İnsanlara hürriyət, millətlərə istiqlal!

Analitikdən şok açıqlama: “İranın Qafanda konsulluq açmasının da xeyir-duası Moskvadan gəlir”

 

“Rusiya təkcə Azərbaycan ərazilərində deyil, bütün postsovet məkanında separatçıların ümidinə qalıb. Dünyanın ən nəhəng ölkəsinin liderinin ətrafındakı, elə keçirdiyi Valday klubunun son toplantısındakı iştirakçılara baxın. “Valday”çılar toplantıda 41 ölkənin nümayəndəsinin iştirak etdiyini bildirirlər. Amma reallıqda isə iştirakçıların sayı kifayət qədər azdır və hətta MDB üzvü olan ölkələrin bir hissəsi də bu toplantıda iştirak etməyi lazım bilməyiblər. Bu dəfə “Valday” separatçıların paradını xatırladırdı”.  

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Analitikə görə, digər tərəfdən, Vladimir Putinin son açıqlamaları da sübuta yetirdi ki, Rusiya şər imperiyası olaraq qalmaqdadır və bu ölkənin siyasətinə xas olan xüsusiyyətlər hələ uzun müddət dəyişməyəcək: “Neobolşevizim və neoimperializmin qarışığından əmələ gələn “siyasi horra” təfəkkürlü Rusiya siyasətçilərindən və beyinlərində, əsasən başlarındakı papağın halqası ölçüsündə qırışlar olan hərbiçilərindən də sivil, mədəni, əxlaqlı davranış gözləməyə dəyməz. Bu “siyasi horra” reallıqları qəbil edə, anlaya və anlaşa bilmir. O yalnız hesablaşmağı bacarır – sözün bütün mənalarında...”



E.Mirzəbəyli bildirdi ki, Rusiya dünyanın nəhəng təbii resurs mənbəyi və ideya generatorudur. Amma dünyadan fərqləri ondan ibarətdir ki, Rusiyada resursları və ideyaları öldürməklə məşğul olurlar: “Dünyanın ən nəhəng təbii ehtiyatlarının “üzərində oturan” dövlətin gününə bax... Şəhərləri, qəsəbələri, kəndləri SSRİ zamanında necə idisə, indi də elədir. ...İndi bu nəhənglikdə təbii resurslarla özünə normal iqtisadiyyat, müasir standartlarla müqayisədə orta səviyyədən də aşağı avtomobil sənayesi qura bilməyən, texnologiyasının inkişaf səviyyəsinə görə dünya reytinq cədvəlində 2.68 indekslə 46-cı sırada dayanan bir ölkə başqalarına nə verə bilər? Gün ağlaya bilirsə, elə özünə ağlasın... Rusiya heç bir xalqın və dövlətin etimadına layiq olmayan, sözünü tutmayanlar, yalançılar ölkəsidir və bu gün bölgəmizdə baş verən bütün neqativlər, o cümlədən İranın nümayiş etdirdiyi misli görünməmiş rəzalət məhz Moskvadan qaynaqlanır”.

Siyasi analitik əmindir ki, İranın Qafanda konsulluq açmasının da xeyir-duası Moskvadan gəlir: “Elə separatçı, müharibə cinayətkarı Arutunyanın Putinin “Valday”dakı məlum çıxışından sonra Moskvaya aparılması da təsadüfi deyil. Rusiya hazırda “sülhməramlı”larının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində özünə alternativ ssenarilər hazırlamaqla məşğuldur. Yəni birdən Ermənistan Rusiyanın iştirakı olmadan Azərbaycanla sülh müqaviləsi imzalasa və ölkəmizin etnik ermənilərin yaşadığı əraziləri üzərində suveren hüquqlarını tanısa, o zaman separatçılar vasitəsilə öz ənənəvi oyunlarına başlaya bilsin. Arayiki də çox güman ki, bununla bağlı təlimatlandırmaq üçün Moskvaya aparıblar. Əgər Arutunyanın Rusiyada hansısa görüşlər keçirəcəyi aydınlaşarsa, o zaman Söçi görüşünün baş tutacağına inanmıram. Soçi görüşündən öncə Rusiya 10 noyabr bəyanatıyla zəmanətçi kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə, sülhməramlıların Azərbaycan ərazilərindən çıxarılması tələb olunmalı, Laçın dəhlizi qapadılmalı, separatçılara Azərbaycan qanunlarına tabe olmaq üçün vaxt verilməli və paralel olaraq, dövlətimizin Azərbaycan ərazilərindəki etnik ermənilərin təhlükəsizliyi ilə bağlı tədbirlərini, həmçinin bu ərazilərin inkişafını özündə əks etdirən dövlət proqramının əsas detalları açıqlanmalıdır”.

 

E.Paşasoy,
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR