İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA qeydiyyat istəyir, sahibkar isə keyfiyyətli məhsul – AÇIQLAMA

Mətbuatda dərc olunan “Qoşqar Təhməzli Prezidentin dəstək verdiyi sahəni çökdürür” sərlövhəli yazı xeyli reaksiya doğurub. Qeyd edək ki, yazıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlara yaratdığı problemlər barədə məlumat verilib.

Həmin yazı ilə BURADAN tanış ola bilərsiz.

Musavat.com xəbər verir ki, AFN.az materialda əksini tapan məqamlarla bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənlinin mövqeyini öyrənib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Macarıstanda işgüzar səfərdə iştirak etdiyi üçün yazını gec oxuduğunu deyən M.Həsənli hər iki tərəfin öz haqlı məqamları olduğunu bildirib:

“Məsələ ondadır ki, Qida Təhlükəsizliyi Agentliyi də haqlıdır, sahibkarlar da. Mən düşünürəm ki, AQTA-nın burda səhvi yoxdur. Söhbət ondan gedir ki, Nazirlər Kabinetinin qərarı ilə respublikaya idxal olunan məhsulları istehsal edən müəssisələrin hamısı AQTA-da qeydiyyatdan keçməlidir. Qurum da bu qərarı əlində əsas tutaraq qeydiyyat tələb edir. Qeyd edim ki, qərar martda qəbul olunsa da, agentlik iyulun 1-dək vaxt verdi. Həmin dövrdə adətən xırda müəssisələr qeydiyyatdan keçdi.

Amma burada sahibkarların da haqlı olduğu məqamlar var. Yem qatqıları satan elə müəssisələr var ki, çox böyükdürlər, dünyada tanınırlar və çox böyük partiyalarla işlədikləri ölkələr var. Həmin müəssisələr bizdə qeydiyyatdan keçmirlər, heç maraqlarında da deyil. Onların illik dövriyyələri yüz milyard dollarladır. Mənim fikrimcə, AQTA bu cür tanınmış, 5-6 Avropa ölkəsi ilə işləyən şirkətlərə fərqli yanaşmalıdır. Çünki bizim sahibkarların o şirkətlərlə iş həcmi 1-2 milyon dollar civarındadır, həm də biz onların arxasınca düşüb, xahiş-minnət edib bizə mal satmalarına razı salırıq. Onların bizdə qeydiyyatdan keçməyə maraqları yoxdur”.

M.Həsənlinin sözlərinə görə, bütün bu prosedurların nəticəsi olaraq sahibkarlar möhtəkirlərə ümidli qalırlar:

“Kiçik dövriyyəsi olan şirkətlərin də əksəriyyəti saxtakarlıqla məşğul olurlar. Yem qatqılarına əlavələrin çoxunu həmin o böyük şirkətlərdən alırlar, qatırlar, sonra bizə göndərirlər. Biz daha ucuz və keyfiyyətli məhsul almaq üçün böyük şirkətlərlə işləməliyik. Problemin kökü bax bundadır: AQTA qəbul edilmiş qərara istinad edir, sahibkar isə keyfiyyətli məhsul almaq istəyir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR