İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimatı keçirilib - FOTO

“Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimatı keçirilib.

APA xəbər verir ki, Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən təqdimatda dünyanın 20-dən çox ölkəsini təmsil edən diaspora təşkilatlarının nümayəndələri də iştirak edib.

Qeyd olunub ki, tədbir “Ana dili – Azərbaycan məktəbi”nin xaricdə yaşayan həmvətənlərimiz arasında təbliğinə həsr olunub.

Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə reallaşan “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan, müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə layihənin məqsədi barədə söz açıb: "Layihənin əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların və övladlarının ana dilini daha yaxşı mənimsəməsidir. Biz istəyirik ki, ana dilini öyrətməklə milli-mənəvi dəyərlərimizi də təbliğ edək. Layihədə məktəbli yaş qrupuna aid uşaqlar iştirak edə bilər və iştirak tamamilə ödənişsizdir. Həmçinin onu da qeyd edim ki, qeydiyyat 12 avqusta qədər davam edəcək".

Rüfət Əsədzadə layihənin təşkilatçı komandasının çox böyük təcrübəyə malik olduqlarını, Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərini də yüksək səviyyədə bildiklərini xüsusilə vurğulayıb.

“Ana dili – Azərbaycan məktəbi”nin məzmun üzrə rəhbəri İlahə Hacıyeva isə layihə ilə bağlı tədbir iştirakçılarına virtual məktəbin fəaliyyəti, proqramın məzmunu və digər vacib məsələlərlə bağlı ətraflı məlumat verib.

"Layihə Azərbaycan dilininin qorunması, inkişaf etdirilməsi və təbliğatı məqsədi güdür. Layihəmiz onlayn formatda keçirildiyi üçün bu, daha geniş bir coğrafiyaya çatmağımıza imkan verir".

İlahə Əsədzadə dərs materiallarının daha çox Azərbaycanın tarixi keçmişini, mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirdiyini də qeyd edib.

"Siniflərdə şagird sayı isə minimum 10, maksimum 15 olaraq nəzərdə tutulub".

Qeyd edək ki, “Ana dili – Azərbaycan məktəbi”nin tədris proqramı 3 yaş qrupu üçün 3 səviyyədə (başlanğıc, orta, yüksək) ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb.

2023-2024-cü tədris ilini əhatə edəcək proqram çərçivəsində virtual dərslərə bu ilin 15 sentyabr tarixindən başlanılacaq.

Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə 2-3 dəfə olmaqla virtual öyrənmə platforması vasitəsilə onlayn qaydada təşkil ediləcək.

İyulun 7-dən etibarən başlayan qeydiyyat prosesi 12 avqust 2023-cü il tarixinədək http://anadili.agma.az/ platforması vasitəsilə aparılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR