İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramı - FOTOLAR

2023-cü il mayın 8-i saat 23 radələrində Bakının Binəqədi rayonunda 1978-ci il təvəllüdlü Rahib Mehdiyev qətlə yetirilir.

Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçiriblər. Məlum olub ki, hadisə Rəsulzadə qəsəbəsi Ağamalıoğlu küçəsi, 7 ünvanında mərhumun kirayədə yaşadığı mənzildə baş verib. Baxışda iştirak edən Ruhiyyə İsrafilova cəsədin, onun qeyri-rəsmi münasibətdə olan Rahib Mehdiyevə məxsus olduğunu və onun, oğlu 2002-ci il təvəllüdlü Elgün Abbasov tərəfindən öldürüldüyünü bildirib.  

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, mayın 8-də Elgün Abbasov bacısı qızı Nilay Mustafayevanın doğum günü ilə əlaqədar təşkil olunmuş məclisdə spirtli içki içərək sərxoş olub. Bu halda Rəsulzadə qəsəbəsində, kirayədə yaşadığı evə gəlib. Evdə anası Ruhiyyə İsrafilova ilə qeyri-rəsmi yaşayan Rahib Mehdiyevlə aralarında mübahisə yaranıb. Rahib mübahisə zamanı Elgünün anası və bacısının ünvanına nalayiq ifadələr işlədib. Bundan hiddətlənən Elgün mətbəxdən məişət təyinatlı bıçağı götürüb, ondan söyüş söyməməsini tələb edib. Sonra sol əli ilə boğazından tutub, evin həyətində Rahibi beton dirəyə sıxıb. Anasının və doğma oğlu, azyaşlı Kamran İsrafilovun gözləri qarşısında sağ əlində tutduğu bıçaqla Rahib Mehdiyevə çoxsaylı zərbələr endirib və itələyərək, onu yerə yıxıb. Rahib Mehdiyev yenidən söyüş söyüb ayağa qalxanda, daha bir zərbə ürək nahiyəsinə vurub. Nəticədə R. Mehdiyev ölüb.


 
İş üzrə dindirilmiş Elgün Abbasov bildirib ki, 2002-ci ildə Xaçmaz rayonunda anadan olub. 8 yaşında Quba rayonunda olanda, yıxılaraq başı daşa dəydiyi üçün ağır travma alıb:

“Bundan sonra məndə psixi problemlər yaranmağa başladı, xəstəliyimlə əlaqədar hərbi xidmətdə də olmamışam. Quba rayon ruhi əsəb dispanserində stasionar müalicədə olmuşam. 2010-cu ildə anam Ruhiyyə İsrafilova və atam Nəbi Abbasov boşandılar. Bundan sonra mən, anam və bacımla birlikdə Bakı şəhərinə köçdük. 2016-cı ildən anam Rahib Mehdiyevlə ər-arvad kimi yaşayırdı. Kamran adlı övladları dünyaya gəlmişdi. Birlikdə Rəsulzadə qəsəbəsində, fərdi evdə kirayədə qalırdıq. Rahib spirtli içki aludəçisi olduğu üçün tez-tez evdə dava-dalaş salıb, məni və anamı nalayiq ifadələrlə təhqir edirdi. Bu səbəbdən onunla münasibətim yaxşı deyildi. Hadisədən 5 ay əvvəl Rahib anamı söydüyü üçün ondan polis şöbəsinə şikayət etmişdim.

2023-cü il mayın 8-də “Nəsimi” metrostansiyasının yaxınlığında yerləşən restoranda bacım qızı Nilay Mustafayevanın ad günü məclisində iştirak etdim. Tədbiri video-çəkilişlə qeydə alması üçün, NZS qəsəbəsinddə yaşadığımız vaxtlarda, qonşumuz olan Natiq Mirzəyevi dəvət etdik. Məclisdə Natiq, Rahib və mən spirtli içki qəbul etdik. Saat 21 radələrində tədbir qurtaranda Natiq Rahibdən zəhmət haqqı olaraq 70 manat pul istəyəndə, Rahib dedi gözlə. Anam Natiqə üzərində 25 manat olduğunu, qalan 45 manatı isə sabah verəcəyini bildirəndə Natiq ona acıqlandı. Rahibin təklifi ilə razılaşan Natiq yerdə qalan pulu almaq üçün bizimlə birgə evimizə gəldi. Mən, anam və azyaşlı Kamranla evin içərisinə keçdik”.

Natiqlə Rahib həyətdə qalaraq, mübahisə ediblər. Anası çölə çıxıb, mətbəxdə qabları yuyarkən Elgün onlara asta danışmalarını bildirib. Natiq Rahibə “pulumu ver, mən evə getmək istəyirəm” deyib, Rahib isə “sən bizim dostumuz kimi çəkiliş aparmısan, sənə pul verməyəcəm” söyləyib:

“Natiq ailəsinə pul aparmalı olduğunu bildirəndə, Rahib onunla söyüşlə danışmağa başladı. Onları sakitləşdirmək istəyən anamı da söyəndə mən çölə çıxaraq, Rahibə Natiqin pulu verməsini dedim. Hər ikisini itələyərək, küçəyə çıxartmağa çalışdım. Gedib, başqa yerdə söhbət etməklərini söylədim. Bu zaman Rahib anamla bacımın ünvanına nalayiq ifadələr işlətdi.

Buna görə, şkafdan bıçağı götürüb onun üzərinə getdim və əsəblərimi cilovlaya bilməyib, qollarına xəsarətlər yetirdim. Həmin vaxt Natiq də əsəbindən anamın yanında söyüş söydüyü üçün, yumruqla sağ qoluna zərbə vurdum. Sonra dayanmadan nalayiq ifadələr işlədən Rahibin boğazından sol əlimlə tutub sağ əlimdəki bıçaqla bədəninə zərbələr endirdim. Geri çəkilsəm də, Rahib yenə də söyüş söyə-söyə üzərimə gəlirdi. Dəfələrlə xəbərdarlıq etməyimə məhəl qoymadığı üçün öldürmək məqsədilə onun ürək nahiyəsinə zərbə vurdum. Bundan sonra Rahib 2-3 addım atıb, yerə yıxıldı. Bıçağı bağa tərəf atdım. Kömək etməkdən ötrü uşağın gətirdiyi köynəyi Rahibin yarasına sıxdım ki, qan axmasın. Anam Təcili Tibbi Yardıma zəng etdi. Köməkləşib, Rahibi evə apardıq və çarpayıya uzatdıq. Bir neçə dəqiqədən sonra o, keçindi. Natiq evdən çıxıb getdi”.

Elgün Abbasov əlavə edib ki, Rahib Mehtiyev ondan aman diləməyib, əksinə vurmağa cəhd etdikcə ünvanına söyüş söyüb. Əvvəllər narkotik vasitə və psixatrop maddələr qəbul edib.  
Zərərçəkmiş şəxsin hüquqi varisi Ramin Mehdiyev ifadəsində göstərib ki, Rahib Mehtiyev onun qardaşı olub:

“Mayın 8-də axşam Ruhiyyə İsrafilova zəng edib Rahibin özü-özünə bıçaqla xəsarətlər yetirdiyini xəbər verdi. Hadisə yerinə gələndə, Elgün Abbasovu görmədim, sonradan bildim ki, polis əməkdaşları onu şöbəyə aparıblar. Qardaşım əvvəllər bir dəfə məhkum olunub. Ailəmiz Ruhiyyəni qəbul etmədiyi üçün, bir-birimizin evinə gediş-gəlişimiz yox idi”. 

Şahid Ruhiyyə İsrafilova ifadəsində göstərib ki, Rahib əvvəl Natiqi itələyib, daha sonra əlində bıçaqla Elgünün üzərinə gedib:

“Oğlum da bunu görərək, şkafdan başqa bıçaq götürdü. Onlar dalaşmağa başlayanda, araya girib Elgünün əlindən kəsici aləti almağa çalışdım. Amma bunu bacarmadım. Daha sonra oğlum Rahibi vurdu. Dərhal yaxınlaşıb onun əlindən bıçağı dartıb aldım. Sonra Elgün qorxusundan huşunu itirdi. Onun üzünə su tökdüm. Rahibi evə aparandan sonra Elgün ağlayaraq, ondan gözlərini açmasını xahiş edirdi. Təcili Yardım işçiləri gələrək, Rahibin öldüyünü bildirdilər”.

Ruhiyyə İsrafilova əlavə edib ki, oğlu 4-5 yaşlarında olanda 2-ci mərtəbədən yıxılaraq, başından travma alıb. Buna görə, Elgündə müəyyən problemlər yaranıb, tez-tez əsəbiləşib, gecələr yata bilməyib. O, indiyə qədər heç kimi vurmayıb, yalnız öz-özünə xəsarət yetirib.
 
Şahid Kamran İsrafilov bildirib ki, mayın 8-də Elgün çölə çıxsa da, o evdən çıxmayıb:

“Çünki atamla Elgünün mübahisələri artıq mənim üçün adi hala çevirilmişdi. Elgün Rahiblə Natiqə gedib, başqa yerdə söhbət etmələrini bildirsə də, atam dayanmadan nalayiq ifadələr işlədirdi. Qısa müddətdən sonra Elgün qışqırıb kömək istəyəndə, həyətə çıxaraq, atamın yerdə uzandığını gördüm. Nə baş verdiyini soruşanda, Elgün atamın içkili olduğu və təsadüfən bıçaqla özünə xəsarət yetirdiyini, lakin ciddi bir şey olmadığını dedim. Heç bir problem olmadığını görərək, yenidən telefonda oyun oynamaqdan ötrü evə keçdim. Daha sonra Elgün atamı qucağında evə gətirib çarpayıya uzatdı. Onun paltarlarında qan ləkələri görmədim. Polis əməkdaşları evimizə gələndən sonra bildim ki, Elgün atamı bıçaqlayıb”. 

Məhkəmə iclasında Elgün Abbasov ifadə verməkdən imtina edib. 

Kompleks komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyinə görə, Elgün Abbasov ittiham olunan cinayət əməlini törədərkən “Emosional davamsız şəxsiyyət pozuntusu” xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini dərk və onları idarə etmək iqtidarında olmayıb. Buna görə o, anlaqsız hesab edilməlidir. 

Cinayət işinə əlavə olunmuş tələbnamədən görünüb ki, Binəqədi rayon məhkəməsinin 8 iyun 2023-cü il tarixli hökmü ilə Elgün Abbasov Cinayət Məcəlləsonin 177-ci (oğurluq) maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 

Məhkəmə nəticəyə gəlib ki, Elgün Abbasovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elgün Abbasov cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR