İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA-dan sərt qərar - istehsalçı istehlakçını daha aldada bilməyəcək?

Eyyub Hüseynov: “Buna onda inanacağıq ki, Azərbaycan istehlakçıları uzunömürlülükdə qabağa çıxsınlar...”

“Gələn həftədən etibarən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri fəaliyyətə başlayacaq”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, ilkin olaraq təhlükəli hesab edilən məhsulların siyahısının reyestrdə yerləşdirilməsi təmin olunacaq: “Məhsulun istehlaka yararsız olması təhlükəli hallar reyestrində əksini tapması demək deyil. Lakin məhsulun tərkibində insan sağlamlığı üçün təhlükəli nəsə olarsa, bu barədə məlumat reyestrdə olacaq”.

Q.Təhməzli deyib ki, artıq qida təhlükəsizliyi nəzarətinə aid edilən malların siyahısı genişləndirilərək yeni siyahıya uyğun tənzimlənir: “Bununla yanaşı, Qazax və Xaçmaz rayonlarında sərhəd keçid məntəqələrinə yaxın ərazidə qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılması davam edir. "Qırmızı körpü" Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin də inşasına başlanıb və tikintinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Ölkəyə idxal olunan qida və yem məhsullarına nəzarətin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin məntəqələrdə həyata keçirilməsi planlaşdırılır".

Qurum rəhbəri əlavə edib ki, 2022-ci ildə Yeni Zenlandiyadan Azərbaycana 6 min 500 ton kərə yağı idxal olunub. Oradakı həmkarlara bildirilib ki, müəssisələrdə bizim audit həyata keçirilib, istehsal olunan yağın beynəlxalq normalara cavab verdiyi təsdiqləndiyi halda idxala icazə veriləcək: “Qarşı tərəfdən ekvalanetlə bağlı müraciət olunub. Bu gələcəkdə tətbiq olunacaq, lakin hazırda hər hansı ölkə ilə ekvalanetlik həyata keçirilmir. Azərbaycana yüksək riskli məhsullar idxal edən sahibkarlara bildirmək istəyirik ki, müəssisələrini tez zamanda beynəlxalq normalara uyğunlaşdırsalar, məhsullarının idxalına icazə veriləcək”. Bəs gözlənti nədir, nəhayət, ölkə dükan-bazarlarında istehlakçıların aldadılması halları azalacaqmı?

Eyyub Hüseynov: “Avtomobili içməli su ilə yudurtmaq dəlilik əlamətidir…”  Pravda.az

 Eyyub Hüseynov 

Mövzu ilə bağlı istehlakçıların müdafiəçisi Eyyub Hüseynov “Yeni Müsavat”a dedi ki, AQTA-nın əsasnaməsində kifayət qədər ambisiyalı istəklər var: “Bu istəklərdən öndə duranlardan biri Azərbaycan mallarının xarici, xüsusən Avropa bazarına çıxarılması məsələsidir. Hələ ki bu sahədə iş görülməyib. Yalnız Rusiya ilə, MDB bazarında kiçik işlər görülüb. AQTA-nın nəzəri istəklərinə, o cümlədən heyvanların identifikasiya olunmasına guya bu aylarda başlayacaqdılar. Heyvanlar heç 0.1 faiz də identifikasiya olunmayıb. Küçədə kəsimlər davam edir. Çoxsaylı çatışmazlıqlar var.

Qoşqar müəllimin dedikləri nəzəri cəhətdən çox yaxşıdır, əgər “oxuduğu Quran olsa”. Əhali açıq reyestrdən məlumat alsa çox yaxşı olar, başqa ölkələrlə əməkdaşlıq məsələsi nəzəri cəhətdən çox əhəmiyyətli məsələdir. İllər boyu bu kimi məsələlər irəli sürülüb, lakin praktiki nəticələri görməmişik. AQTA sədrinin dediklərinə onda inanacağıq ki, Azərbaycan istehlakçıları uzunömürlülükdə qabağa çıxsınlar. Biz 198 ölkə arasında 115-ci yerdəyik. AQTA bütün zəhərlənmələrin sayını bütün dünya göstəricisindən 700 dəfə az göstərir. Ölümlərin sayını da 2022-ci ildə 7 nəfər göstərib. Ümumdünya göstəricisi ilə orta hesabla 525 nəfər olmalıdır. Gördüyünüz kimi, 75 dəfə az göstərir.

Əgər qarşıya qoyulan məsələlərdə şəffaflıq olacaqsa, zəhərlənmələrin də statistikası açıq mənbələrdə, insanların nədən zəhərləndiyi bildirilsin. Biz də görək ki, istehlakçının günahı üzündən yox, sənaye üsulu ilə hazırlanan mallardan zəhərlənmələr olub. Bu gizlədilir, qarşı tərəfin cəzalanmasını görək. Vətəndaşlara kompensasiyaların verilməsini görək. Bunları biz görsək, dükanlarda vəziyyət yaxşılaşar. Vaxtı keçmiş məhsullar istehsalçıya qayıtmaz, hər şey şəffaf olar. Lakin mən bu məsələdə skeptikəm. Azad İstehlakçılar Birliyi olaraq biz məsələni izləyəcəyik. Burada ictimai rəyin xüsusi rolu olmalıdır". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR