İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara və Vaşinqton arasındakı “F-16 krizi” bitdi(mi?)

NATO-nun iki qüdrətli dövləti arasında “buzlar” əriyir; qardaş ölkənin lideri bu “savaş”ı da uddu; Türkiyə və ABŞ arasındakı münasibətlərdə yeni dönəm başlayır

Türkiyə və ABŞ “F-16" qırıcıları ilə bağlı razılığa gəlib. Bu haqda ABŞ prezidenti Co Bayden açıqlama ilə çıxış edib. O deyib: ”Türkiyəyə F-16-ları satmağımız lazımdır. Bunun üçün Konqresdən təsdiq almalıyıq. İnanıram ki, bu razılığı ala biləcəyik".

Bayden bildirib ki, ABŞ Türkiyəyə F-16 təyyarələrini satmalı və olanları modernləşdirməlidir. Onun sözlərinə görə, bunun əksi ABŞ-ın maraqlarına uyğun deyil.

Bu arada Türkiyə F-16 təyyarələrinin alınması ilə bağlı ABŞ-a heyət göndərəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitindən sonra mətbuat konfransı zamanı qeyd edib ki, heyət üzvləri ABŞ-da Respublikaçılar Partiyasının üzvləri ilə görüşlər keçirəcək. Xatırladaq ki, neçə ildir ABŞ Türkiyəyə F-16 təyyarələrini satmaqdan imtina edir. İndi bu inaddan əl çəkməsi, şübhəsiz, Türkiyə dövlətinin və prezidentinin böyük uğurudur. Bəs Türkiyə bu hədəfə necə çatdı? Amerikanı bu inadından necə döndərdi? Ərdoğanın NATO sammiti öncəsi Finlandiya və İsveçlə bağlı sərt tavrı bu məsələdə nə kimi rol oynadı? Bu mövzuda müraciət etdiyimiz ekspertlərimiz maraqlı fikirlər söylədilər.

Hikmət Babaoğlu: Sosial özünütəcrid vətəndaşların hərəkət azadlığının  məhdudlaşdırılması deyil, onların təhlükəsizliyinin təmin olunmasıdır

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə NATO-nun Madrid sammitində olduqca mühüm siyasi-diplomatik uğura imza atmağı bacardı: “Türkiyə İsveç və Finlandiya ilə terrora qarşı mübarizədə razılığa gəldi. Eyni zamanda, mümkün NATO müttəfiqləri kimi gələcəkdə ən yeni hərbi texnologiyaların Türkiyəyə satılmasına qoyulan embarqonun da aradan qaldırılmasına nail oldu. Bu uğurun əsasında hər şeydən öncə qardaş ölkənin gücü və Prezident Rəcəb Tayyib Ərdoğanın öz xalqının milli iradəsindən qaynaqlanan qətiyyəti durur.

ABŞ-la münasibətlərdə son illərdə yaşanan gərginliklər kontekstində F-16-larla bağlı əldə edilən razılaşmaya gəldikdə isə qeyd etmək lazımdır ki, təkcə F-16-ların deyil daha yeni nəsil qırıcılar hesab edilən F-35-lərin Türkiyəyə verilməsi şərti və zərurəti var idi. Çünki Türkiyə F-35 layihəsində həm maddi-maliyyə, həm də qismən istehsalçı ölkə kimi iştirakçı idi. Lakin Yaxın Şərq, Şimali Afrika və Doğu Akdənizdə baş verən hadisələr kontekstində iki NATO müttəfiqi olan Türkiyə və ABŞ arasında permanent gərginliklər yaşanmağa başlandı".

H.Babaoğlu əmindir ki, ABŞ-ın öz müttəfiqinin milli maraqlarına selektiv yanaşması Türkiyəni qərarlı addımlar atmağa vadar edib: “Beləliklə, iki ölkə arasında bəzən gizli bəzən də çox açıq formada müxtəlif səviyyəli qarşıdurmalar yaranmış oldu və Türkiyə F-35 layihəsindən uzaqlaşdırıldı. Ancaq qardaş ölkənin ardıcıl, məqsədyünlü və prinsipial duruşu Türkiyənin olduqca əhəmiyyətli mövqeyinin və nüfuzunun yenidən qiymətləndiriməsi zərurətini yaratdı və artıq Madrid sammitində F-16-ların yeni partiyasının Türkiyəyə satılması və köhnələrin modernləşdirilməsi ilə bağlı xeyli müddətdir davam edən danışıqlarda razılıq əldə edildi. Bu həm də dünyada baş verən qlobal hərbi-strateji hadisələr kontekstində qiymətləndirilməli olan bir hadisədir. Çünki NATO müttəfiqləri başa düşürlər ki, Rusiya-Türkiyə tandemi bütövlükdə Avrasiyanın hərbi-siyasi mənzərəsini kardinal şəkildə dəyişmək potensialı olan münasibətlərdir. Ona görə də Türkiyə ilə hesablaşmamaq bu önəmli müttəfiqi Rusiyaya doğru daha bir addım yaxınlaşdırmaq olardı ki, bu da kollektiv Qərbin strateji planlarına daxil deyil. Çünki dərin strateji məqsəd əvvəlcə Rusiyanın gücünü maksimum azaltmaq, sonra isə Türkiyəyə qarşı planlara start verməkdir. Türkiyə bundan xəbərdardır və ona görə də özünün milli-müharibə - savaş-qırıcı layihələrini uğurla davam etdirir. Bu qırıcılar bütün parametrlərinə görə heç də F-35-lərdən geri qalmır. Hazırkı mərhələdə isə F-16-ların qardaş ölkənin hava qüvvələrinin inventarına daxil edilməsi keçid dövrü üçün olduqca vacib idi ki, Türkiyə də buna nail olmağı bacardı”.

“Türkiyənin subregional güc və qlobal aktor kimi qəbul edilməsi, istisnasız olaraq, Rəcəb Tayyib Ərdoğanın qardaş ölkənin beynəlxalq hüququn, yalnız öz maraqlarından və ədalət prinsiplərindən çıxış edən, haqqını dişiylə, dırnağıyla almağı bacaran subyektinə çevrilməsi istiqamətində yürütdüyü siyasətin və Türk xalqının bu siyasətə verdiyi dəstəyin nəticəsidir”.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

Bu fikirlər isə siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur. Analitik qardaş ölkənin müstəqil siyasət yürütməsindən məmnunluğunu ifadə etdi: “Mübaliğəsiz deyirəm, Türkiyə Cümhuriyyəti qurulduğu zaman kəsiyindən bu yana heç zaman indiki qədər müstəqil olmayıb. F-16 təyyarələri, PKK terror təşkilatı, elə də onun tör-töküntüləri və digər, hələlik açıqlanmayan məsələlərlə bağlı Türkiyənin haqlı irad və tələblərinin öz həllini tapması, Türkiyə dövlətinin və Prezident Ərdoğanın böyük siyasi, diplomatik və hərbi uğurudur. Sadaladığım komponentlərin iç-içə olduğunu və nizamlı bir şəkildə bir-birini tamamladığını görmək üçün qənətimə görə, son 8 ilin geosiyasi mənzərəsinə nəzər salmaq yetərlidir”.

E.Mirzəbəyli qeyd etdi ki, Türkiyəni hədəflərinə çatdıran da sadaladığım amillərdir və bütün bunların, prosesin sadəcə, başlanğıcı olduğunu düşünür: “Türkiyədən ABŞ-a Respublikaçılar Partiyasından olan senator və konqresmenlərlə görüşmək üçün nümayəndə heyəti göndəriləcəyi barədə qərara da çox müsbət yanaşıram. Bunu həm də Türkiyənin aktiv diplomatik həmlələrinin tərkib hissəsi kimi qiymətləndirirəm. Siyasətdə, qətiyyən durğunluğa yol vermək olmaz. Hətta sabit dönəmlərdə də. Çünki problemlər əsasən, ilk baxışda sabit görünən zaman kəsiyində formalaşır və əlverişli şərait yarananda üzə çıxır. Buna vulkan effekti də demək olar. Bu baxımdan siyasi ”tektonik" dəyişiklikləri daim müşahidə etməli və dəyərləndirməlisən. Türkiyənin çağdaş siyasətinin də məhz bu istiqamətdə inkişaf edəcəyini düşünürəm".

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

İlyas Hüseynov 

Politoloq İlyas Hüseynov bildirdi ki, Türkiyənin siyasi və diplomatik sahədə güclənməsi, müstəqil xarici siyasət yürütmək qabiliyyəti və müdafiə sənayesində əldə etdiyi böyük uğurlar onunla hesablaşmağa vadar edir: “NATO daxilində ikinci böyük orduya malik qardaş Türkiyə çox geniş geosiyasi arealda təhlükəsizliyi və sülhü qoruyur. Bu da təbii ki, rəsmi Vaşinqtonun maraqları daxilindədir. Bəzən Türkiyəyə qarşı çirkli oyunlar aparsalar da, Türkiyə siyasi, hərbi və sosial-iqtisadi problemlərin də öhdəsindən gəlməklə sərt mücadilə sərgiləyir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Ankaranın sülh çağırışları və təşəbbüsləri, Antalya Diplomatik Forumu və İstanbul görüşləri Türkiyə qlobal geosiyasi aktora çevirir. Taxıl dəhlizi ilə bağlı əldə olunan razılaşma Türkiyənin Qara Dəniz hövzəsində nüfuzunu və geostrateji imkanlarını da bütün dünyaya nümayiş etdirdi.

Bununla yanaşı, İsveç və Finlandiyanın Şimali Atlantika hərbi-siyasi blokuna daxil olmaqla bağlı haqlı tələblərinin qəbul edilməsi və imzalanan 8 maddəlik razılaşma Türkiyənin diplomatiya sahəsində uğuru hesab olunur. Türkiyə bununla göstərdi ki, milli maraq və mənafelərini təmin etmək üçün terrorçuların mənbələrini və yuvalarını ifşa etməklə bərabər, həm də onların kökünü kəsmək səriştəsinə malikdir. İndi rəsmi Stokholm və Helsinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

İ.Hüseynov bildirdi ki, Skandinaviya ölkələrinin NATO-ya daxil olması hər zaman Türkiyənin adı ilə bağlı olacaq və sərt tavrı ilə xatırlanacaq: “Türkiyənin də bu xüsusda öz tələbləri mövcuddur. F-16 qırıcılarının alınması ilə bağlı uzun sürən irəli süni maneələrin aradan qaldırılması gözlənilir. Qırıcıların modernləşdirilməsi və istifadəyə verilməsi təhlükəsizlik seqmentinin gücləndirilməsinə xidmət etsə də, düşünürəm ki, günümüzün reallıqları ilə uyğunluq təşkil etmir. Qonşuluqda olan Yunanıstana verilən F-35-lər daha müasirdir və bir sıra üstünlüklərə malikdir. Ona görə də F-35 ilə tələblərin irəli sürülməsi mühüm əhəmiyyət kəsb edir”.

Üzeyir Cəfərov Azərbaycan Ordusunda polkovnik rütbəsində zabit kimi xidmət  edəcək - Günün Səsi

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə qeyd etdi ki, indi dünyada, təkcə hərbi sahədə deyil, ümumilikdə siyasi dairələrdə də geniş müzakirə olunan mövzulardan biri ABŞ-ın qardaş Türkiyəyə F-16-larla atdığı müsbət addımla bağlıdır: “Uzun illər idi ki, bu məsələ tərəflər arasında ən çox narazılıq və narahatçılıq doğuran səviyyəyə qalxmışdı. Hətta bəzən iki NATO üzvü olan aparıcı dövlətlər arasında müəyyən gərginliklər də yaşanırdı. Şükürlər olsun ki, Türkiyənin regionda və ümumilikdə dünyada artan nüfuzu ABŞ-ı bu inadkarlığından da əl çəkməyə sövq etdi. Sonuncu NATO sammitində isə liderlərin çox isti və mehriban davranışları onu deməyə əsas verdi ki, indi dünya liderləri də baş verənlərin fərqindədirlər və onlar münasibətləri yoluna qoymağa çalışırlar”.

Ekspert qeyd etdi ki, Türkiyəmizin son vaxtlar dünyada artan nüfuzu və çəkisi dünya dövlətlərini də rəsmi Ankara ilə münasibətlərini müsbətə doğru dəyişməyə məcbur edir: “Bu, sevindidiricidir. Türkiyə nə qədər güclü və qüdrətli olarsa, bunun Azərbaycana da çox böyük köməyi olacaq. Hesab edirəm ki, F-16-lar tez bir zamanda Türkiyə Silahlı Qüvvələrinin sıralarına qatılaraq qardaş ordunun gücünə güc qatacaq”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR