İnsanlara hürriyət, millətlərə istiqlal!

Alınmadı! Erməni lobbisi fiaskoya uğradı

Musavat.com Minval.az saytının yazarı Nuraninin məqaləsinin Azərbaycan dilindəki versiyasını təqdim edir:

Erməni lobbisinin daha bir cəhdi uğursuzluğa düçar oldu. Minval.az-ın xəbərinə görə, İsveçrə xarici işlər naziri İnyatsio Kassis deputatların Qarabağ mövzusunda beynəlxalq konfrans çağırılması təşəbbüsünü rədd edib.

Xatırladaq ki, belə bir konfrans ideyasının arxasında yerli erməni lobbisinin dayandığı oktyabr ayından bəri məlumdur. Məhz həmin vaxt İsveçrə parlamentinin aşağı palatasının beynəlxalq məsələlər komitəsi erməni lobbisinin təsiri ilə bu konfrans ideyasını dəstəkləyən qətnamə qəbul etmişdi. Kağız üzərində hər şey çox cəlbedici görünürdü: guya belə bir forum Azərbaycan ilə “Qarabağ erməniləri” arasında dialoq üçün şərait yaradacaqdı. Lakin indi İsveçrə rəsmiləri bu ideyanı rədd edərək bəyan etdilər ki, vəziyyətin nizamlanması ilə Ermənistan və Azərbaycan məşğul olmalıdır.

Bu, şübhəsiz ki, erməni lobbisinin növbəti ciddi məğlubiyyətidir və Azərbaycan diplomatlarının İsveçrədəki uğurlu və görünməz səylərinin nəticəsidir. İsveçrə beynəlxalq arenada müxtəlif növ konfranslar təşkil etməyi çox sevir və bu, alpin respublikasının əsas beynəlxalq fəaliyyəti hesab olunur. Bundan əlavə, müasir Avropa diplomatiyası “toplaşdıq, danışdıq və dağıldıq” tipli tədbirləri öz iş metodu kimi qəbul edib – iştirak edirlər, amma konkret heç bir nəticə əldə etmirlər.

Ancaq bu məğlubiyyət erməni lobbisinin cəhdlərinin artıq sona çatdığını göstərmir. Burada özümüzə bir sual vermək lazımdır: əslində onların planı nə idi?

Düzünü desək, Azərbaycan torpaqlarından erməni işğalçılarını çıxardıqdan və Samvel Şahramanyan Ermənistan tərəfindən yaradılmış qanunsuz Qarabağ rejiminin özünü buraxması haqqında fərman imzaladıqdan sonra Ermənistanın bu dialoqda iştirak üçün meydanı qalmayıb. Azərbaycan əvvəldən belə bir dialoqu təklif etmişdi. Prezident İlham Əliyev Dmitri Kiselyova müsahibəsində də bunu xatırlatmışdı: “Hələ 2023-cü ilin sentyabrında biz birgünlük antiterror əməliyyatı keçirməzdən əvvəl Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi şəkildə dərc etmişdik. Bu plan açıq şəkildə internetdə yerləşdirilib. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə əlaqə qurmaq üçün dəfələrlə etdiyimiz cəhdlər nəticə vermədi. Onlar bizi görməzlikdən gəlirdilər, görüşmək, danışmaq istəmirdilər. Biz də onların diqqətini cəlb etmək üçün bu planı internetdə açıq şəkildə elan etdik. Orada hər şey çox dəqiq göstərilib: təhsil, mədəni mühitin qorunması, inteqrasiya yolları, yaşayış icazəsi vətəndaşlıq müraciətləri, iş icazələri və s. Əgər kimsə düşünürdüsə ki, bütün bu baş verənlərdən sonra onlar hansısa “Dağlıq Qarabağ Respublikası”nda yaşayacaq, bu artıq onların problemidir.”

Azərbaycan tərəfi heç kəsi zorla ölkədə saxlamadı və suverenliyimizin bərpa edildiyi ərazilərdə yaşamağı qəbuledilməz hesab edənlər üçün çıxış yolu açıq idi.

Bundan əlavə, İsveçrədə erməni lobbisinin məğlubiyyəti göstərir ki, “ermənilərin Qarabağa qayıdışı” mövzusu artıq beynəlxalq müzakirələrdən kənarda qalaraq, yalnız “erməni dairələrində” əhəmiyyət kəsb edir. Azərbaycan isə Qarabağ ermənilərinə dair gündəliyini tam şəkildə həyata keçirib. İndi məsələ artıq özlərini müəyyən etmək üçün ermənilərin öz əlindədir. “Biz Qarabağda yaşamaq istəyirik, amma Azərbaycan çərçivəsində yox” kimi yanaşmalar artıq keçərli deyil. Çünki indi nə 1988-ci, nə 1994-cü, nə də 2019-cu ildir.

Amma burada bir sual yaranır: əgər vəziyyət bu qədər aydın və dəyişməzdirsə, “dialoq”, “beynəlxalq konfrans” kimi pafoslu çağırışların arxasında nə dayanır? Belə təşəbbüsləri irəli sürənlər, doğrudan da, “yerindəki” reallıqları anlamırlarmı?

İsveçrəli deputatlardan bəziləri bəlkə də doğrudan da reallıqlardan xəbərsizdir. Amma erməni siyasi rəhbərliyi çox gözəl anlayır ki, bu səylərin məqsədi nədir. “Minimum proqram” – Ermənistanın hələ də aktiv olan keçmiş işğalçı rejiminin qalıqlarına müəyyən qanuni status qazandırmaqdır. Şahramanyanın “fərmanı”na baxmayaraq, bu strukturlar Ermənistanda hələ də fəaliyyət göstərir və “Qarabağ ermənilərini” məhz bu qüvvələrin təmsil edəcəyi şübhəsizdir. “Maksimum proqram” isə “təhlükəsizlik zəmanətləri altında geri qayıdış” ideyasını gündəmə gətirməklə azad edilmiş ərazilərin təkrar işğalını hədəfləyir.

Bu səbəbdən də belə cəhdlərə adekvat şəkildə cavab vermək və ayıq-sayıq olmaq lazımdır.

Məqalənin rus dilindəki orijinalı bu linkdə: https://minval.az/news/124438077

 

Nurani Qasımova, Minval.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR