İnsanlara hürriyət, millətlərə istiqlal!

Alternativ Zəngəzur dəhlizi nə vaxta qaldı? - İranla imzalanan memorandumun müəmmalı taleyı

Rəsmi Tehranın anti-Azərbaycan siyasəti körpülərin atılmasını əngəlləyəcəkmi?

Bəlli olduğu kimi, bu ilin martında Azərbaycan və İran Zəngəzur dəhlizinə alternativ yolun inşası barədə anlaşma memorandumu imzalayıb. Bir az da detallı şəkildə xatırladaq ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixində Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdı.

Memorandumu Azərbaycan tərəfindən baş nazirin müavini, komissiyanın Azərbaycandan olan həmsədri Şahin Mustafayev, İran tərəfindən isə İranın yol və şəhərsalma naziri, komissiyanın iranlı həmsədri Rüstəm Qasemi imzalamışdı. Rəsmi məlumatda qeyd olunurdu ki, anlaşma memorandumunun imzalanmasının Azərbaycanla İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf etməsi isə xüsusi əhəmiyyət kəsb edir. O zaman bildirilirdi ki, memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Həmçinin tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür. Azərbaycan Respublikası və İran İslan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək. Bu məqsədlə, körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrup yaradılacaq.

Rəsmi Tehranın Zəngəzur dəhlizinin açılmasına aqressiv münasibəti anlaşılan deyil. Bir sıra hallarda Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” elan etməsi İran rəsmilərinin əndişəsindən xəbər verir, amma əbəs yerə. Çünki Azərbaycan, sadəcə, özünün Naxçıvanla quru yolunu təmin etmək, eyni zamanda Türkiyəyə çıxış imkanına nail olmaq istəyir ki, bu da onun təbii haqqıdır. Yəni hər hansı sərhəd dəyişikliyindən söhbət getmir. İran rəsmiləri bir sıra hallarda iddia edirlər ki, Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi İran ərazisindən keçməklə də mümkündür, işğal dövründə də bu yoldan istifadə olunub. Ancaq absurd iddiadır, Azərbaycan niyə özünün təbii haqqından geri çəkilməlidir?

Bütün bunlara rəğmən Azərbaycan İran ərazisindən keçməklə alternativ dəhliz yolun reallaşmasında da maraqlıdır. Lakin təəssüf ki, rəsmi Tehran bu jesi qiymətləndirə bilmir. Prezident İlham Əliyev 11 mart 2022-ci il tarixində İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən yeni kommunikasiya bağlantısının nəqliyyat və elektrik enerjisi üçün önəmli beynəlxalq dəhliz olacağını xüsusi vurğulamışdı. Cari ilin 21 sentyabrında isə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə (onlayn) Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirildi. Mərazimdə İran İslam Respublikasının nümayəndə heyəti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər. Təməlqoyma mərazimindən sonra da bildirildi ki, layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq. O da vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş bərpa və quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi Horadiz-Ağbənd avtomobil yolu layihəsi 59 faiz, Horadiz-Ağbənd dəmir yolu layihəsi isə 38 faiz icra olunub.

Qeyd olunduğu kimi, İran İslam Respublikası ilə imzalanan sənədə əsasən, Ermənistan sərhədi ilə 5 kilometr məsafədən keçən yol Şərqi Zəngəzur rayonunu Naxçıvanla birləşdirəcək. Bura avtomobil və dəmir yolu, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılması daxildir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan İranla memorandum çərçivəsində Araz çayı üzərində iki körpünün inşasına başlayıb. Lakin sonra start verilən layihələrdən heç bir xəbər çıxmadı. Bəzi müşahidəçilərin fikrincə, ola bilər İranın payız aylarında Arazboyu bölgədə hərbi təlimlər keçirməsi və Bakı-Tehran münasibətlərində gərginliyin pik həddə qalxması inşasına start verilən körpülərdə işi yarımçıq qoyub. Hər halda, başadüşüləndir, Azərbaycan Araz çayı üzərinə dostluq körpüləri atmaq istəyir, bu istiqamətində maliyyə və əmək sərf edir, İran isə Arazın üzərindən pantonlar ataraq, tankların keçidini təmin edən körpülər qurur. Bəs ümumilikdə hazırda körpülərin və alternativ yolun inşası davam edirmi, sualına cavab çox maraqlıdır...

Bu yerdə bir məqama da diqqət çəkək. Məsələ ondadır ki, cənub qonşumuz Ermənistandan keçəcək və 10 noyabr kapitulyasiya sənədində əksini tapmış eksterritorial (maneəsiz) Zəngəzur dəhlizini nədənsə özünə təhlükə hesab edir və var gücü ilə onun reallaşmasını əngəlləməyə çalışır. Hansısa “qırmızı xətt”dən dəm vurur. Hətta arada Azərbaycanı hədələyir. Bu məqsədlə Araz sahili boyu sərhədlərimiz yaxınlığında təxribatçı hərbi təlimlər də keçirib. Öz növbəsində Azərbaycan qardaş Türkiyə ilə birgə “qardaş yumruğu” adlı birgə təlimlərlə İrana sanballı cavab verib. Eyni zamanda Tehran ötən müddətdə Bakının acığına Ermənistanla hərbi sfera da daxil, daha sıx əlaqələr qurub, hətta İrəvana zərbə dronları vəd edib. Heç bir lüzum olmadığı halda Qafanda konsulluq açıb. Azərbaycanı qızışdırmaq üçün Təbrizdə də heç bir ehtiyac olmadığı halda Ermənistan konsulluğunun açılacağının anonsu verilib. Ardınca da Güneylə bağlı tərəflər arasında sərtləşən ritorika. Qısası, hazırda Bakı və Tehran arasında münasibətlər sonuncunun günahı üzündən kifayət qədər gərgindir. Həm də İranda davam edən xalq etirazları fonunda, Azərbaycan dövlətinin güneyli soydaşlarımıza sahib çıxacağı haqda məlum mesajlarından sonra. Odur ki, bir sual aktuallığını saxlayır: alternativ Zəngəzur yolunun taleyi nə yerdədir? Memorandum reallaşmaya bilərmi? İran (Güney) tərəfdən də inşa işləri gedirmi? Bu mövzuda daha çox məlumatlı olan şəxslərlə, bölgənin deputatları ilə söhbət etdik.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov: “İran-Azərbaycan münasibətlərindəki hazırkı gərginliyin əsas günahkarı məhz rəsmi Tehranın siyasətidir”

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, sözügedən təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdü və artıq ilkin layihələndirmə işlərinə da başlanılmışdı: “Tərəflər ərazilərə baxış da keçirmişdilər. Ancaq İran Azərbaycanla sərhəddə ikinci dəfə hərbi təlim keçirməklə, həmçinin özünün diversiya qrupunu Qarabağa göndərməklə bu layihələrin də icrasına mane oldu. Azərbaycan İranla münasibətlərin qorunmasında, birgə layihələrin icrasında maraqlıdır. Ancaq rəsmi Tehran Ermənistanı davamlı dəstəkləməklə, hətta hərbi yardımlar etməklə bu əməkdaşlığa xələl gətirir. Əvvəllər dəfələrlə qeyd etmişəm, İran-Azərbaycan münasibətlərindəki hazırkı gərginliyin əsas günahkarı məhz rəsmi Tehranın siyasətidir. Lakin İran hamını günahlandırır, özündən başqa...”

C.Məmmədov İranın anti-Azərbaycan siyasətindən, işğalçı Ermənistana verdiyi dəstəkdən də bəhs etdi: “İran 30 il Ermənistanın ayaqda qalmasına hər cür dəstək oldu, torpaqlarımızın işğalına, məscidlərimizin dağıdılmasına, içərisində heyvan saxlanılmasına müsəlman ölkəsi olmasına baxmayaraq göz yumdu. Əksəriyyətimiz bütün bunları yaxşı xatırlayır. Prezident İlham Əliyev Cəbrayıl azad olunduqdan sonra bu bölgəyə səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq İrana xoş mesajlar verdi. Dedi bu körpü dostluq və qardaşlıq körpüsüdür. Bu, o demək idi ki, bu günə kimi nə etmisiniz, keçmişdə qaldı. Gəlin dost olaq, eyni səhvləri təkrarlamayın! Bunun qarşılığında İran nə etdi? Bir az keçən kimi sərhəddə sınıq-salxaq texnikaları ilə hərbi təlim keçirdi, bizi hədələdi, Zəngəzur dəhlizini "qırmızı xətt" adlandırdı və digər bir müsəlman ölkəsinə yaraşmayan addımlar atdı".

Deputat bir daha qeyd etdi ki, biz münasibətlərin normallaşmasında və birgə layihələrin icrasında maraqlıyıq: “Ancaq İran bizə düşmən münasibətinə, Ermənistanı bizim əleyhimizə dəstəkləməyə son qoymalıdır. Ən azından ziyanın yarısından qayıtmalıdır. Bu düşmənçilik və təxribatlar İrana çox baha başa gələcək”.

Vüqar Bayramov: “Azərbaycanın istehlak bazarında tarazlıq qorunub  saxlanılır”

Vüqar Bayramov: “Bütövlükdə Zəngəzur dəhlizinin reallaşması Azərbaycan üçün prioritetdir və Azərbaycan bu istiqamətdə fəaliyyətini daha da gücləndirib”

84 saylı Füzuli seçki dairəsinin deputatı, iqtisadçı Vüqar Bayramov isə hesab edir ki, Azərbaycan üçün Zəngəzur dəhlizinin məhz Zəngəzurdan keçməklə reallaşması daha vacibdir: “Azərbaycan əslində məhz bu istiqamətdə fəaliyyətini davam etdirir. Əsas məqsəd ondan ibarətdir ki, Zəngəzur dəhlizinin Zəngəzurdan keçməklə reallaşması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz keçid, gediş-gəlişin bərpa edilməsinə nail olmaqdır. Bu baxımdan həyata keçirilən siyasət məhz Zəngəzur dəhlizinin reallaşması ilə bağlıdır. Son proseslər də onu göstərir ki, Zəngəzur dəhlizi reallaşacaq , sadəcə, bu yalnız zaman məsələsidir. Dəhlizin nə zaman reallaşması əslində müzakirə mövzusu ola bilər. Amma bütövlükdə Zəngəzur dəhlizinin reallaşması Azərbaycan üçün prioritetdir və Azərbaycan bu istiqamətdə fəaliyyətini daha da gücləndirib”.

V.Bayramov qeyd etdi ki, altenativ dəhlizlər və ya yollar əhəmiyyətlidir: “Ümumiyyətlə, istənilən nəqliyyat qovşağına və ya dəhlizə alternativin olmasının iqtisadi, həm də təbii ki, nəqliyyat, logistika baxımından hər hansı bir ziyanı yoxdur, bu, əlavə üstünlükdür. Amma nəzərə alsaq ki, son dövrlər İranın mövqeyi, xüsusilə də region ölkələri ilə müqayisədə qeyri-obyektivdir. İran Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirir. Bu baxımdan təbii ki, hələlik mövcud siyasi şərtləri nəzərə alsaq, məhz alternativ xətt əvvəlki qədər əhəmiyyət kəsb etmir. Amma İran qonşu dövlətdir. Azərbaycan İranla münasibətlərin yaxşılaşmasında və inkişafında maraqlı olacaq. Amma təəssüf ki, İranın mövqeyi münasibətlərin yaxşılaşmasına imkan vermir. İndiki halda əsas hədəf məhz Zəngəzurdan keçməklə dəhlizin reallaşmasına nail olmaqdır. Eyni zamanda İranın qeyri-obyektiv və qərəzli mövqeyi İran üzərindən keçən layihələrin əhəmiyyətini xeyli dərəcədə azaldıb".

Suallarımıza cavab almaq üçün İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq. Telefona cavab verən operator bildirdi ki, mətbuat xidmətinin rəhbəri İrandadır. Suallarımıza cavab vermək üçün digər səlahiyyətli şəxsləri soruşduqda, bildirdi ki, bu barədə onları məlumatlandıracaq...

 Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR