İnsanlara hürriyət, millətlərə istiqlal!

“Aİ-nin sərhəd müşahidəçiləri Bakını ittiham edən sənəd hazırlayıb” iddiası

Avropa İttifaqının missiyasının real məqsədləri ilə bağlı çoxlu şübhələr yaranır...

Ermənistan tərəfi Azərbaycana iftira atmaqla kifayətlənməyib, indi də Avropa İttifaqının (Aİ) adından saxta bəyanat yaymağa başlayıb. Belə ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün “Twitter” mikrobloqunda bəyan edib ki, Aİ monitorinq missiyası Azərbaycanın guya “Ermənistanın suveren ərazisinə gündəlik hücumlarını” sənədləşdirib.

Aİ-nin ortada heç bir bəyanatı olmadığı halda bu qurumun adından danışan Marukyan Azərbaycanı Ermənistana “təcavüzdə” ittiham etməkdən çəkinməyib, guya Azərbaycan Ermənistana qarşı “terror planlayır”. Əslində E.Marukyanın bu bəyanatı tamamilə yalan üzərində qurulub və o, Ermənistanın davranışlarını bizimki kimi qələmə verməklə özünü biabır edib, ölkəsinin mahiyyətini ortaya qoyub. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin təklifi ilə monitorinq missiyasının yaradılması ilə bağlı qərar oktyabrın 17-də Aİ Xarici Əlaqələr Şurası tərəfindən qəbul edilib. İlk müşahidəçi-ekspertlər oktyabrın 20-də yerdə fəaliyyətə başlayıblar. Missiyanın mandatına iki ölkə arasında etimadın möhkəmləndirilməsini dəstəkləmək və dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə iki ölkənin dövlət komissiyasına Aİ-nin daha əsaslı dəstəyini təmin etmək üçün Ermənistan və Azərbaycan arasında sərhədə yaxın rayonlarda vəziyyətin monitorinqi daxildir. Qrup iki ay müddətinə yerləşdiriləcək maksimum 40 Avropa İttifaqı mülki müşahidəçi-ekspertindən ibarətdir. Bundan əlavə, Aİ-nin Ermənistana göndərdiyi cəmi 40 müşahidəçinin bütün Ermənistan-Azərbaycan təmas zonasını necə lazımi şəkildə izləyəcəyi sualı yaranır. Sərhəd xətti kifayət qədər uzundur və Ermənistan istənilən yerdən təxribatlar törədir. Beləliklə, Aİ missiyasının real məqsədləri ilə bağlı çoxlu şübhələr yaranır. Manukyanın açıqlaması da onu göstərir ki, Ermənistan Aİ “revizorlarının” İrəvanın maraqlarına cavab verən hesabata hazırlayacaqlarına arxayındır. Bu isə Aİ-nin də Azərbaycan əleyhinə hansısa qərəzli qətnamə qəbul etməyəcəyinə zəmanət vermir.

Yeganə Hacıyeva: Laçının işğaldan azad edilməsi ilə... » BAYRAQDAR MEDİA

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva bəsi məsələlərlə əlaqədar narahatlığını ifadə etdi: “Avropa Birliyinin bu missiyası ilə bağlı artıq faktlar var. Erməni mediasında təqdim olunmuş bir sıra tanınmış adamlar var ki, müxtəlif ölkələrdə birlik dövlətlərinə yaxınlığı ilə tanınan şəxslərdir. Bunlar ən çox da 44 günlük savaşda Azərbaycan əleyhinə kampaniya aparmış insanlardır. Onların bir qismi siyasilərdir. Digər qismi isə Avropa Birliyinin ən müxtəlif ölkələrində çalışmış polis işçiləridir. Bununla bağlı bir sıra epizodlar da var. Digərləri isə jurnalistlərdir. Xankəndidə beynəlxalq jurnalistika adı altında Fransa tərəfi bir missiya həyata keçirməyə çalışmışdı. İndi əlinə Azərbaycan əleyhinə qarayaxmalar, böhtanlar üçün müəyyən imkanlar düşüb. Burada Rusiya tərəfinin də müəyyən dərəcədə fəaliyyəti var. 44 günlük savaşın sonunda məlum bəyanata imza atan vasitəçi ölkə Rusiya olmasına baxmayaraq, bu missiyanın sərhədə yerləşdirilməsinə göz yumdu. Bu da əslində Kremlin yanaşmasını ortaya qoydu ki, şübhəli şəkildə bu missiyadan narahat deyil. Missiya nə yaza bilər? Əlbəttə, ağzına gələni yazması mümkündür. Onu da qeyd edək ki, oradakı rəylər artıq erməni rəsmilərinin dilindən səslənən rəylərdir. Avropa Birliyində bundan bizə qarşı istifadə edənlər olacaqmı, bəli, olacaq. Düşünürəm ki, Avropa Şurası Parlament Assambleyasında bu sənədə istinad edilərək, bu qurumla Azərbaycan arasında münasibətlərin korlanmasına cəhdlər olacaq. Bu missiyanın rəyindən istifadə etməyə çalışan digər qüvvələr də olacaq. Fransanın burada adını xüsusi qeyd edə bilərik. Fransa Senatında qəbul edilən məlum qətnamədəki tövsiyələrin də orada yer almasını gözləmək olar. Avropa Şurası Parlament Assambleyası sentyabr ayından bu yana bir neçə dəfə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə etməyə cəhd edib. Bu cəhdlər davam edir. Fikrimcə, bir dinləmə baş tutacaq. Bu dinləmənin də qətnamə qəbul edilməsi ilə sonuclanacağı gözləniləndir”.

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi analitik İlyas Hüseynov bildirdi ki, artıq bununla neçənci dəfədir ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan sülhü pozan təxribatçı addımlar atır və Azərbaycanı ittiham etməklə məşğuldur: “Ümumiyyətlə, Avropa İttifaqının mülki missiyası regiona gələn kimi Ermənistanın baş naziri Nikol Paşinyanın və təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın ritorikası dəyişib. Gündəlik rejimdə Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulur və atəşkəs rejiminə Ermənistan riayət etmir. Avropa İttifaqının heç bir hesabat yaymadığı  halda böhtanla məşğul olmaq heç kəsə başucalığı gətirmir. Erməni olsa da Marukyan bunu anlamalıdır! Müşahidəçi qrupun iki ay müddətinə yerləşdirilməsi, maksimum 40 Avropa İttifaqı mülki müşahidəçi-ekspertindən ibarət olması ilə yanaşı, bütün sərhəd zolağını monitorinq etməsi müəmmalı məsələ olsa da regional sülh naminə bu missiyanın bölgəyə gəlməsi razılaşdırıldı. Aİ missiyasının real məqsədləri əgər sülhü pozmaq və İrəvan tərəfindən hazırlanmış hesabatla "silahlanmaqdırsa", bu addımlar təhlükəsizlik seqmentini daha da zədələyir və gərginliyin yaranmasına səbəb olur".

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə burada olan əsas məqsədə toxundu: “Avropa İttifaqının müşahidə missiyasının Ermənistanla Azərbaycan sərhədində yerləşdirilməsində məqsəd hesabatlar hazırlamaqdır. Ermənistan tərəfi sərhəddə təxribatlar edərək Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin korlanmasına çalışır. Çalışırlar ki, Avropa İttifaqı belə bir hesabat hazırlasın. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi-enerji əlaqələri yüksək səviyyədədir. Marukyanın belə bir təxribatçı açıqlamalar verməsi göstərir ki, Ermənistan belə bir plana malikdir. Amma Avropa İttifaqı Azərbaycanla əlaqələrə üstünlük verir. Azərbaycan da belə təxribatlara heç vaxt getmir. Bütün təxribatları həyata keçirən Ermənistandır. Bu gün Ermənistan Avropa İttifaqının vasitəçilik missiyasının qarşısını alır. Məhz Avropa İttifaqının vasitəçilik səylərinə kölgə salan Ermənistandır. Belə bir təxribatçı dövlətə Avropa İttifaqı müşahidə missiyası göndərməklə strateji səhv edib. Bu, Avropa İttifaqının maraqlarına ziddir. Ermənistan Azərbaycanla sərhəddə təxribatlara hazırlaşır. Əsas məqsəd Brüssellə Azərbaycan arasında siyasi əlaqələrə zərbə endirməkdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR