Onlayn ictimai-siyasi qəzet
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl Rusiyanın Baltikyanı ölkələrə və ya Norveçə məxsus Şpisbergen adalarına hərbi müdaxilə hazırlığında olduğunu bəyan edib.
Kahlın sözlərinə görə, Kreml Krımın işğalı zamanı istifadə etdiyi “yaşıl adamcıqlar” ssenarisi ilə oxşar hücumlar təşkil edə bilər.
Kahl: Rusiya Qərbə qarşı hərbi gücünü artırır
Almaniyanın nüfuzlu “Welt” qəzetinin verdiyi məlumata görə, Bruno Kahl Berlində “Alman Xarici Siyasət Cəmiyyəti”nin təşkil etdiyi tədbirdə çıxış edərək Rusiya ilə Qərb arasında hərbi qarşıdurma riskinin artdığını qeyd edib. Onun sözlərinə görə, Kreml hazırda 2020-ci illərin sonlarına qədər hərbi potensialını artırmaq üçün fəal hazırlıqlar görür və bu, Qərbə qarşı daha genişmiqyaslı təcavüz planlarının bir hissəsi ola bilər.
Kahl mümkün ssenariləri də diqqətə çatdırıb. Onun fikrincə, Moskva Baltikyanı ölkələrdəki rus azlığının guya “təhlükə altında” olduğunu bəhanə edərək “yaşıl adamcıqlar” vasitəsilə orada mövqelərini gücləndirə və ya Şpisbergen adalarında “qısa müddətli ərazi təmizlənməsi” əməliyyatı keçirə bilər.
NATO-nun 5-ci maddəsi sınağa çəkilə bilər
BND rəhbəri vurğulayıb ki, bu cür əməliyyatlar NATO-nun 5-ci maddəsinin - üzv dövlətlərə hücum zamanı kollektiv müdafiə öhdəliyinin səmərəliliyini sınaqdan keçirmək məqsədi daşıya bilər. Kreml, NATO-nun bu məsələdə zəif mövqe sərgiləməsini Qərbin kollektiv gücünün zəifləməsi üçün fürsət kimi görür. Əgər Qərb adekvat reaksiya göstərməsə, Moskva bu zəifliyi öz təsir dairəsini genişləndirmək üçün istifadə edə bilər.
Litvalı politoloq: “Hibrid müharibə artıq başlayıb”
Alman kəşfiyyat rəhbərinin xəbərdarlığına Litvalı politoloq Bernaras İvanovas da reaksiya verib. Haqqin.az-a danışan İvanovas Rusiyanın Baltikyanı ölkələrə hibrid müharibə ilə təzyiq göstərdiyini bildirib: “Rusiya NATO üzvü olan hər hansı bir ölkəyə hücum planlaşdırır və ilk növbədə Baltikyanı ölkələr risk altındadır. Moskva bu ölkələrə yalnız keçmiş SSRİ ərazisi kimi baxır. Vladimir Putinə müharibəyə başlamaq üçün bəhanə lazım deyil. Onun niyyətləri yalnız öz məqsədlərinə xidmət edir.”
İvanovas əlavə edib ki, hazırda Rusiya Ukraynadakı müharibədə resurslarının böyük hissəsini xərclədiyi üçün Baltikyanı ölkələrdə böyükmiqyaslı hərbi əməliyyat gözlənilmir. Lakin Moskva hibrid müharibə vasitəsilə Avropanın birliyini və qətiyyətini sınaqdan keçirməkdə davam edəcək. Politoloq qeyd edib ki, Rusiya Polşa və ya NATO üzvü olan digər ölkələrin ərazisinə “təsadüfi” raket zərbələri endirə və ya sərhəd regionlarda gərginlik yarada bilər.
Rusiyanın hədəfi: Qərbin zəifləməsi
Alman kəşfiyyat rəhbəri və Litvalı politoloqun bəyanatları göstərir ki, Rusiya Qərbə qarşı hibrid müharibə vasitəsilə hərbi və siyasi təzyiq göstərməkdə davam edir. Kreml NATO-nun birliyini zəiflətmək və Qərbin təsir dairəsini məhdudlaşdırmaq üçün müxtəlif strategiyalar həyata keçirir. Baltikyanı ölkələr və Şpisbergen adaları isə bu strategiyanın mümkün hədəfləri kimi qeyd edilir.
Bu proseslər Rusiyanın beynəlxalq arenada təsir dairəsini genişləndirmək niyyətində olduğunu və Qərb ölkələrinin bu təhlükəyə necə reaksiya verəcəyinin yaxın illərdə böyük əhəmiyyət daşıyacağını göstərir. NATO və Avropa ölkələrinin birliyi bu vəziyyətdə həlledici rol oynaya bilər.
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ