

A.Nağıyev dedi ki, Araik Arutyunyanın ikitərəfli danışıqlarla bağlı mənasız söhbətləri də, razılıq və sair barədə iddiaları da cəfəngdir: “Bütün bunlar heç bir çərçivəyə sığmayan iddialardır. O cümlədən də Sərsəng su anbarı ilə bağlı dedikləri. Onun nə ixtiyarı var ki, Azərbaycan ərazisində olan su anbarı barədə hansısa söz desin? Ərazilərimiz 30 il işğalda saxlandığı dönəmdə yüzlərlə yaşayış məntəqəsi susuz qoyulub. Arutyunyan isə quldur dəstəsinə bəraət qazandırır. Rayonları susuzluqdan yandırıb, təbii sərvətlərini dağıdan, talayan bir qrupun başçısının nə etirazı ola bilər? Artıq torpaqların, təbii sərvətlərin əsl sahibləri gəlib və nəyin bahasına olursa-olsun monitorinqi də, istismarı da özü aparacaq. Erməni caniləri qorxudan əsas məsələ də budur”.

Ceyhun Məmmədov - Benefisiar

Ceyhun Məmmədov: “Bir azdan Xankəndidə Azərbaycan əleyhinə deyil, Ermənistan əleyhinə mitinqlərin şahidi olacağıq”

Deputat Ceyhun Məmmədov da hesab edir ki, Araikin son sərsəmləmələrinin heç bir mənası yoxdur: “O "ənənəsinə" sadiq qalaraq yenə yalanlar uydurmağa davam edir. Bu dəfə rus xalqının pullarını oğurlayaraq konkret təlimatlarla Qarabağa göndərilən Ruben Vardanyan, deyəsən, Araiki qabağa verib, ona sərsəmləmək imkanı yaradır. Bizim məqsədimiz Laçın yolunu bağlayıb, “soyqırımı” törətmək olsaydı, bunu çoxdan edərdik. Bunun üçün Azərbaycanın kifayət qədər əsasları və imkanları var. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır". C.Məmmədov əminliklə qeyd etdi ki, Azərbaycanın dövlət qurumları tez və ya gec Xankəndinə daxil olacaqlar: “Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərlə dialoqa hazırdır, ancaq Araik, Ruben Vardanyan və Samvel Babayanla yox. Azərbaycanın mövqeyi tam aydın və qətidir: biz qanunsuz istismar olunan ərazilərə baxış keçirmək istəyirik. Bu, bizim tam haqqımızdır. Ermənilər düşünürdülər ki, onlar Azərbaycanın sərvətlərini talamağa davam edəcəklər, biz də oturub tamaşa edəcəyik. Artıq o günlər arxada qaldı. Araik bu açıqlamalarında nə qədər nikbin görünməyə çalışsa da, onun isterikada olduğu və ümidsizliyi açıq-aydın hiss olunur. Araik özü də, Qarabağda yaşayan ermənilər də gözəl anlayırlar ki, artıq onlar üçün gerisayım başlayıb. Separatçılar nə qədər çalışsalar da, bu dəfə mülki erməniləri aldada bilməyəcəklər. Artıq hər şey göz qabağındadır. Mən əminəm ki, cinayətkar rejimin təzyiqləri olmasa, Xankəndidə yaşayan ermənilərin böyük qismi Azərbaycanın nəzarətində yaşamağa razılıq verərlər”. Ancaq deputat əmindir ki, artıq bu, zaman məsələsidir: “Hesab edirəm bir azdan Xankəndidə Azərbaycan əleyhinə deyil, Ermənistan əleyhinə mitinqlərin şahidi olacağıq. O gün uzaqda deyil”.

Millət vəkilinin dedikləri ilə razılaşmamaq olmur. Azərbaycanın müvafiq qurumları A.Arutyunyana qarşı 4 maddə ilə ittiham elan edib və onu İnterpol axtarışına verib. Bu caninin Fransada saxlanılacağını güman etmək olmazdı təbii ki... Amma cinayətlərinə görə mühakimə mütləq olacaq, geci-tezi var...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR