İnsanlara hürriyət, millətlərə istiqlal!

“Alovlana biləcək istənilən hərbi ocağın söndürülməsi çox çətin olacaq...”-Ciddi xəbərdarlıq

 

“Qərb dövlətlərinin vizual kəşfiyyatçılarının sərhəddə yerləşdirilməsi Ermənistan dövlətinin müstəqil daxili və xarici siyasətinin olmamasından xəbər verir”.

Deputat Arzu Nağıyev bunu Avropa İttifaqının Ermənistandakı missiya ilə bağlı Musavat.com-a açıqlamasında söyləyib.

 Bildirib ki, bu missiyanın əsas məqsədi ilk növbədə Rusiyaya inamsızlığı artırmaq, regionda baş verən hadisələri özlərinə sərf edən kimi təqdim etməkdir: “Bu üsulla Cənubi Qafqazda itirdikləri nüfuzlarını bərpa etmək cəhdi, regiona gətirilən silahların yerləşdirilməsini və törədə biləcək fəsadları ört-basdır etməkdir. Məlumdur ki, müşahidəçi qismində təqdim edilən nümayəndələr delimitasiya və demarkasiya proseslərinə müsbət təsir etmirlər və əksinə, daha da gərginləşdirilər. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması heç bir vasitəçi olmadan iki dövlət arasında daha uğurla həyata keçirilə bilər və bu istiqamətdə də ciddi addımlar atır.

Təəssüf ki, erməni siyasiləri Qərbin regionda apardığı çirkin oyunlarda vasitəçi rolunda çıxış etməklə guya Qərbin müttəfiqi kimi siyasi addımlar atırlar”.

A.Nağıyev qeyd etdi ki, Rusiyanın Ermənistanda daha konkret addımlar atmaması, daha doğrusu, daima vassalı olan Ermənistana ciddi təpkilər göstərməməsi təəssüf doğurur: “İstər KTMT məsələsində, istər digər bloklarda təmsil olunmalarına baxmayaraq, Rusiya öz mövqeyini ancaq deklarativ bəyanatlarla göstərir”.

 Deputat bildirdi ki, bundan başqa, rəsmi Tehranın münasibəti də diqqətdən kənarda qala bilməz:

“Prosesləri ciddi təhlil etsək, Qərbin İranın sərhədlərinə bu qədər yaxınlaşması məsələsi müzakirə edilməli, konkret nəticələrə gətirməlidir. Türkiyə ilə Ermənistan da müvafiq addımlar atmalı, tez bir zamanda sülhə nail olmaq üçün dəqiq qərar verməlidir. Təbii ki, Azərbaycan bu prosesləri dərindən izləyir və təhlil edir, əsas nəticəmiz də o ola bilər ki, sülhün bərqərar olması tək iki dövlətə aid yox, bütün regiona və beynəlxalq səviyyədə hamıya lazımdır. Əks halda yarana biləcək və ya alovlana biləcək istənilən hərbi ocağın söndürülməsi çox çətin olacaq...”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR