İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman konslagerlərindən sovet “QULaq”ına - sovet hərbi əsirlərinin faciəsi

Hələ II dünya müharibəsinin başlanğıcında nasist Almaniyasının hakimiyyəti sovet hərbi əsirlərinin saxlanmasını və rəftarını tənzimləyən sənəd hazırlayıb. Sənədə əsasən əsirlər xüsusilə, qoşunların ehtiyaclarına uyğun olaraq işdə istifadə edilib. Almaniya qoşunlarının SSRİ-nin dərinliklərinə sürətlə irəliləməsi və müharibənin ilk aylarında qırmızı ordunun böyük hissələrinin mühasirəyə alınması çox sayda hərbçinin əsir alınması ilə nəticələnib.

Almaniya tərəfinin məlumatına görə, müharibənin ilk üç həftəsində 360 min sovet əsgəri və zabiti əsir götürülüb, 1941-ci ilin sonunda onların sayı 3,3 milyondan çox olub. 1942-ci ilin əvvəllərində əmək resurslarının çatışmazlığı səbəbindən Almaniya rəhbərliyi sovet hərbi əsirlərindən ölkə iqtisadiyyatında işçi qüvvəsi kimi istifadə etməyə başlayıb.

Eyni zamanda sovet hərbi əsirlərinin faciəsi bir sıra amillərlə əvvəlcədən müəyyən edilib. Sovet İttifaqı “Quruda müharibə qanunları və adətləri haqqında” 1907-ci il tarixli Haaqa konvensiyasını rəsmən tanımayıb və hərbi əsirlərlə rəftarla bağlı Cenevrə konvensiyasını imzalamayıb. Bu, alman rəsmilərinə Cenevrə konvensiyasının sovet hərbi əsirlərinə şamil edilmədiyini iddia etmək imkanı verib.

8-Анохин-Субботин-750x444.jpg (73 KB)

1944-cü ilin mayına qədər 724 min əsir müxtəlif sənaye sahələrində, daha 151 min nəfər cəbhə xəttində və qoşunların əməliyyat zonalarında işləyib. Ümumilikdə müharibə zamanı 5,7 milyona qədər sovet hərbi əsiri alman düşərgələrində olub. 1941-ci ilin oktyabrında əsir düşərgələrindən seçilmiş əsrilər kütləvi şəkildə həbs düşərgələrinə köçürülüb və orada öldürülüb. Ən azı 30.000 adam güllələnib. Sənədlərdə göstərilib ki, Vermaxtın 13 ordusu, 44 ordu korpusu və digər diviziyalar bu sahədə canfəşanlıq göstərib.

Əsirlikdə işgəncə, zorakılıq, məcburi əmək, aclıq və ən kiçik müqavimətə görə edamlarla yanaşı, hərbi əsirlərin taleyində daha bir faciəvi amil öz ölkələrinin hakimiyyətinin onlara münasibəti olub. Əsirlikdən qayıdan çoxları vətənə xəyanətdə ittiham olunub.

SSRİ Dövlət Müdafiə Komitəsinin 27 dekabr 1941-ci il tarixli fərmanı ilə “əsir və düşmən tərəfindən mühasirəyə alınmış keçmiş qırmızı ordunun hərbi qulluqçularını” yoxlamaq üçün düşərgələr şəbəkəsi yaradılıb ki, bunlar əslində ciddi rejimli hərbi həbsxanalar olub.

16211404831adolfhitler222.jpeg (144 KB)

Ümumilikdə, müharibə zamanı və müharibədən sonrakı dövrdə alman düşərgələrində olan təxminən 1,8 milyon keçmiş sovet əsiri azad edilib və yoxlanılıb. Onların bir çoxu yenidən orduya çağırılıb, əhəmiyyətli bir hissəsi xüsusi əmək batalyonlarında bu dünyadan köçüb. Artıq 1941-ci ilin payızında SSRİ-də azad edilmiş məhbusları və mühasirədə olanları yoxlamaq üçün müəssisələr şəbəkəsi yaradılıb. SSRİ Xalq Daxili İşlər Komissarlığı (XDİK) belə şəxslərin saxlanılması və yoxlanması üçün xüsusi düşərgələr təşkil edib. Əvvəlcə 10 xüsusi düşərgə yaradılıb. 1942-ci ildə Voloqda, Tambov, Ryazan, Kursk, Voronej və digər bölgələrdə daha 22 düşərgə meydana çıxıb.

1941-ci ilin oktyabrından 1944-cü ilin martına qədər olan ümumi məlumatlara görə, XDİK və “Smerş” düşərgələrinə xüsusi yoxlamalar üçün göndərilmiş 317 594 keçmiş hərbi əsirdən 227 618 nəfəri (71,6%) orduya və komissarlığın qoşunlarına qaytarılıb, 8 225 nəfəri hərbi hissəyə göndərilib, 5 716 nəfər (1,7%) müdafiə sənayesinə köçürülüb, 1 529 nəfər (0,4%) xüsusi düşərgələrə qaytarılmadan xəstəxanalara göndərilib, 11 283 nəfər (3,5%) həbs edilib, 1 779 nəfər (0,5%) yoxlama zamanı işgəncələrə dözməyərək dünyasını dəyişib.

image249.jpg (89 KB)

Tədqiqatçıların ixtiyarında olan 1944-cü il hesabata əsasən xüsusi kontingentdəki 701 666 nəfərdən 85%-i yoxlamadan uğurla keçib. Digərlərinin taleyi (100 mindən çox şəxs) düşərgələrdə bitib. Bütövlükdə müharibədən sonra 600 mindən çox insan xüsusi düşərgələrə göndərilib. Onlardan 233 mini məhkum edilib, 370 mini isə rəsmən həbsdən azad edilib. Lakin nasistlərin əlindən qurtulub SSRİ zabitlərinin əlinə düşərək ölənlərin sayının çox olduğu deyilir. Çünki SSRİ-nin şərqinə xidmətlərini davam etdirmək üçün göndərilən şəxslər “QULaq”ın sakinlərinə çevriliblər. Onların qohumlarına isə bir cümlədən ibarət məktub gəlib: “Şərqə gedib, itkin düşüb...”.

Sənəddə tərxis edilən yaşlılar kimi qeydiyyata düşən keçmiş əsirlər “sənayedə işləmək və xalq təsərrüfatını bərpa etmək üçün” əmək batalyonlarına və ya Donbas mədənlərinə göndəriliblər. 1946-cı ildən isə batalyonlar ləğv edildikdən sonra həmin şəxslər azad olunmayıb, onlar məcburi əməyi tərk etmək hüququ olmadan müəssisələrə təyin edilib, illər ərzində qul kimi işlədiliblər.

8-Перевощиков-750x444.jpg (68 KB)

Digər tərəfdən, əsirlərin təkcə özləri yox, ailə üzvləri də Stalinin birbaşa göstərişi qəbul edilən qərar əsasında həbs edilib və düşərgələrə göndərilib. Ali komandanlıq qərargahının 1941-ci il 16 avqust tarixli 270 saylı əmrinə əsasən aşağıdakı qayda tətbiq edilib: “Döyüş zamanı fərqlənmə nişanlarını qoparıb arxa cəbhəyə keçən və ya düşmənə təslim olan komandirlər və siyasi xadimlər fərari hesab edilsinlər, ailələri andını pozaraq vətənə xəyanət etmiş fərarilərin ailəsi kimi həbs olunsun. Qoşunlar mühasirəyə alındıqda hərbçilər son nəfəsə qədər vuruşmalıdır, hər hansı bir qrup təslim olmağı seçərsə, onlar həm qurudan, həm də havadan bütün vasitələrlə məhv edilməlidir. Təslim olan qırməzə ordu əsgərlərinin ailələri dövlət tərəfindən verilən imtiyazlardan məhrum edilməlidir”.

Bakılı Pyotr Astaxov xatirələrində danışıb ki, müharibə vaxtı əsir düşmələrinin ən böyük səbəbi “başsız” qalmaları olub. Geri dönmək istəməməyinin səbəbi isə özü ilə birlikdə bütün ailə üzvlərinin bir gecə qara avtomobillə naməlum istiqamətə aparılacığı qorxusu olub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR