İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Nağı 30 il sonra kəndini ziyarət etdi, atasının məzar yeri...-Dəhşət dolu təəssüratlar-Fotolar

Azad Vətən Partiyasının sədri Akif Nağı 30 illik fasilədən sonra ilk dəfə doğulduğu məkanı - Ağdam rayonunun Papravənd kəndini ziyarət edib.

Bu barədə Musavat.com-a danışan Akif Nağı təəssüratlarını bölüşüb.  

“Ağlamaq da istəyirdim, amma ağlaya bilmədim. İçimdə ağladım, sızıltımı ancaq özüm eşitdim. Məncə, belə yaxşıdır... İlk dəfə Şuşaya gedəndə heç kəsin görmədiyi yerə çəkildim, dualarımı etdim. Ağdama ilk dəfə gedəndə çalışdım ki, göz yaşlarımı görməsinlər. Amma deyəsən, Barat bəy görmüşdü. Kəndimizə də 30 ildən sonra eyni qaydada getdim. Təəssüf, düşmənə nifrət hər şeyi üstələmişdi. Amma şükrümüzü də etdik. Qardaşım Soltan, qardaşım oğlu Ceyhun yanımda idilər. Onların halı mənimkindən də pis idi. Kəndimizdən Şəmil müəllimin, Aşıq Əlinin, Səyyaf Əliyevin də yaxınları oradaydı. Kənd camaatımızı təzədən görür, yenidən kəşf edirdim. O istilik heç nə ilə müqayisə oluna bilməzdi. Bizi müşayiət edən polis əməkdaşı, ANAMA nümayəndəsi də həmin isti münasibətin, insanlığın içərisində idilər”.

“Sonuncu dəfə kəndimizdən 1993-ilin iyun ayında çıxmışdım, işğal olunanda. Papravənd Ağdam şəhərinin 20 km-liyində, Ağdərəninsə 5 km-liyindədir”-deyən A.Nağı bildirdi ki, əvvəlcə kəndlərini tanımayıb: “Sanki balacalaşıb, xatirimdə yaşatdığım kəndimizə oxşamırdı. Sonra isinişdik. Yaxınını itirib, sonra tapan, tapanda tanımayan adam kimi idim. Tanımırdım, amma bilirdim ki, əzizimdir. Ən böyük sarsıntını qəbiristanlıqda və evimizdə, həyətimizdə keçirdim. Bir anlıq həyatımın ən gözəl çağları gözümün önünə gəldi”.

Akif bəyin daha çox təsirləndiyi ünvan atasının da uyuduğu kənd qəbiristanlığı olub: “Atamızın məzarının yerini bilirdik, ovaxtkı video çəkiliş qalıb. Amma qəbrin dəqiq yerini tapa bilmədik. Ermənilər hər şeyi xüsusi qəddarlıqla dağıdıblar. Lövhəni əraziyə vurduq. Gələn dəfə qəbri qazıb, dəqiq yeri müəyyənləşdirəcəyik. Atamın şəkli, ad-soyadı olan lövhəni vurduq, dua oxuduq, məzarlıqdakı hər kəsi, bütün şəhidlərimizi yad etdik. Bundan sonra xeyli yüngülləşdik”.

A.Naği deyir ki, çox qarışıq hisslər hələ də onunla birlikdədir, sevinclə kədər arasında qalıb, amma bütün bunlara rəğmən, şükranlıdır: “Şükürləri də yaddan çıxarmadıq. Şükür ki, yurdumuza qayıda bildik, düşməni qovmağa gücümüz çatdı. Hər şeyi yenidən quracağıq , inşallah!”

Partiya sədri deyir ki, işğal dövründə ermənilər kənd məscidini darmadağın ediblər. Sadəcə yarıuçuq bir divarı qalıb, onun qarşısında şəkil çəkdiriblər. A.Nağıdan ətrafdakı hay dəstələri və ya rus hərbçiləri ilə bağlı müşahidələrini də soruşduq. “Qardaşımgilin evi kəndin Ağdərə tərəfi idi, oranı çəkdik, bizim post 100 metrlikdə idi. Ondan 50 metr o tərəfə rus postudur. Əmimin oğlunun evinin qalıqlarını da çəkdik, ora da Gülyataq tərəfdən ruslara çox yaxındır. Hayların yaşadıqları kəndləri Xramortu, Xanabadı Ağdam şəhərindən çıxıb kəndimizə tərəf gedəndə gördük. Çox miskin görünürdülər”.

Ömrünün böyük hissəsini doğulduğu kənd daxil, torpaqlarımızın azad olunması uğrunda mübarizəyə həsr etmiş A.Nağıya ziyarətiniz qəbul olsun, deyirik! Çox ağır təəssüratlar içərisində olsa da, sözümüzü yerə salmayıb, açıqlama verdi, hisslərinin bir qismini bölüşdü. Bu söhbət, Papravənd kadrları düşmənin mundar xislətinin ifşası baxımından ciddi faktları ortaya qoyur: yeri üzündən silinmiş kənd, qəbristanlıq, dağıdılmış Allah evi. Hələ də Qarabağdakı quldurların himayəçisi qismində çıxış edən çevrələr bu kadrlara baxıb utanacaqlarmı? Çətin ki...

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR