İnsanlara hürriyət, millətlərə istiqlal!

Aliment dovşanları

Öncə bir “kalendar” temasını yazaq, əks halda, hörmətli oxucular bizi yaddaşsızlıqda suçlayar. Biz gərək tarixi unutmayaq, yoxsa təkrar olunarmış.  Məsələn, mən bu cızmaqaranı edən gün - iyunun 3-də Frans Kafkanın və Nazim Hikmətin öldüyü gün idi. Ondan iki gün qabaq, 1 iyunda Paşinyanın doğum günüydü. Daşnaklar onun üstünə bərk düşüblər, hətta guya məzələnmək üçün Nyu-Yorkda küçə ekranında Nikolu türk dilində təbrik eləmişdilər. 

Bu axmaq daşnaklar, deyəsən, qırılıb qurtarmayınca erməniləri adam kimi yaşamağa qoymayacaqlar. Hara baxırsan ara qızışdırırlar. Beynəlxalq himayədarları da usanmır. Bugünlərdə nüfuzlu bir xarici agentliyin Ermənistandan reportajına qulaq asırdım, Paşinyanın əleyhinə çıxan keşiş, əvvəllər “srbazan” (müqəddəs) yarlıklı, indi isə “sutasan” olmuş (bu da erməni dilində yalançı, gopçu deməkmiş) Baqrat Qalstanyanı belə təqdim elədilər ki, bunun üstün cəhəti... cavan olmasıdır. Təsəvvür elə. Həyasız yalanın zirvəsi idi, çünki Baqratın 53 yaşı var. Əgər bu cavan və ümidverici sayılırsa, 49 yaşına keçən yetim Paşinyan kim olur? 

Yəni hazırda Ermənistana bizim “90-cı illəri” yaşatmaq istəyənlər çoxdur. Həm daxillərində, həm xariclərində. Bax, elə bu yazını oxuyacağınız 4 iyun günü, 1993-cü ilin o biabırçı vaxtları gərək bizim yadımızdan çıxmasın. Ermənilər bizdəki xarici agentlərdən, surətkimilərdən o zaman çox güclü istifadə elədilər. Biz fürsət ikən ermənilərə o münasibəti göstərməyək. İgid basdığını kəsməz. 

Həm də qəribədir ki, oradakı daşnaklar aktivləşəndə bizdəki “doxsanlar” da aktivləşir. Elə bil bir-birinin dəyirmanına su axıdırlar - dəbdə olan ritorika ilə söyləsək. Kimləri nəzərdə tuturam, açıqlamağa ehtiyac yoxdur. Özünüz yaxşı bilirsiniz. Siyasətə qayıdanın biri bir qəpiyədir, maşallah. Yəqin baş qiyamçı sağ olsa indi yun zavodunu təzədən “xodlayıb” qırxıma başlamışdı. Təbiət üzümüzə baxıb. 

Keçək aktual mövzulara. 17 il Qusarın icra başçısı olmuş Şair Alxasovu keçən həftə vəzifədən atdılar. Dərhal ortaya çıxdı ki, bu adam şimal bölgəsində Ramiz Mehdiyevin pis əməllərini həyata keçirirmiş. Ona və özünə zırıltı villalar tikmişdir, torpaqları mənimsəmişdir, ümumiyyətlə, xalqa qan uddururmuş. Bəs əlaqədar orqanlar nə deyir? Həmin villaları müsadirə etməyin, içində kasıbların uşaqları üçün pioner düşərgələri yaratmağın vaxtı deyildirmi? 

Amerikadan pul alıb villa tikmək cinayət sayılır, Azərbaycan xalqından oğurlayıb tikəndə isə halal olur? Çox qəribə haldır, nə deyə bilərəm ki... Görünür, Ramiz Mehdiyev Donald Trampa nisbətdə daha ülvi şəxsiyyətdir. Ən azı bunun öz “stormidaniels”i üzə çıxarılmayıbdır. Milli dəyərlərimizə sadiqdir. Ailə institutuna hörmətlə yanaşır. 

Ailə demişkən... Keçən ay biabırçı rəqəmlər ortaya çıxdı, bu faktın özü bizim nə qədər saxtakar, ikiüzlü toplum olmağımızın, sovet jurnalistləri demişkən, “bariz nümunəsidir”: 2023-cü ildə 11217 nəfər aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxs kimi axtarışa verilib. Onlardan 6661 nəfərin yeri müəyyən edilib. Aliment ödəmək istəməyən 4 556 nəfərin axtarışı isə ilin sonuna kimi nəticəsiz qalıb.

Bu, ən azı 11217 uşağın yaşamaq haqqına girmək, onları pulsuz-parasız, ac-susuz, taleyin ümidinə buraxmaq deməkdir. Halbuki həmin 11217 nəfərin azı 11 mini özünə dambadurumla toy eləyib. Ondan da qabaq ağbirçəklər, ağsaqqallar elçi gedib. Toyda qahım-əqrəba, bəyin uşaqlıq dostları-zad donuz kimi masada nə varsa tıxıblar. Bu minvalla boşanıblar, doqquz ay keçib, bu bambılı sevdadan doğulan 11 min 217 uşağı saxlamaq, yaşatmaq isə lazım gəlməmişdir. 

Əlbəttə, bunun məsuliyyətini işsizliyin, uşaq pulu verməyən hökumətin də üstünə yıxmaq olar, ancaq bu bir sürü uşaq düşməni ailə quranda belə gələcəyi bəyəm görmürdülər? (Ən yaxşı yoldur, deyirsən ki, hökumət uşaq pulu vermir, mən də vermirəm). Hansısa manısı fors üçün toya gətirməyə minlərlə manat tapırlar, aliment verməyə gələndə isə dovşan kimi gizlənirlər. 

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm sizi haçan axtarışa verəcəklər. 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR