İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Azərbaycanın müəllifi olduğu bu dəhlizə üstünlük verir

“Müstəqil Azərbaycanın inkişaf konsepsiyasında enerji strategiyası müstəsna yer tutur. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlət siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edib. Dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bu istiqamətdə möhtəşəm nailiyyətlər əldə etməkdədir”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.

FATMA.jpeg (88 KB)

O əlavə edib ki, Azərbaycan bu gün Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirməyə nail olub:

“Daha dəqiq desək, bu gün güclü Azərbaycan dövləti Avropanın enerji xəritəsini dəyişməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. Avropa İttifaqının qaz və neft idxalından kritik asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizinin öz rolunu artırmaq imkanları getdikcə artır. Hazırda daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir”.

Millət vəkilinin sözlərinə görə, Cənub Qaz Dəhlizinin fəaliyyəti və qazın Avropa bazarlarına ixracı zamanı Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqlədi və qaz ixracını, o cümlədən Avropa bazarına sürətlə artırmağa nail oldu:

“Ona görə də təəccüblü deyil ki, qaz böhranının dərinləşməsinin qarşısını almaq naminə Avropa ölkələri tədarükləri artırmaq üçün Azərbaycana üz tutur. Bu gün ölkəmizə yaxın regionlarda davam edən qeyri-sabit vəziyyət Avropanın enerji bazarında hökm sürən qeyri-müəyyənlik də Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, etibarlı enerji mənbəyi statusunu da gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropanın əsas tərəfdaşlarından birinə çevrilib.

Məlumdur ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi, imzalanan bu Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Çünki Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Əldə olunan razılaşmaya əsasən, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artırılacaq. Bu Memorandum vasitəsilə Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürür. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur”.

Komitə sədrinin müavini qeyd edib ki, Cənub Qaz Dəhlizi kimi 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10-dan çox ölkənin enerji təhlükəsizliyini təmin edir:

“Azərbaycandan qaz alan ölkənin əksəriyyəti Avropa İttifaqının üzvüdür. Bütün bu səbəblərdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Beləliklə, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Avropa İttifaqı Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizinə xüsusi üstünlük verir və gələcək etibarlı yanacaq təminatının əsas həlqəsi kimi dəhlizin genişləndirilməsi üzərində səylərini artırmaqdadır. Bu, çox böyük məsuliyyətdir və ölkəmiz Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlindən gələni etməyə çalışır. Azərbaycanın qaz ixracını artırması üçün resursların istehsalı da artmalıdır. Son illərdə yeni qaz yataqlarındakı blokların hərəkətə gətirilməsi və TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır.

Mövcud resursların qiymətləndirməsinə əsasən, növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Mütəxəssislərin apardığı kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2.6 trilyon kubmetr proqnozlaşdırılır. Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır. Beləliklə, proqnoz və tədarük planına əsasən, 2024-2027-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırılmalıdır. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək”.

Fatma Yıldırım əlavə edib ki, çoxşaxəli enerji siyasətinin mərkəzində həm də digər bölgə ölkələrinin də enerji resurslarının Şərq-Qərb enerji koridorlarına cəlb edilməsi dayanır:

“Belə ki, məhz Azərbaycanın liderliyi və təşəbbüskarlığı sayəsində bölgənin digər ölkələri – Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulması nəzərdə tutulur ki, nəticədə TransXəzər mənbəyindən Avropaya illik 40-50 milyard kub.metrə yaxın qaz nəqli gözlənilir. Avropa İttifaqının enerji üzrə ekspertləri də etiraf edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarının Qərbə nəqlində daşıyıcı missiyaya malikdir. Son illərin ixrac statistikası və coğrafiyası təsdiqləyir ki, Azərbaycanın Avropaya ötürdüyü enerji resurslarının həm həcmi, həm də alıcı ölkələrin sayı genişlənir. Beləliklə, Azərbaycan enerji siyasətininin şaxələnməsində flaqman ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində genişşəbəkəli enerji koalisiyası yaratmış olur.

Bundan əlavə, 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihə Azərbaycanın külək enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Rumıniyaya və Avropaya nəqlini nəzərdə tutur. Bu isə Azərbaycanın enerji nəqlində digər mənbələri hərəkətə gətirdiyini, enerjinin şaxəliliyini artırmaq istiqamətində əməli addımlar atdığını təsdiq edir.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasını və işğaldan azad edilmiş ərazilərimizi yaşıl enerji zonası elan edib. Son 4 ildə xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda alternativ enerji ilə bağlı əhəmiyyətli işlər görülür. Artıq bir neçə SES-lər tikilib istifadəyə verilib və gələcəkdə onların sayının artırılması nəzərdə tutulur.

Beləliklə, Azərbaycan həm təşəbbüskar, həm təchizatçı, həm də beynəlxalq enerji koalisiyasının coğrafiyasını genişləndirən, Avropa ilə Asiya arasında körpü yaradan dövlətdir. Məqsəd və məram isə bütün bölgə ölkələrini bir sülh ailəsində birləşdirməkdir. Nəzərdə tutulan hədəflərin və layihələrin həyata keçirilməsi ilə Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyi sistemində rolunu əhəmiyyətli dərəcədə artıracaq. Bu amil ölkəmizə iqtisadi gəlirlər gətirməklə yanaşı, mühüm siyasi dividentlər də qazandırır. Azərbaycan beynəlxalq birliyə bir daha nümayiş etdirir ki, dünyada etibarlı tərəfdaşdır. Bu möhtəşəm nailiyyətlərə isə cənab Prezidentimiz İlham Əliyevin titanik fəaliyyəti və praqmatik, uzaqgörən siyasəti sayəsində nail oluruq. Qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək!”

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR