İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqrar siyasət komitəsi yaz sessiyasında ilk iclasını keçirdi - DETALLAR

Yanvarın 17-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

İclası açan komitənin sədri Tahir Rzayev bildirib ki, 2023-cü il xalqımızın həyatında unudulmaz hadisələrlə əlamətdar olub. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi, cənab İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi qeyd edilib, keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub, üçrəngli bayrağımız Xankəndidə və işğaldan azad olunmuş bütün ərazilərimizdə ucaldılıb, Xankəndidə keçirilmiş hərbi parad xalqımızın qələbə sevincinə sevinc qatıb.

Untitled (1)-10.jpg (256 KB)

Tahir Rzayev qeyd edib ki, bugünkü iclasın gündəliyinə 4 məsələ daxil edilib. Gündəliyin birinci məsələsi – 2023-cü ilin payız sessiyası dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatı diqqətə çatdıran komitə sədri bildirib ki, ötən sessiyada komitənin 8 iclası keçirilib və 5 məsələ müzakirə olunub. Payız sessiyasında komitənin ünvanına daxil olmuş 62 məktub, təklif, ərizə və şikayətlə bağlı müvafiq tədbirlər görülüb. Tahir Rzayev vurğulayıb ki, hesabat dövründə komitə üzvləri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkədə və beynəlxalq miqyasda keçirilən tədbirlərdə yaxından iştirak ediblər, seçicilərlə, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər.

Hesabat nəzərə alındıqdan sonra komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı bildirilib ki, layihədə komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin Vətən müharibəsi şəhidlərinin ailələrinin ziyarəti, qazilərlə, müharibə iştirakçıları ilə, seçicilərlə görüşlər, işğaldan azad olunmuş ərazilərimizdə aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi və digər tədbirlər nəzərdə tutulub. Sonra komitənin iş planı təsdiqlənib.

Untitled (2)-10.jpg (260 KB)

Gündəliyin üçüncü məsələsi olan “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş"ə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Nəzrin Əliyeva məlumat verib.

O, bildirib ki, 2015-ci il oktyabrın 9-da Cenevrədə keçirilmiş BMT-nin Konfransında imzalanmış Saziş 37 maddə və 3 əlavədən ibarətdir. Sazişin əsas məqsədi ticarətə hər hansı maneənin qarşısını almaq üçün zeytun yağlarının, cecə zeytun yağlarının və süfrə zeytunlarının fiziki-kimyəvi və orqanoleptik xüsusiyyətləri ilə bağlı milli və beynəlxalq qanunvericilikdə vahidliyə nail olmaq, məhsulun keyfiyyətinə nəzarət, beynəlxalq ticarət və onun inkişafı, istehlakçı hüquqlarının qorunması və saxtakarlığın qarşısının alınması, beynəlxalq standartların gücləndirilməsi istiqamətində fəaliyyəti həyata keçirməkdir. Bu Sazişin müddəalarının tətbiqi məqsədilə Beynəlxalq Zeytun Şurası yaradılır.

Sonra iclasda "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirə olunub.

Untitled (3)-10.jpg (266 KB)

Qanun layihəsi barədə məlumat verən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Elşad Cəbrayılov bildirib ki, qanun layihəsinə təklif olunan dəyişikliklər, əsasən dəqiqləşdirmə xarakterli düzəlişləri ehtiva edir. Qanunun 24-cü maddəsinə təklif olunan əlavədə deyilir ki, “Aparılan qiymətləndirmə nəticəsində qida obyektlərində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida obyektinin təsdiqindən imtina edilməsi barədə qərar qəbul edir.”

Qanun layihəsi barədə çıxış edən komitə üzvləri Sabir Hacıyev, Aydın Hüseynov, Novruzəli Aslanov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev qanun layihəsinin ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyətindən danışıblar.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasa yekun vuran komitə sədri Tahir Rzayev fevral ayının 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinin ölkəmizin bütün suveren ərazisində keçiriləcək ilk seçkilər olacağını qeyd edib və xalqımıza uğurlar arzulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR