Onlayn ictimai-siyasi qəzet
BMT-nin mühüm qurumlarından olan YUNESKO missiyası Qarabağa səfər üçün müraciət edib. “Yeni Müsavat” yada salır ki, rəsmi Bakı buna razılığını verib, lakin Ağdamdan keçməklə Xankəndinə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib. Lakin iş ondadır ki, qarşı tərəf bununla razılaşmayıb və birbaşa Xankəndinə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildiriblər.
APA-nın əldə etdiyi xəbərə görə, UNESCO Azərbaycan tərəfinə işğaldan azad edilmiş ərazilərdə cəmi iki abidəyə baxış keçirəcəyini bildirib, bundan sonra isə dərhal Xankəndi şəhərinə gedəcəklərini vurğulayıblar.
Azərbaycan isə bunun əleyhinə çıxış edib. Azərbaycan tərəfi UNESCO missiyasının bu şərtlər daxilində bölgəyə səfərini qeyri-səmimi və qeyri-şəffaf adlandırıb. Beləliklə, Azərbaycan UNESCO-nun şərtini qəbul etməyib.
Bir daha aydın olub ki, bu, əslində bir xristian təşkilatıdır və onu müsəlman dini-mədəni abidələrin taleyi, ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vandalizm faktları qətiyyən maraqlandırmır. Halbuki təkrar edirik, bu bir BMT təsisatıdır, Azərbaycan ora üzvlük haqqı ödəyir! O zaman nədən UNESKO iyrənc “ikili standart” siyasətini davam etdirir? Bu, yalnızca onun rəhbəri Anri Azulenin qatı ermənipərəst fransız olması ilə bağlıdır, yoxsa başqa səbəblər var? Yəni təşkilatda rəhbər dəyişsə, bizə də münasibət dəyişərmi? Ümumiyyətlə, bəlkə bu qurumu tərk etmək zamanı çatıb?
Sabir Rüstəmxanlı: “Deməli, onları erməni abidələri maraqlandırır, bunun adı riyakarlıqdır”
Əvvəla, YUNESKO missiyası Xankəndidə nə axtarır? BMT missiyası gəlib baxış keçirdi, heç nə tapmadı və müsbət rəy verdi. İndi onun daha qolu Xankəndidə “erməni irsinin və abidələrinin məhvi” axtarışına çıxıb. 30 il ərzində 65 məscidi yerlə-yeksan edən, ibadət evlərini donuz fermasına çevirənlərə “gözün üstə qaşın var” deməyənlər Xankəndidə erməni abidələrinin təəssübünü çəkir. Deməli, Ağdamı, Füzulini, Şuşanı görmək istəmirlər, amma Xankəndidə “qıl” axtarırlar. Onu da deyək ki, Ermənistan YUNESKO-nun tədqiqat missiyasının Qarabağa göndərilməsini istəyib. Bu barədə noyabrın 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə YUNESKO-nun baş direktoru Odri Azule ilə görüşdə danışıb. Mirzoyan Qarabağda “mədəni-mənəvi irsinin dağıdılması, təhqir edilməsi və ya mənimsənilməsinin ciddi risklərindən” narahatlığını ifadə edib. O, Odri Azuleyə mədəniyyət abidələrinin yerində müstəqil monitorinqi və xəritələşdirilməsinin aparılması məqsədilə YUNESKO-nun tədqiqat missiyasının Qarabağa göndərilməsinin vacibliyini deyib. Belə olan halda Azərbaycan bu təşkilatda üzvlüyünə yenidən baxmalıdırmı?
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, YUNESKO-nun bu şərtinin şərhi yoxdur: “Əslində min ildir ki, bu bölücülük davam edir. Dini tərəfkeşliklə, ayrı-seçkilik etməklə, xalqların yaratdığı mədəniyyətlərə bu cür baxmaqla, Yer kürəsini bölməklə ədalətli yanaşmaq olmaz. Onların mövqeyi budur ki, bir tərəfin mənafeyinə xidmət etsinlər. Yəni Avrosentrizm, yəni Avropanın mərkəzçiliyi davam edir. İstəyirlər ki, yalnız onların dediyi qəbul edilsin. Ona görə YUNESKO-nun şərti qəbuledilməzdir”. S.Rüstəmxanlı qeyd etdi ki, bizim bir milyon qaçqını, dağılan şəhərləri görmədən yalnız Xankəndi onları maraqlandırırsa, bunun adı ikiüzlülükdür: “Azərbaycanın təklifi doğrudur, gəl Ağdamı gör, ermənilərin hansı vəhşilikləri törətməsi ilə tanış ol, sonra Xankəndinə get. Deməli, səni erməni abidələri maraqlandırır. Axı hər bir dini ocaq Allahın evidir. Sən Allahın bir evinin dağıdılmasını görməzdən gəlib, Allahın o biri evini qoruya bilməzsən. Bunun adı riyakarlıqdır”.
Arzuxan Əlizadə: “Azərbaycan çağırış edəndə səsləri çıxmırdı, Ermənistan müraciət edən kimi...”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə hesab edir ki, YUNESKO-nun irəli sürdüyü şərt beynəlxalq təşkilatların növbəti ikili yanaşmasıdır və kifayət qədər ədalətsiz münasibətdir. Partiya sədrinin sözlərinə görə, torpaqlarımız işğal altında olduğu dövrdə 67 məscidin 65-i dağıdılıb, mədəni abidələr məhv edilib, amma həmin dövrdə YUNESKO və digər beynəlxalq təşkilatlar Azərbaycanın çağırışlarına səs verməyiblər, həmin ərazilərdə müşahidə aparmayıblar, hesabatlar hazırlamayıblar: “Biz işğala son qoymuşuq, indi bu təşkilatlar hərəkətləniblər. Azərbaycan çağırış edəndə səsləri çıxmırdı, Ermənistan müraciət edən kimi reaksiya verilir. Eləcə də ərazilər işğal altında olanda BMT bircə dəfə missiya göndərməyib, amma indi araşdırma aparırlar. Ona görə bu təşkilatların artıq Qarabağa buraxılmasına şərait yaratmaq lazım deyil və onlarla əlaqələrə yenidən baxmaq zamanıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ