Onlayn ictimai-siyasi qəzet
Gəncə Ağır Cinayətlər Məhkəməsi 5 iyunda İlkin Süleymanovu 18 il azadlıqdan məhrum etdi. O, Tovuzun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb girov saxlamaqda, öldürməkdə suçlanırdı. Quliyeva 2019-cu ilin noyabrında itkin düşmüşdü, öldürülmüş və yandırılmış cəsədini isə 45 gün sonra tapmışdılar. Son 3 ildə bu cinayət işi Azərbaycanda demək olar gündəmin əsas mövzularından biri idi. Məhkəmə bitəndən sonra mövzu bitdimi? Yox. Əksinə, işə aydınlıq gətirilmək əvəzinə, üzərinə daha da qaranlıq çöküb. Bu haqda düşünmək lazımdır. Məncə, ortada dolaşan suallar həm də Ali Məhkəməyə təzə sədr qoyulmuş İnam Kərimov üçün bir çağırış, sınaq rolu oynayır.
İlk növbədə, cəmiyyətin məhkəmə-hüquq sisteminə böyük etibarsızlığının olduğu artıq neçənci dəfə göründü. Özü də maraqlıdır ki, əks arqument irəli sürənlər, məhkəmə hökmünə inanmayanlar adətən hansısa xəyali, anonim mövqelərə istinad edirlər: “Heç meyit uşağın deyilmiş, onu orqan mafiyasına satıblar”, “Ailəsi, valideynləri də bu cinayətin içindədir”, “İlkini günah keçisi kimi tutublar, əsl cinayətkarlar vəzifəli şəxslərdir” və sairə. Halbuki bu 3 ildə həm mətbuatın, həm cəmiyyətin yetərincə vaxtı var idi ki, həmin informasiya mənbələrini açıqlasınlar. Açıqlamadılar. Əvəzində uydurmalar, şayiələrlə cinayət işinin üstünə kölgə saldılar. Bu isə bizim media olaraq necə yarıtmaz vəziyyətə düşdüyümüzü göstərir. Neytral, bitərəf, soyuqqanlı jurnalist araşdırması aparmaq lazım idi. Vaxtilə, kütləvi informasiya vasitələrinə dövlət dəstəyi proqramları olmayan dövrlərdə bizim mediada belə jurnalist araşdırmalarına rast gəlmək olurdu. İndi o jurnalistika adama, türkün sözü, “xəyal ürünü” kimi gəlir.
Media nəinki bu cinayəti açmağa yardım etdi, hətta ilkin dövrdən başlayaraq vəziyyəti lap korladı. Elə oğurluğun ilk günlərində heç bir hazırlıq olmadan girovun ailəsini teleproqrama çıxaran, “Girovun yerini bilirik, bunu heç kimə deməyəcəyik, təki uşağı azad edin” tipli təhrikedici, oğrunun, qatilin psixologiyasına qıcıqlandırıcı, mənfi təsir edən açıqlamalar yayan ünlü telejurnalist, görəsən, bu 3 ildə 3 qram xəcalət təri tökdümü? İstintaq niyə belə zərərli özfəaliyyətlərə qiymət vermir?
Yeri gəlmişkən, bizim medianın uşaq cinayətləri temasında biabırçılığı tükənməzdir. Ən son olaraq bir 13 yaşlı uşaq oğurlanıb cinsi təcavüzə məruz qalmışdı, “jurnalistlərimiz” isə onun fotolarını heç bir etika, peşə məsuliyyəti bilmədən gen-bol paylaşırdılar. Ən absurdu isə, əksinə, manyakın fotosunu dərc edən yox idi!
Nərmin Quliyeva cinayətinə dönsək, bu kimi işlər cəmiyyətin məhkəmə-hüquq sistemi ilə daha açıq, daha səmimi münasibətlərini qurmağın vaxtının çatdığını göstərir. Elementar bir sual: hətta beynəlxalq avtovağzalın da mətbuat xidməti var, lakin məhkəmənin yoxdur. Bəlkə ştatda var, kimsə maaş alır, ancaq biz oradan niyə davamlı, izahedici bilgilər ala bilmirik? Məhkəmə qərarları niyə adam dilində yazılmır? O qətnamələri oxuyanda ilk ağıla gələn budur: “Hakimlərimiz ana dilinə nifrət edir”.
Vəkillik institutuna hücumların, onun müstəqilliyinə ardıcıl vurulan zərbələrin “after-şokları” həm də belə, ilk baxışdan qeyri-siyasi cinayət işlərində görünür. Bizi “danışan vəkillər”dən məhrum ediblər. Keçmiş dövrün ünlü, cəmiyyət arasında böyük nüfuz yiyəsi olan vəkillərini indi qəsdən telekranda yanbızını oynadan gerizəkalı “vəkillərlə” əvəzləyiblər.
O cümlədən əminəm ki, indi qərardan narazılıq edib qıraq-bucaqda donquldananlar ötən illərdə hər hansı məhkəmə mövzusuna adətən “biz siyasətə qarışmırıq” reaksiyası verirdilər. Siyasətə qarışmırsan, buyur, siyasət sənə qarışır.
Sözgəlişi, bəlkə biz andlı iclasçılar məhkəməsi düzəltməliyik? Cəmiyyətin məhkəmə işlərində aktivliyi artardı, mühakimə hüququ monopoliyadan çıxardı. Hər halda, xalq üçün də “12 nəfərin” qərarı “1 nəfərin” qərarından daha ədalətli görünər, az şübhə doğurardı.
Yenə əvvələ qayıdaraq qeyd etmək istəyirəm ki, “Nərmin Quliyeva işi” əslində əski prokuror Zakir Qaralov epoxasının indiki baş hakim İnam Kərimova atdığı əlcəkdir. Görək o, bunu necə qaldıracaq.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ