İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada məxfi Rusiya və ABŞ danışıqları - gizli gündəm

Vaşinqton müharibənin dayanmasını və sülh danışıqlarının başlanmasını istəyir?

Noyabrın 14-də Türkiyənin paytaxtı Ankarada Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar aparılıb. “Kommersant” xəbər verir ki, Rusiyanı Xarici Kəşfiyyat Xidmətinin direktoru Narışkin, ABŞ-ı isə Federal Kəşfiyyat İdarəsinin rəisi Börns təmsil edib.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə son bir ayda bir neçə dəfə gizli danışıq aparıb. Bu barədə “Voll Strit Jurnal” nəşri yazıb. Mənbənin məlumatına görə, Sallivan Putinin köməkçisi Yuri Uşakovla da danışıb. Danışıqların məqsədi Ukraynada müharibənin daha da genişlənməsi riskinə qarşı birbaşa əlaqə kanalının açıq saxlanılmasıdır. Məxfi danışıqlarla bağlı Moskva və Vaşinqton heç bir açıqlama verməyib. Nəşr qeyd edib ki, Bayden administrasiyası Moskva ilə birbaşa əlaqəni milli təhlükəsizlik baxımından vacib hesab edir. Hətta Sallivanın Ukrayna rəhbərliyindən konfliktin nizamlanması üçün danışıqlara hazır olduğunu bildirməyi xahiş edib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays isə deyib ki, Vaşinqton Rusiya ilə Ukraynadakı münaqişənin mümkün həlli variantlarını müzakirə etmir: “Söhbətlər ikitərəfli əhəmiyyət kəsb edən mövzularda gedir, biz ikitərəfli münasibətlərimiz üçün böyük əhəmiyyət kəsb edən məsələləri müzakirə edirik. Rusiyaya ikitərəfli əhəmiyyətli mesajlar çatdırmaq üçün kifayət qədər imkanlar var və mən burada "ikitərəfli" sözünü vurğulayıram, çünki biz ruslarla sülh sazişinin konturlarının necə görünə biləcəyini müzakirə etmirik".

O həmçinin vurğulayıb ki, Vaşinqton “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipinə əməl edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Moskva ilə Vaşinqton arasındakı təmaslarla bağlı açıqlamalar verib. Zaxarova ABŞ-la əsirlərin mübadiləsi ilə bağlı əlaqələrin davam etdiyini bildirib və deyib: “Danışıqlar müvafiq hüquq-mühafizə orqanları və xüsusi təyinatlılar (kəşfiyyat) xətti ilə aparılır. Amma təəssüf ki, aylardır ki, insanların problemlərinin həlli ilə bağlı ABŞ-dan heç bir müraciət görmürük”.

Moskva və Vaşinqtonun ehtiyac yaradan məsələlərlə bağlı müəyyən təmasları müzakirə etdiklərini qeyd edən Zaxarova “Bu təmaslar müxtəlif qurumlar səviyyəsindədir. Təbii ki, bunların tam hüquqlu əməkdaşlıq, qarşılıqlı əlaqə ilə heç bir əlaqəsi yoxdur”, - deyə bildirib. Maraqlıdır, əgər gündəm Ukrayna-Rusiya müharibəsi deyilsə, iki superdövlət nəyi müzakirə edir?

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli daha çox danışıqlar üçün qardaş Türkiyənin məkan seçilməsinə vurğu etdi: “ABŞ-la Rusiyanın danışıqlar aparmasında mövzulardan biri Ukrayna məsələsidir. Çünki bu iki ölkə Ukraynasız danışıqlar apara bilməzlər. Bütün sanksiyalar son dönəmlərdə daha çox Ukrayna məsələsinə görə olub. 2014-cü ildən bəri bu proses artıq pik nöqtəsinə çatıb. Ona görə də ”Ukrayna ilə bağlı danışıqlar aparmırıq" açıqlaması ABŞ tərəfindən blefdir. Bir sözlə, indiki vəziyyətdə Ukraynasız ABŞ və Rusiya nəyin danışıqlarını aparacaqlar? Bütün bu narazılıqların kökündə şimal qonşumuzun Ukraynaya qarşı apardığı işğalçılıq siyasəti durur. Biz təxmin etmişdik ki, sonunda zatən ABŞ-Rusiya danışıqları olacaq. Bu danışıqlar Ukraynanın razılığı olmadan belə olacaq. Çünki Kiyevdə əyləşən iqtidar tam olaraq Amerika və Britaniyadan asılıdır. Lazım olsa - necə ki, indi ABŞ deyir ki, sona qədər mübarizə apar - deyəcək ki, otur danışıqlar üçün masa arxasına. Sadəcə, indi Ukraynanın müstəqil dövlət kimi simasını qorumaq lazımdır. Ona görə də ilk danışıqlar mərhələsində ABŞ rəsmiləri tərəfindən bu cür açıqlamalar veriləcək. Bu da normal və təbiidir. Protokol qaydası olan açıqlamalardır. Burada bir məqam da Türkiyənin vasitəçi olması ilə bağlıdır. Qardaş ölkə iki böyük nüvə nəhəngi arasında zatən vasitəçi ölkəyə çevrilib. İllərdir ki, Ərdoğana qarşı “o niyə tərəf tutmadı”, “ABŞ koalisiyasında yer alıb, Rusiyaya qarşı olmalıdır” kimi fikirlər səsləndirən dayaz beyinli insanların nə qədər səhv düşüncədə olduqları özünü büruzə verir. Ankara düzgün siyasət tutmasaydı, Rusiya ilə ABŞ arasında danışıqlar məkanına çevrilməzdi. Hazırda Türkiyə yeganə ölkədir ki, Rusiya-Ukrayna, Rusiya-ABŞ arasında vasitəçilik rolunu üzərinə götürə bilər. Çünki Putinin vasitəçi kimi etibar etdiyi yeganə ölkə Ərdoğan Türkiyəsidir. Bu həm də qardaş ölkənin xarici siyasətinin uğurudur".

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”


Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Rusiyanın daha hansı əraziləri itirə biləcəyindən söz açdı: “Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü Qərblə, xüsusilə ABŞ-la geopolitik qarşıdurmanın təzahürüdür. Rusiya fövqəldövlət iddialarını ortaya qoyaraq yeni dünya nizamında ikiqütblü dünya yaradılmasını təklif edirdi. Amma Vaşinqton buna razılaşmadı. Rusiya Ukraynaya hərbi təcavüz edərək çalışırdı ki, Ukraynada hakimiyyəti dəyişsin və şərtləri ABŞ tərəfindən qəbul edilsin. Amma bu da baş vermədi. Rusiya Ukraynada hərbi və siyasi planlarına nail ola bilmədi. Ona görə də Vaşinqtonla danışıqlara gedir. Türkiyədə aparılan danışıqların məğzi də məhz budur. İkitərəfli danışıqlar Rusiyanın Ukraynadan çıxarılması fonunda "ABŞ nə təklif edər" kontekstində aparılır. Rusiya Krım və Donbası da itirə bilər. Ona görə də bazarlıq etməyə çalışır. Ukrayna müharibəsi təbii ki, ABŞ-la Rusiya arasında geopolitik toqquşmanın açıq fazasıdır. Rusiya ilk gündən Ukraynaya hücum etməklə böyük geopolitik səhv etdi. Bundan sonra onun bədəlini ödəyəcək. Rusiya beynəlxalq qarşıdurmada müharibə aparacaq gücdə deyil".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Siyasi yazar Kənan Rövşənoğlu ABŞ Rusiya-Ukrayna savaşında sülh istəyində olduğunu söylədi: “ABŞ və Rusiya xarici kəşfiyyat qurumlarının rəhbərlərinin hər zaman müzakirə etmək üçün mövzuları var. Güman ki, Ankara  görüşü daha çox taktiki və ya informasiya mübadiləsi məqsədli, ya da hansısa fəaliyyətləri koordinasiya etmək üçün baş tutub. Rusiya və ABŞ arasında gizli danışıqlar aparılması barədə məlumatlar var. Kəşfiyyat rəhbərlərinin açıq görüşü düşünürəm ki, daha çox əsas danışıqlardan diqqət yayındırmaq və ya bu danışıqların elementlərini razılaşdırmaq üçündür. O ki qaldı mövzulara, ABŞ və Rusiya arasında müzakirə ediləcək çox mövzular və ya sahələr var. Suriya münaqişəsi zamanı da hər iki ölkə baxmayaraq ki, faktiki olaraq, əks cəbhədə idilər, amma kəşfiyyat və hərbi kəşfiyyat sahəsində kontaktlar və görüşlər olurdu. İndi də mümkündür ki, taktiki nüvə silahından istifadə mövzusu müzakirə olunsun. Çünki belə görünür ki, Vaşinqton rusların uduzacaqları halda, taktiki nüvə silahından istifadə edəcəklərindən narahatdır.

Görünən odur ki, Vaşinqton müharibənin dayanması və sülh danışqılarının başlanmasını istəyir. Son olaraq, Zelenskinin sülh danışıqları barədə açıqlaması, ardınca Ukrayna ordu komandanı Zalujnının buna cavab olaraq müharibənin işğaldakı son ərazilər azad edilənə qədər davam edəcəyi, Britaniya müdafiə nazirinin sona qədər Ukraynanı dəstəkləyəcəkləri barədə açıqlaması onu göstərir ki, Rusiya ilə danışıqlara qayıtmaq mövzusu var, haradasa bu proses başlayıb. Ancaq eyni zamanda buna qarşı güclü müqavimət mövcuddur. Bu mənada, yuxarıda da qeyd etdiyim kimi, kəşfiyyat rəisləri yeni yaranan situasiya ilə bağlı informasiya mübadiləsi və fəaliyyətlərin koordinasiya edilməsi kimi məsələləri müzakirə edə bilərdilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR