İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara-İrəvan danışıqlarında müəmma

Deputat Bəhruz Məhərrəmov: “Türkiyə kimi nəhəngin Ermənistan kimi xırda parazitlə vaxt itirmək həvəsi olmamalıdır”

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü gözlənilmir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Yaxın vaxtlarda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü planlaşdırılmır”, - açıqlamada deyilir.

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzeti diplomatik mənbələrə istinadən xüsusi nümayəndələrin görüşü barədə məlumat yayıb. Növbəti görüşün Türkiyədə keçiriləcəyi iddia edilib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. Onlar artıq bir neçə dəfə görüş keçiriblər. Bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Ermənistanla hazırda imzalayacağımız hər hansı bir saziş yoxdur” demişdi. “Münasibətlərin normallaşması üçün hansı addımları atacağımızı müzakirə edirik və müəyyən addımlar atırıq. Bundan sonra iki ölkənin xüsusi nümayəndələri arasındakı görüşlər Türkiyə və Ermənistanda keçiriləcək. Biz Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində səmimiyik. Bütün bu məsələlərdə Azərbaycanla müzakirələr apararaq irəliləyirik”, - deyə Çavuşoğlu söyləyib.

Türkiyə-Ermənistan danışıqlarını dəyərləndirən diplomatik qaynaqlar prosesin müsbət istiqamətdə getdiyini, İrəvanla sərhədlərin açılması üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasını gözləyirlər. Danışıqlar üçün ilkin şərt olmasa da, aydındır ki, sülh müqaviləsi imzalanmadan Ankara- İrəvan münasibətlərində xüsusi irəliləyiş də olmayacaq. Bu da İrəvanı qane etmir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu günlərdə Türkiyə ilə münasibətlərin normallaşması prosesinin hazırkı mərhələsi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, bu məsələ regionun geosiyasi imici üçün də önəmlidir. “Bilirsiniz ki, iki ölkə öz xüsusi nümayəndələrini təyin edib, onlar artıq dörd görüş keçirib, diplomatik münasibətlərin qurulması və Türkiyənin bağladığı sərhədin açılması istiqamətində əsaslı müzakirələr aparıblar”, - deyə o bildirib.

Mirzoyan qeyd edib ki, məqsəd sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasıdır. “Türkiyədən olan həmsöhbətlərimiz bu prosesi Ermənistan və Azərbaycan arasındakı danışıqlar prosesi ilə daha az əlaqələndirməli, əksinə, Ermənistan-Türkiyə dialoqunun uğurunun Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərə biləcəyini dərk etməlidirlər”, - nazir bildirib.

Məlumdur ki, erməni müxalifəti və lobbisi də Türkiyə ilə təmaslara qarşıdır. İndi Ermənistan strateji seçim qarşısındadır və Qərbin təhriki ilə regionda gərginliyi artırmağa, Rusiyaya qarşı çıxmaqla yanaşı sülh prosesini də əngəlləməyə çalışır. Belə həssas məqamda isə Paşinyan hökumətinə həm müxalifətin, həm də lobbinin dəstəyi vacibdir. O səbəbdən Ankara ilə danışıqlar indi İrəvanın gündəmində deyil.

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov bu istiqamətdə çox vacib məqamlara toxundu. Onun fikrincə, Vətən müharibəsinin ən ciddi siyasi nəticələrindən biri təqribən 2 əsrlik müddətdən sonra Türkiyənin yenidən Cənubi Qafqazda güc mərkəzlərindən birinə çevrilməsidir: “Təbii ki, yeni reallığın əsas siması Azərbaycandır, amma ”Bir millət iki dövlət" Konsepsiyası və strateji müttəfiqliyin ən ali formada rəsmiləşdiyi Şuşa Bəyannaməsindən sonra Ankaranın regionda varlığı elə Bakının öz maraqlarının təmini deməkdir. Bu mənada nəinki Cənubi Qafqaz, bütövlükdə regionda Bakı-Ankara müttəfiqliyi vahid geosiyasi maraqlardan çıxış edən və hesablaşılan hərbi-siyasi ittifaq kimi qəbul olunur. Daha önəmlisi də odur ki, bu tərəfdaşlıq regionda sülhün və sabitliyin, o cümlədən, separatizmin yenidən ayaqlanmaması üçün əsas qarantor kimi çıxış edir.

Türkiyə məhz bu prinsipə sadiq qalaraq, üstəlik özünün qırmızı cizgisinin məhz Azərbaycan olduğunu qabaqcadan rəsmən bəyan edərək regionda əməkdaşlıq mühitinə dəstək vermək üçün Ermənistanla siyasi açılıma qərar vermiş, hətta bunun üçün xüsusi nümayəndələr də təyin olunmuşdu. Bu məsələdə Türkiyənin iki mühüm, eyni zamanda, beynəlxalq hüquqa əsaslanan çox sadə şərti oldu, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalansın, İrəvan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etsin. Bunun üçün isə təbii ki, Ermənistan yalnız bəyanatlarla kifayətlənməməli, Azərbaycanın 5 şərtini icra etməli, o cümlədən, konstitusiyanın preambulasında əks olunmuş Türkiyəyə qarşı ərazi iddiası barədə müddəaları ana qanundan çıxarmalı idi. Etiraf olunmalıdır ki, İrəvandan gələn ilkin reaksiyalar hansısa formada ümidlər yaradırdı, amma sonrakı dövrlərdə Fransanın rəvac verməsi ilə regionda qısamüddətli hərbi qarşıdurmalar, xüsusən də son günlər İranın dağıdıcı siyasətinə İrəvanın alət olması prosesləri ciddi şəkildə korladı. Daha doğrusu, 30 il sonra azad nəfəs almaq şansı yaranmış İrəvanın özü özünü blokladı. Sərhədlərinin 83 faizi Azərbaycan və Türkiyə ilə olan Ermənistan cəmi 44 km-lik sərhədə malik olduğu İrana pəncərə kimi baxmağa başlamaqla özünün pəncərəyə ehtiyacı olan İranın toruna düşdü. Xüsusən çağırılmamış qonaq kimi peyda olan Hindistanın tamamilə yeni, utopik bir dəhliz barədə sayıqlamaları şər blokunu eyforiyaya saldı. Belə bir şəraitdə Ankara-İrəvan dialoqu təbii ki, yalnız vaxt itkisi və imitasiya sayıla bilərdi ki, Türkiyə kimi bir nəhəngin Ermənistan kimi xırda parazitlə vaxt itirmək həvəsi olmamalıdır və yoxdur da. İrəvan vaxtında anlamalı idi ki, İran, yaxud Fransa xilas edə bilsə idi, onları 44 günlük savaşda rüsvayçılıqdan xilas edərdi. Amma bütün dünya gördü ki, Ankaranın siyasi dəstəyini arxasına alan Azərbaycanı kimsə dayandıra bilmədi. Deməli, kapitulyasiyadan dərhal sonra qalib lider- prezident İlham Əliyevin İrəvana sülh təklifi, Türkiyə və Azərbaycanla əməkdaşlıq mühiti erməni xalqı üçün sonuncu şans idi. Elə bir şans ki, erməni xalqına bu imkanı nə İranın molla taktikası, nə Rusiya, nə də digərləri vəd edə bilməzdi,  yenə də uduzan tərəfin Ermənistan olduğu aydın görünür".

Əsgər andı"nın qüdrəti - Kənan Novruzovun essesi

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə Azərbaycanın yaratdığı reallıqlardan söz açdı: “Ermənistan üçün indi həssas mərhələdir. İrəvan Türkiyə, Rusiya və Qərb üçbucağında vurnuxur. Bu tərəflərin maraqları fərqlidir. Rusiya və Qərb Türkiyəni, Türkiyə Rusiya və Qərbi, Qərb Türkiyə ilə Rusiyanı qəbul etmək istəmir. Belə bir şəraitdə Ermənistan hər üç tərəflə münasibətləri fərqli cür tənzimləməyə çalışır. Ermənistan XİN-dən verilən açıqlama strateji addım kimi qiymətləndirilə bilər. Amma düşünürəm ki, Cənubi Qafqazla bağlı Türkiyənin şansları daha çoxdur. Çünki Qərb uzaqdadır. Rusiyanın bölgədəki mövqeləri isə tədricən zəifləyir. Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Ermənistan istəsə də, istəməsə də bu reallıqla barışmalıdır. Nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır. Həm Azərbaycan, həm də Ermənistan tərəfindən ən yüksək səviyyədə bildirilib ki, ilin sonunadək sülh müqaviləsi imzalana bilər. Əlbəttə, Bakı ilə İrəvanın yekun sülh istiqamətində atdığı addımlar Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası prosesindən ayrı təsəvvür edilə bilməz. Bu mənada, xüsusi nümayəndələrin görüşüb- görüşməmələrindən asılı olmayaraq, Ermənistanla Türkiyə arasında münasibətlər normallaşmalıdır. Bu, İrəvanın taleyi və regiondakı mövcudluğu üçün, bəlkə də, yeganə şansıdır. Odur ki, Ermənistan tərəfindən verilən açıqlamaları çox ciddi qəbul etmirəm. Dediyim kimi, bu, manevrdən başqa bir şey deyil”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR