İnsanlara hürriyət, millətlərə istiqlal!

Aldadılan 15 ailənin nazirə müraciəti: “Hakim köməkçisi maaşı ilə 300 minlik evi necə ala bilib?”

Binəqədi rayon, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə ünvanda yerləşən “Bulaq-2” MTK-dan mənzil alan vətəndaşlar illərdir üzləşdikləri problemin həllinə nail ola bilmirlər. MTK sədri vəfat edib, amma qohumlarının adına keçirdiyi əmlaklar zərərçəkmişlərə qaytarılmalıdır. Bununla bağlı məhkəmə qərarı da var.

Musavat.com xəbər verir ki, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı bütün rəsmi qurumlara müraciət edib.

Əvvəlcə xatırladaq ki, “Bulaq-2” MTK-nın sədri 1941-ci il təvəllüdlü Elmira Hüseyn qızı Şirinova idi. O, dələduzluq və vətəndaşları aldatma yolu ilə külli miqdarda pul vəsaitini ələ keçirməkdə, bir mənzili bir neçə nəfərə satmaqda ittiham olunurdu.

Elmira Şirinova 1959-cu ildən 2011-ci ilədək əvvəl “Bakı Su Kəməri” İstehsalat İdarəsi adlanan, sonradan ”Abşeron Su Regional Səhmdar Cəmiyyəti adlandırılmış, hazırda “Azərsu” ASC-də texniki şöbənin rəisi, abonent şöbəsinin rəisi, texniki-təhlükəsizlik işləri üzrə şöbənin rəisi vəzifələrində işləyib. 1991-ci ildən etibarən həm də “Bakı Su Kəməri” İstehsalat İdarəsinin nəzdində yaradılmış “Bulaq-2” MTK-nın sədri vəzifəsində işləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmira Şirinova Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinib. Lakin vəfat etdiyi üçün ona cəza təyin edilməmişdi. Lakin zərərçəkmiş vətəndaşların mülki iddialarının təmin edilməsi üçün Elmira Şirinovanın və ailə üzvlərinin əmlaklarına- mənzillərinə, torpaq sahələrinə, avtomobillərinə xüsusi müsadirə tətbiq olunub.

Xatırladaq ki, bu cinayət işi üzrə MTK sədrinin sürücüsü və Elmira Şirinovanın nəvəsi Ülkər Hüseynovanın əri olmuş Samir Quliyevə isə bəraət verilmiş və o məhkəmə zalından azadlığa çıxmışdı.

Vətəndaşlar müraciətində deyir ki, Elmira Şirinovanın ailə üzvlərinin, yaxınlarının iş və cinayət birliyində əlbir olması faktları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq və araşdırmalar zamanı maddi sübutlarla da ortaya qoyulub, məhkəmədə də sübuta yetirilib.

Zərərçəkmişlər qeyd edir ki, Elmira Şirinovanın yazılı etirafı nəticəsində, həm də sonradan məhkəmədə də müəyyən olunub ki, onun bütün varidatı yaxınlarındadır.

“Elmira Şirinova nəvələrinin adlarına uyğun olaraq “Ülkər” MMC, “Fidan-OK” MTK, “Orxan-92” kiçik müəssisəsi (nəzdində “Şamaxı”MTK) təsis edərək onlara rəhbərlik edib. Ailə üzvlərinin hər birinə elə həmin binalardan mənzil, obyekt və ya bina tikintilərindən əldə etdiyi vəsaitdən digər yerlərdə də torpaq və mənzillər alıb.

Elmira Şirinovanın sədrlik etdiyi “Fidan-OK” MTK tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasından 2005-ci ildə Məsumə Haşumovanın aldığı 15 nömrəli mənzilin sonradan ikinci bir şəxsə - Zahidə Məmmədovaya satılmasıyla aldadılan zərərçəkənin bu gün də məhkəmələrdə ziyanın ödənməsi üçün əziyyət çəkir. Bütün bu əməllərdən Elmira Şirinovanın ailə üzvlərinin də xəbəri olub”- deyə vətəndaşlar ədliyyə nazirinə müraciətində də qeyd edir.


Narazı vətəndaşlar əlavə edir ki, Elmira Şirinovanın qızı İradə Eldarova, kürəkəni Hamlet Hüseynov, onların övladları Ağa, Ülkər Hüseynovlar qərəzli olaraq Ali Məhkəməsinin Cinayət kollegiyasının 11.11.2021-ci il tarixli №1(102)-1231/2021 saylı Qərarının icrasına maneə törədirlər. Bu məqsədlə də bəzi mətabuat orqanlarına müraciət edərək ictimai rəyi dəyişdirməyə çalışırlar.

“Bu gün bu iş üzrə 15 ailədən ibarət zərərçəkmişlər var. İstintaqda və məhkəmə istintaqlarında heç vaxt buna etiraz etməyən Elmira Şirinovanın doğmaları, Şirinovanın barəsində ittihamverici hökm çıxdıqdan və ölümündən sonra biz zərərçəkənlərin zərərinin ödənilməməsi üçün qərəzli addımlar atmağa başladılar. Elmira Şirinova öləndən sonra zərərçəkənlərə qarşı hücuma keçdilər.

Bu halda sual olunur ki, Elmira Şirinovanın nəvəsi Ülkər Hüseynova Ali Məhkəmədə hakim köməkçisi işlədiyi halda 300 min manatlıq mənzili, 40 min manatlıq avtomobili hansı gəliri hesabına əldə edib? Digər nəvəsi Ağa Hüseynli 27 yaşında heç bir yerdə işləmədiyi halda 200 min manatlıq mənzili, 30 min manatlıq maşını haradan alıb? Kürəkəni Hamlet Hüseynov avtobus sürücüsü işləyərək adına olan 300-400 min manatlıq mənzili, obyektləri haradan alıb? Yaxud da Elmira Şirinovanın qızı – İradə Eldarova indiyə kimi heç bir yerdə işləməyərək adına olan 300, 400 min manatlıq mülkləri, torpaq sahələrini, mənzili hansı vəsait hesabına alıb?”- deyə vətəndaşalr rəsmi qurumlara ünvanladıqları məktublarda sual edirlər.

Qeyd edək ki, Elmira Şirinovanın ailəsinin üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 1.400.000 manatdan çox qiymətləndirilib. Zərərçəkmiş 15 ailəyə vurulan zərər isə 1.000.000 manat civarında hesablanıb.

Elmira Şirinovanın qızı Eldarova Nigar Əhnulla qızının adına olan üzərinə xüsusi müsadirə tətbiq edilmiş Şamaxı rayonu üzrə Çuxuryurd kəndində 1,10 ha torpaq sahəsi də var. “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən təşkil olunan hərracda torpaq sahəsi zərərçəkən Məmmədova Zahidə İsbi qızı tərəfindən alınıb, adına rəsmiləşdirilib, əmlakın dəyəri tam ödənib. Lakin Nigar Eldarova və başqa maraqlı şəxslər tərəfindən əmlak üzrə mübahisələndirmə işi açdırıb. Maraqlı şəxslər isə Şamaxının keçmiş polis rəisi Allahverdi Həsənov və oğlu Azər Həsənovdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR