Onlayn ictimai-siyasi qəzet
Kamran Əsədov: “Bu sənədin hazırlanmasının və qəbul edilməsinin ləngiməsi ciddi problemlərə səbəb olur”
Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyası üçün İş planı məlum olub. Məlumata görə, işlər planında komitə üzvlərinin sessiya müddətində görəcəyi fəaliyyətlər qeyd olunub. Lakin planda çoxdan gözlənilən “Ali təhsil haqqında” qanunla bağlı hər hansı fəaliyyət nəzərdə tutulmayıb.
Qeyd edək ki, qanun layihəsi ilə bağlı ilk müzakirələr 2021-ci ildən başlayıb, ancaq hələlik qəbul edilməyib.
Komitənin 3 gün öncə keçirilən iclasında deputat Ceyhun Məmmədov da qanun layihəsinə toxunub. Onun sözlərinə görə, təhsillə bağlı qarşıda yeni vəzifələr durur:
“Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də dünyada yeni tendensiyalar baş verir. Önəmli məsələlərdən biri də ”Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbuludur. Təhsil ictimaiyyəti qanunun qəbulunu səbirsizliklə gözləyir. Qanunda bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsində mərhələlərin 1-ə endirilməsidir. İnanıram ki, tezliklə qanun qəbul ediləcək və bu təhsilimizin inkişafına öz töhfəsini verəcək. Sonda birgə dinləmənin keçirilməsini təklif edirəm. Düşünürəm fikir mübadiləsi üçün bu çox önəmli məsələdir".
Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə təklif edib ki, “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün yaradılmış işçi qrupu yenidən formalaşsın. Deputat xatırladıb ki, “Ali təhsil haqqında” qanun layihəsi hazırlansa da, qəbul olunmayıb:
“Ali təhsil haqqında” qanun layihəsi bəlkə də Milli Məclisin tarixində ilk sənəddir ki, onunla bağlı müzakirədə spiker şəxsən iştirak etdi və İşçi qrupunun yaradılması haqqında göstəriş verdi. Yenidən işçi qrupu yaradılmalıdır. Düşünürəm ki, “Təhsil haqqında” qanunun ali təhsillə bağlı fəsilləri də təkmilləşdirilməlidir".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əziz Ələkbərli isə “Ali təhsil haqqında” qanun layihəsinin parlamentin yaz sessiyasının gündəliyinə salınmasını təklif edib.
Bəs “Ali təhsil haqqında” Qanun məsələsi niyə gecikir? Təhsil ekspertləri daha hansı dəyişikliklərin edilməsini arzulayır?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, “Ali təhsil haqqında” qanunun qəbul edilməsi Azərbaycanda təhsil sahəsinin inkişafında dönüş nöqtəsi ola bilərdi, lakin bu sənədin hazırlanmasının və qəbul edilməsinin ləngiməsi ciddi problemlərə səbəb olur:
Kamran Əsədov
“Təhsil sistemi istənilən ölkənin sosial və iqtisadi inkişafının təməlini təşkil edir. Lakin bu sistem qanunvericilik baxımından möhkəm təməl üzərində qurulmazsa, onun səmərəliliyi və rəqabətliliyi ciddi şəkildə zərər görər. Hazırda Azərbaycan ali təhsil sistemi bir sıra çağırışlarla üz-üzədir və bu çağırışların həlli üçün hüquqi baza olan ”Ali təhsil haqqında" qanunun qəbulu zəruridir. Təhsil ictimaiyyəti, xüsusilə universitetlər və tələbələr bu qanunun qəbulunu illərdir gözləyir, lakin prosesin ləngiməsi sistemdə bir çox strateji və əməli problemlərin həllini çətinləşdirir.
Statistik məlumatlara əsasən, Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və onlarda təhsil alan tələbələrin sayı təxminən 180 min nəfəri təşkil edir. Lakin ölkənin ali təhsil müəssisələri beynəlxalq reytinqlərdə aşağı yerləri tutur. 2023-cü ildə CWTS Leiden Ranking-ə görə, Azərbaycanın heç bir universiteti ilk 500-lükdə yer almayıb. Bu nəticə, ali təhsil sisteminin struktur problemləri və normativ-hüquqi çərçivənin yetərsizliyi ilə birbaşa əlaqədardır. Bu vəziyyət, eyni zamanda, təhsil üçün xaricə üz tutan gənclərin sayının artmasına gətirib çıxarır. Statistikaya görə, hər il təxminən 10 minə yaxın tələbə xarici universitetlərdə təhsil almağa üstünlük verir. Bu da ölkənin insan kapitalının inkişafına mənfi təsir göstərir.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 3-cü maddəsinə əsasən, təhsil sahəsində normativ hüquqi sənədlərin yenilənməsi və təkmilləşdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Lakin bu qanunun ali təhsillə bağlı bölmələri artıq müasir dövrün çağırışlarına cavab vermir. Ali təhsil sahəsində müasir tendensiyalar, xüsusilə rəqəmsallaşma, beynəlmiləlləşmə və elmi tədqiqatların tətbiqi kimi istiqamətlər qanunvericilikdə lazımi səviyyədə öz əksini tapmır".
Kamran Əsədovun fikrincə, qanunun qəbulunun ləngiməsi bir neçə əsas səbəblə izah oluna bilər:
“Əvvəla, qanun layihəsinin hazırlanması zamanı maraqlı tərəflərin geniş iştirakı təmin edilməyib. Universitetlər, iş dünyası və tələbə təşkilatları ilə kifayət qədər məsləhətləşmələrin aparılmaması layihənin mükəmməlliyini azaldıb. İkincisi, qanunvericilik prosesində davamlılığın olmaması və işçi qrupunun fəaliyyətində yaranan fasilələr ləngiməni artırıb. Üçüncü səbəb isə qanunun tətbiqinin iqtisadi və sosial nəticələrinə dair aydın təhlilin olmamasıdır. Ali təhsil sisteminin modernləşdirilməsi ciddi maliyyə vəsaitləri tələb edir, lakin bu resursların haradan təmin ediləcəyi sual altındadır”.
Ekspert həmçinin bildirib ki, “Ali təhsil haqqında” qanunda aşağıdakı vacib dəyişikliklər edilməlidir: “İlk növbədə, universitetlərin muxtariyyətinin artırılması təmin olunmalıdır. Hazırda Azərbaycan universitetləri maliyyə və idarəetmə baxımından ciddi məhdudiyyətlərlə üzləşir. Avropa ölkələrində olduğu kimi, universitetlər öz büdcələrini daha sərbəst idarə edə və öz tədris proqramlarını müstəqil şəkildə formalaşdıra bilməlidir. Bu yanaşma onların beynəlxalq rəqabətliliyini artıracaq və təhsil keyfiyyətini yüksəldəcək.
İkinci dəyişiklik elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı olmalıdır. Azərbaycanın ali təhsil müəssisələrində elmi araşdırmaların səviyyəsi olduqca aşağıdır. Qanunda universitetlərə tədqiqat mərkəzlərinin yaradılması və maliyyələşdirilməsi üçün xüsusi stimullaşdırıcı mexanizmlər nəzərdə tutulmalıdır. Eyni zamanda, doktorantura səviyyəsində təhsilin yenidən qurulması tələb olunur. Hazırkı sistemin çoxpilləli olması tədqiqatçılar üçün vaxt itkisinə səbəb olur. Daha çevik və beynəlxalq standartlara uyğun modelin tətbiqi tələb olunur.
Üçüncü mühüm dəyişiklik ali təhsildə beynəlmiləlləşmənin gücləndirilməsidir. Qanunda xarici universitetlərlə əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının təşviqi kimi məsələlərə xüsusi yer ayrılmalıdır. Hazırda Azərbaycanın ali təhsil sistemi qlobal əmək bazarının tələblərinə cavab verə bilmir. Bunun nəticəsində universitet məzunlarının işlə təmin olunma səviyyəsi aşağıdır. Statistikaya görə, ali təhsil müəssisələrindən məzun olan gənclərin yalnız 54%-i ixtisasına uyğun iş tapa bilir.
Qanunun qəbulunun gecikməsi mənfi təsirlərə səbəb olur. Universitetlər qlobal standartlara uyğunlaşmaqda çətinlik çəkir, məzunların işlə təmin olunma göstəriciləri aşağı düşür, tədqiqat və innovasiya fəaliyyəti isə inkişaf etmir. Bu vəziyyət həm milli iqtisadiyyata, həm də gənclərin gələcək perspektivlərinə mənfi təsir edir. Qanunun qəbulu bu problemlərin həlli üçün vacib bir addımdır. Təhsil ictimaiyyəti bu qanunun qəbulunu səbirsizliklə gözləyir və prosesin sürətləndirilməsi üçün geniş ictimai müzakirələrin aparılması vacibdir.
“Ali təhsil haqqında” qanunun qəbul edilməsi ali təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, rəqabət qabiliyyətini artırmaq və gənclər üçün daha geniş imkanlar yaratmaq üçün əsas şərtdir. Bu qanunun təkcə ali təhsil müəssisələrinə deyil, bütün cəmiyyətə uzunmüddətli müsbət təsir göstərəcəyi aydındır. Gecikmə artıq qəbulolunmaz bir vəziyyətə çevrilib və bu məsələnin həlli Azərbaycan təhsil sisteminin gələcəyi üçün strateji əhəmiyyət daşıyır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ