Onlayn ictimai-siyasi qəzet
Bahalaşmanın kökündə idxaldan asılılıqdan daha çox topdan və pərakəndə satışın inhisarlaşması dayanır
Gələn il üçün dövlət büdcəsində kənd təsərrüfatı sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi 30 milyon manatdan çox artırılır. Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində kənd təsərrüfatı sahəsi üçün 1 milyard 171 milyon 863 min 792 manat vəsait nəzərdə tutulmuşdu.
Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, bu istiqamət üzrə 1 milyard 203 milyon 805 min 845 manat ayrılacaq. Başqa sözlə, bu istiqamət üzrə ayrılacaq vəsait 31 milyon 942 min 53 manat artırılır.
Qeyd edək kənd təsərrüfatına ayrılan vəsaitlərin mühüm bir hissəsi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilir. Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, hökumətin əsas vəzifələrindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir. Onun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün böyük həcmdə vəsait nəzərdə tutulur.
Büdcə sənədinə əsasən 2025-ci ildə dövlət büdcəsindən Azərbaycanda ərzaq təhlükəsizliyi tədbirləri üçün 527.5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə 24,6 milyon manat və ya 4,9 faiz çoxdur. Büdcə layihəsində qeyd olunur ki, ərzaq təhlükəsizliyi tədbirləri üçun ayrılmış vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, Azərbaycan Respublikasında istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanların alınması üçün kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərin, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.
Artıq 15 ildən çoxdur ki, Azərbaycanda kənd təsərrüfatı istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması həyata keçirilir. Ötən müddət ərzində ölkənin ərzaq bazarının idxaldan asılılıq səviyyəsini təhlükəsiz həddə endirmək, təəssüf ki, mümkün olmayıb. Belə ki, Dövlət Statistika Komitəsinin tərtib etdiyi ərzaq balansına əsasən 2023-cü ildə Azərbaycan buğda ilə özünü 60,4 faiz, kərə yağı ilə 64,7 faiz, kartofla 89,9 faiz, mal əti ilə 88,4 faiz, qoyun əti ilə 95 faiz, toyuq əti ilə 81,7 faiz, süd və süd məhsulları ilə 84 faiz, balıq və balıq məhsulları ilə 75,4 faiz, yumurta ilə 102,2 faiz, şəkərlə 84,4 faiz təmin edir. Bu dövr ərzində yalnız quş əti və yumurta ilə təminatda idxaldan asılılıq azalıb, yumurta istehsalı daxili tələbatdan yüskək həddə çatıb.
Rəsmi statistikaya nəzər yetirsək, ölkənin kənd təsərrüfatı sektorunda məhsul istehsalı artımının sürətlə zəiflədiyini görərik. Belə ki, 2024-cü ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 407,1 milyon manat təşkil edib ki, onun da 5 milyard 540,2 milyon manatı heyvandarlıq, 5 milyard 866,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə isə 0,5 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə kənd təsərrüfatında məhsul istehsalı 7,2 faiz, o cümlədən bitkiçilikdə 11,7 faiz, heyvandarlıqda 3,5 faiz artım qeydə alınmışdı.
İdxal statistikasına baxdıqda, əsas ərzaq məhsulları idxalının artdığı aydın görünür. Rəsmi statistikaya əsasən, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2024-cü ilin eyni dövründə bitki yağları idxalı 15,1 faiz, kərə yağı və digər süd yağları idxalı 85,3 faiz, təzə meyvə idxalı 25,8 faiz, unlu qənnadı məmulatları idxalı 12,3 faiz, şokolad və şokolad məhsulları idxalı 14,5 faiz, çay idxalı 9,2 faiz artıb, mal əti idxalı 56,5 faiz, təzə tərəvəz idxalı isə 59,7 faiz artıb. Bu idxal yüz milyonlarla dollar vəsaitin ölkədən kənara axmasına gətirib çıxarır.
Bir neçə məhsulun nümunəsində hansı həcmdə vəsaitin xaricə axdığını görmək mümkündür. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 139 milyon 69 min dollar dəyərində 24 464.23 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Musavat.com Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,8 faiz, miqdar ifadəsində isə 85,3 faiz çoxdur. Məhsulun 1 tonunun idxal qiyməti ötənilki 5577,7 dollardan bu il 5684,6 dollara qədər artıb.
Xatırladaq ki, ötən ilin on ayında Azərbaycanın kərə yağı idxalı 73 milyon 650.97 min dollar dəyərlə 13 204.57 ton təşkil etmişdi.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 58 milyon 141 min ABŞ dolları dəyərində 55 min 962 ton düyü idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 8 min 287 ton (17,4 faiz), dəyər baxımından isə 15 milyon 39 min ABŞ dolları (34,9 faiz) çoxdur. Ötən ilin 10 ayı ərzində xaricdən 43 milyon 102 min ABŞ dolları dəyərində 47 min 675 ton düyü idxal edilmişdi.
On ayda Azərbaycana 205 milyon 427 min ABŞ dolları dəyərində 948 min 815 ton buğda idxal edilibb. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, idxal ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 463 ton (0,04 faiz), dəyər baxımından isə 41 milyon 916 min ABŞ dolları (16,9 faiz) azdır. Ötən ilin 10 ayı ərzində xaricdən 205 milyon 428 min ABŞ dolları dəyərində 949 min 815 ton buğda idxal edilmişdi.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 104 milyon 834 min ABŞ dolları dəyərində 48 min 241 ton ət idxal edib. Bu, o deməkdir ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 13 min 381 ton (38,4 faiz), dəyər baxımından isə 34 milyon 839 min ABŞ dolları (49,7 faiz) artıb.
Beləliklə, 10 ayda Azərbaycan 4 məhsulun idxalına 500 milyon dollardan yuxarı vəsait xərcləyib. Bu isə o deməkdir ki, ötən müddət ərzində kənd təsərrüfatına ayrılan dövlət subsidiyaları qarşıya qoyulan hədəfə çatılmasına gətirib çıxarmayıb.
Hesablama Palatasının 2025-ci ilin dövlət büdcəsi layihəsinə verdiyi rəyə görə, aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artsa da, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri 12,2 faiz azalıb: “2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 milyon manat subsidiya proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin proqnozundan 41,6 milyon manat və ya 9,4 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və s.) 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4 faiz artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir”.
Bir qayda olaraq, ölkənin ərzaq bazarının idxaldan asılılığı ərzaq qiymətlərinin sürətli bahalaşmasının əsas səbəbi kimi qeyd olunur. Lakin müstəqil ekspertlərə görə, bahalaşmanın kökündə idxaldan asılılıqdan daha çox idxalın və ölkə bazarında topdan və pərakəndə satışın inhisarlaşması dayanır. Bildirilir ki, bunun nəticəsi olaraq Azərbaycanda əksər hallarda idxal qiymətləri ucuzlaşan məhsulların pərakəndə satış qiymətlərində artım qeydə alınır...
Dünya SAKİT,
“Yeni Müsavat”
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ