Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda Füzulidə, qohumların yaşadığı qəsəbədə olanda gözüm sataşdı, gördüm, qəsəbə arası yolun kənarıyla arx gedir, arxla çəpər arasında təxminən on metr uzunu, metryarım eni olan boş yer var, simsar adama dedim ki, nə əcəb çəpəri arxın qırağına çəkib o yeri götürməmisən. Qardaş mənə baxdı, dedi, nə ehtiyac var. Dedim, bax, üzbəüz qonşu götürüb axı. Dedi, vallah, heç onun da ehtiyacı yoxdur, sadəcə, gözü doymur.
Adətdəndir, biz çəpərləri metr-metr, qarış-qarış irəli çəkər, yolu daraldar, bir maşının birtəhər keçəcəyi qədər məsafə saxlayarıq. Bəzən heç onu da saxlamarıq, küçə dalana çevrilər. Şəhər o cür dar küçələrlə və dalanlarla doludur.
Hər millətin geniş yayılmış bir naqis cəhəti var, bizimki də budur. Yasamalın, Keşlənin, Montinin, keçmiş “Sovetski”nin, digər bu kimi yaşayış massivlərinin dar-düdük küçələrdən ibarət olmasının kökündə bu dayanır – “həyətim geniş olsun, yol dar olacaqsa da, cəhənnəmə olsun”.
Bizim şəhərsalma mədəniyyətimiz bu cürdür.
Dünyada elə səliqəli, ölçü-biçili, planlı tikilmiş şəhərlər var ki, türkün sözü, quş baxışı çəkilmiş şəkillərini görəndə adam həsəd aparır. Məsələn, Barselona, Vaşinqton o cür şəhərdir. Standart kvartallar, enli küçələr, iri, bol ağaclı parklar, rahat səkilər... göz oxşayır. Milanda birinci (həm də axırıncı) dəfə olanda küçələr boyunca o qədər çinar ağacı gördüm ki, dedim, Gəncənin adı çıxıb. Yadıma yerli (gəncəli) şair Rübailin misrası düşdü: “Harda çinar varsa, ora Gəncədir”.
Amma Milan Gəncə deyildi. Gəncədə o qədər azlitrajlı, iki adamlıq maşın yoxdur. Küçələr xırda-xırda avtomobillərlə təpili-tıxılıdır. Əvəzində Gəncədə olan ciplər qədər də Milanda cip yoxdur. Bakı, Gəncə cipxanadır. Qəmbər Hüseynli sağ olsaydı, daha bir “cip-cip” mahnısı yazardı.
Astana da gözəl şəhərdir. Səliqəli tikilib. Bir dəfə Astanada enli prospektlərə, çoxsaylı şüşə-beton konstruksiyalı gözəl binalara tamaşa edə-edə bir rəfiqin maşınında gedirdik, dedim, necə səliqəli şəhər imiş. Həmvətənimiz dedi, sən bir də buranı yağış yağanda görəsən.
Heç demə, Astana düzəndə, hamarda yerləşdiyi üçün yağış suları tezliklə axıb harayasa tökülmür və yolları su basır. Nəticədə qanqaraçılıq olur.
Eyni şey bizdə də olur. Hər dəfə yağış yağanda paytaxtımız pis günə qalır. Görünür, şair Vahid demişkən, bizi əvvəlindən salan olmayıb başa ki, şəhər tikəndə hər şeyini nəzərə almaq lazımdır – yol-rizini, kanalizasiyasını, relyefini, sıxlığını, küçələrini və s. Lap əvvəllərdən bu şəhəri, kəndçilərimiz demişkən, badar-bucaq tikiblər.
Bəzən deyirlər, şəhər təsərrüfatı ilə baölı problemlər Bakının təpələrin üstündə olduğuna görədir. Ona qalsa, İstanbul da yeddi təpənin üstündə tikilib. Belə şəhərlər dünyada çoxdur. Keçmişdə düz yerləri əkib-becərərmişlər, bir az hündür yerlərdə isə ev tikərmişlər ki, düzəngahlar, dərələr hayıf olmasın. İndi harada boş yer görürlər, puldan basıb alırlar.
Bu yerdə Abutalıbovu da xatırlamaq lazım gəlir. Bakının indiki estetik görünüşü onun iti zəkasının və eyni itilikdə tamahının məhsuludur. Düzdür, onun sələfi Allahverdiyev Bakı rəisi olduğu illərdə bir çalaya, çuxura bir vedrə asfalt tökməmişdi, amma onu anlamaq olardı, kasıbçılıq idi, şəhərə qayğı göstərəndə çox pul yığmaq olmurdu. Hacıbala müəllimin vaxtında isə pul sel kimi gəlirdi. Allahdan, o vaxtlar quraqlıq olurdu, sel gəlmirdi, eləcə, arada yerə 1-2 millimetr qar düşürdü. O da günortaya qədər əriyirdi – sadəcə 1234 maşın sürüşüb bir-birinə dəyəndən sonra.
Düzünə qalsa, yağış-qar, sıxlıq-tıxac problemini həll etməyin yolunu bilmirəm (əslində bunu heç kəs doğru-dürüst bilmir), amma orasını dəqiq bilirəm ki, o problemi əsaslı şəkildə həll etmək üçün bu şəhər təzədən sökülüb-tikilməli, sıfırdan ağıllı şəhər inşa etmək lazımdır. O da mümkün deyil., ona görə də bu ağrılı şəhərdə yaşamağa məcburuq.
Amma oxumuş adamlar deyir ki, bu vəziyyətdən çıxış yolları çoxdur: 1. “Şamaxinka”; 2. “Qurd qapısı”; 3. Bibiheybət; 4. Aeroport; 5. Dəniz vağzalı... Hələ Mehdiabad-Novxanı tərəfdən Sumqayıta, oradan da Quba yoluna çıxmaq olar. Çıxırsan, canını buradan qurtarırsan. İntəhası, yeni bakılıların bir xeylisi qastarbayterdir, yerli əmək miqrantlarıdır, gedəcək yerləri olsa da, işləyəcək yerləri yoxdur.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ