İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali təhsil sisteminin yeni mexanizmi yaradılır - hansı model effektiv ola bilər?

Ekspert: “Ənənəvi universitet modeli zamanla dəyişəcək”

Azərbaycanda ali təhsil ssistemində kifayət qədər problemlər, boşluqlar mövcuddur. Sovet təhsil sistemindən imtinadan sonra qarışıq bir sistem formalaşıb və cəmiyyət, ayrı-ayrı vətəndaşlar, dövlət bunun əziyyətini çəkməkdə davam edir.

Artıq yeni təhsil sisteminin yaradılması ilə bağlı təkliflər səslənir, bu yöndə müzakirələr başlayıb.

Dekabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Nazirlikdən bildirilib ki, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri, mövcud resurslardan düzgün istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib. Eyni zamanda əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsi ilə bağlı inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ali təhsil sistemində yaxın perspektivdə bir çox dəyişiklik olmalıdır: “Sürətli texnoloji inkişaf dövründə təhsil yeni mahiyyət qazanıb. Xüsusilə ali təhsil sistemində əvvəlki formatda fəaliyyət göstərmək qeyri-mümkün olacaq. Söhbət ali təhsilin məzmun, keyfiyyət dəyişikliklərinin təmin olunması, yeni, müasir universitet modellərinin yaranması, eyni zamanda təhsilalanlara münasibətdə fərqli yeniliklərin tətbiqindən gedir. Hesab edirəm ki, ali təhsil sektorunda kifayət qədər  dəyişiklik olacaq. İnsanların peşəkar qabiliyyətlərini inkişaf etdirməklə bağlı yeni təhsil formaları daha cəlbedici olacaq. Hazırda əmək bazarının tələbləri sərtdir. Fənlərarası münasibətlər kontekstində ciddi dəyişikliklər özünü qabarıq göstərəcək. Qlobal intellektual mühitin bir hissəsi olan universitetlərin cari dəyişikliklərin mərkəzində olması daha cəlbedici olacaq. Ali təhsil müəssisələri peşəkar kadr hazırlanmasına cavabdeh olan qurumlar kimi funksionallığını davam etdirəcəklər. Digər tərəfdən, bilik iqtisadiyyatının çevikliyi bütün növ instutisional  strukturlara və bilik istehsalı prosedurlarına, həmçinin keyfiyyətin təmin olunmasına, funksional məsələlərin həll edilməsinə təsir göstərəcək. Artıq məzunların əmək bazarına köçürülməsini düzgün təmin etmək üçün biliyin adekvat şəkildə ötürülməsi problemi özünü göstərir. Yeni peşələr yeni bacarıqlar tələb etdiyindən problem buna uyğun biliklərin necə veriləcəyi, tədris prosesində innovativ düşüncənin necə daxil edilməsində özünü göstərəcək. Bu gün tələbələr müasir, yeni peşə və ixtisaslara yiyələnməyə, ixtisaslaşmağa, özünü təkmilləşdirməyə çətinlik çəkirlər. 40 mindən çox peşə və ixtisasın mövcudluğuna baxmayaraq, müasir peşə və ixtisasların akademik səviyyədə təbliğ olunmasına ehtiyac var. İnsan kapitalının inkişafı ölkəmiz üçün aktuallıq kəsb edir”.

İlqar Orucov: Misir Mərdanovun təhsildən danışmağa haqqı yoxdur

İlqar Orucov

İ.Orucov təklif edir ki, ali təhsil müəssisələri müasir tendensiyalara uyğun müvafiq strategiyalar qurmalıdırlar: “İT sahəsində təhsil alan tələbələrə izafi fənlər keçilməsinə ehtiyac varmı? Düşünürəm ki, bu zaman itkisidir. Əmək bazarının diktələri var. Universitetlər yeni peşələri proqnozlaşdırmalıdırlar. Bu gün dünya universitetləri də bu barədə düşünürlər. Yeri gəlmişkən, fikrimcə, tədris müddətinin azaldılmasına ehtiyac var. Ənənəvi universitet modeli zamanla dəyişəcək. Proqramın yenilənməsi kifayət deyil, eyni zamanda proqramı tədris edən kadrların da yeni tələblərə cavab verməsi mütləqdir. Universitetlər ciddi sınaqdan keçəcək. Universitetlərimiz qlobal səviyyədə rəqabətdən geri qalmamaq üçün ciddi çalışmalıdırlar. Yeni nəsil müəllimlərin cəlbinə diqqət yetirmək lazımdır. Ali təhsil müəssisələri beynəlxalq əməkdaşlığı elə qurmalıdırlar ki, həm yeniliklərə hazırlıqlı olsunlar, həm də akademik  münasibətlər yüksək səviyyədə olsun”.

Kamran Əsədov: 4 minə yaxın şəxs universitetə imtahansız qəbul olub

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda 51 ali təhsil müəssisəsi var ki, onların 44-ü əsas, 7-si isə filialdır. Ali təhsil müəssisələrində 187 min tələbə təhsil alır: “Etiraf edək ki, Azərbaycan ali təhsil müəssisələri müasir dövrün standartlarına və əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlamırlar. Biz bunu  məzunların iş təminatında görə bilirik. Statistikaya nəzər saldıqda görürük ki, ali təhsil müəssisələrinin məzunlarının 42 faizi ixtisası üzrə işləyə bilir, yəni keyfiyyət göstəricisi 50 faizdən aşağıdır. Dünya reytinqində yalnız Bakı Dövlət Universitetinin adı var. Ciddi dəyişikliklər edilməlidir. İlk növbədə işə qəbul prosesinə diqqət çəkmək istərdim, qəbul mərkəzləşdirilmiş deyil, daxili qaydada həyata keçirilir. Ali təhsil müəssisələrinə akademik muxtariyyət və müstəqillik vermək lazımdır. İlk mərhələdə maddi-texniki bazasını, infrastrukturunu düzəltməliyik. Tələbələrin ən azı 50 faizini təmin edə biləcək yataqxanalar olmalıdır. Elektron kitabxanalar yenilənməlidir.  Eyni zamanda pedaqoqların attestasiyadan keçməsi labüddür. Təəssüf ki, bəzi pedaqoqlar tələbələrlə köhnəlmiş bilgiləri paylaşırlar. Alimlərimizin beynəlxalq indeksli jurnallarda məqalələri az çap olunur, istinadlar azdır”.

Ekspert hesab edir ki, mərhələli keçid heç bir effekt verməyəcək: “Azərbaycan ali təhsili əmək bazarından ən azı 20 il geri qalır.  Biz tədris resurslarına baxanda bunu görə bilirik. Hətta pedaqoji resurslu universitetləri bitirənlər işə qəbul imtahanı üçün repetitor yanına gedirlər. Bu, onu göstərir ki, ali təhsil dövründə əldə etdiyi bilgilər onlara lazım olmur, yaxud dövlət qulluğuna imtahanda bilginin yetərsiz olduğu üzə çıxır. Ali təhsilin keyfiyyəti artırılmalıdır. Gənclərin xarici ölkələrə axın etməsinin səbəbi də budur. Bu gün 42 min azərbaycanlı gənc xarici ölkədə təhsil alır. Bu, beyin, maliyyə axını deməkdir. Elə bir dövrdür ki, hər hansı kursda əldə edilmiş bilik, sertifikat ali təhsil haqqında diplomdan üstündür”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR