İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağadadaş Ağayevin cəza məsələsi yenidən GÜNDƏMDƏ

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Geniş ictimiyyətin diqqət mərkəzində olan cinayət işi üzrə müzakirələrin əsas mövzusu Ağadadaş Ağayevin baltalı hücumu üzərində ona veriləcək cəzadır.

Sual olunur ki, Ağadadaş Ağayevi məlum insidentə görə nə qədər cəza gözləyir? Xalq artistinə şərti cəza verilə bilərmi? Bu halda onun hücum çəkdiyi Nurəddin Cəlilova hansı cəza təyin edilməlidir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Ağadadaş Ağayevin törətdiyi əməl ictimai yerdə, insanların intensiv gediş-gəlişi olan ərazidə törədilib:

“Belə əməllər Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə tövsif olunur. Olayla bağlı yayılmış videoda Ağadadaş Ağayevin əlində bir balta da var. Hansını ki, o, var gücü ilə oradakı gözətçiyə tərəf atır. Balta gözətçinin sayıqlığı nəticəsində ona dəymir, oradakı bir qadının ayağına çırpılır. Yayılan məlumatlardan belə aydın olur ki, balta qadına elə də ciddi xəsarət yetirməyib. Qadın öz ayağı ilə məhkəməyə gedib-gəlir. Bu, Ağadadaş Ağayevə münasibətdə durumu bir qədər yüngülləşdirir.

Onun əməli - baltalı hücumu istintaq tərəfindən düzgün tövsif olunub. Ağadadaş Ağayevə Cinayət Məcəlləsinin 221 maddəsinin 3-cü hissəsi ilə - xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə maddəsi ilə ittiham verilib. Məhkəmə Ağadadaş Ağayevi bu maddə üzrə təqsirli bilərsə, ona minimum 2 il, yuxarı həddə isə 5 il cəza təyin edə bilər.

İttihamda deyilir ki, Ağadadaş Ağayev hadisə günü “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova kobud formada səslənərək onu yanına çağırıb. Mühafizəçi çağırışına cavab vermədiyi üçün uca səslə onun ünvanına nalayiq sözlər işlədib. Daha sonra isə əsəbiləşərək əlindəki baltanı ona tərəf atıb. Nəticədə balta hədəfdən yayınaraq hospitalda xadimə işləyən qadının ayağına dəyib. İstintaq materiallarında yazılır ki, bundan sonra təqsirləndirilən müğənni ilə mühafizəçi arasında əlbəyaxa dava başlayıb.
Məhkəməsində müğənni Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə verilmiş ittihamla razılaşmayıb. Hakimin “ittiham üzrə özünüzü təqsirli bilirsinizmi” sualına “Mən özümü təqsirli bilmirəm. Ona görə indi çıxış etmək istəmirəm”.

Dövlət ittihamçısı Babək Zakirzadə dəqiqləşdirici sual verərək ittihamı tam olaraq eşidib-eşitməməsini aydınlaşdırıb.

Ağadadaş Ağayev: “Bir onu deyə bilərəm ki, bütün məsələlər havada qalıb, hər şey məntiqdən kənardır. Dünya təcrübəsində belə bir şey yoxdur ki, kömək istəyəsən, həm də söyüş söyəsən. Mən birindən kömək istəmişəm. Bunu necə söyüşlə istəyə bilərəm?” Hakimin “ittiham təsdiq olunsa, sizi hansı cəza gözlədiyini bilirsiz” sualına Ağadadaş Ağayev hazırda özünü yaxşı hiss etmədiyini, ifadə verməyə hazır olmaldığını deyib.

Bundan sonra məhkəmənin aparılması qaydası müzakirə edilib. Ağadadaş Ağayevin vəkili bildirib ki, əvvəlcə zərərçəkmiş şəxslər ifadə versin.

Dövlət ittihamçısı isə ilkin olaraq təqsirləndirilən şəxsin dindirilməsini təklif edib. Məhkəmə qərara alıb ki, əvvəlcə təqsirləndirilən, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi həyata keçirilsin. Ağadadaş Ağayevin vəkili hazırkı mərhələdə müdafiə etdiyi şəxsin ifadə verməyə hazır olmadığını deyib. O, məhkəmənin təxirə salınmasını istəyib. Məhkəmə vəkilin istəyini nəzərə alıb.

Proses dekabrın 3-nə qədər təxirə salınıb.

Ağadadaş Ağayevin cinayət işi üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur. Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır.

Hüquqşünas deyib ki, məhkəmənin Ağadadaş Ağayev barəsində çıxaracağı hökm preyudisiyal xarakter daşıyır – yəni qanuni qüvvəyə minmiş məhkəmə hökmünün cinayət təqibi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror, məhkəmə üçün məcburiliyi var:

“Əlbəttə ki, Ağadadaş Ağayevin barəsindəki hökm Nurəddin Cəlilovun işi üzrə keçiriləcək məhkəmə üçün preyudisiyal xarakterli olacaq. Bu, qanunun tələbidir”.

“Tərəflər arasında barışıq olarsa, müğənni məhkəmədən şərti cəza ilə ayrıla bilərmi” sualına hüquqşünas “hakim öz hüquq düşüncəsinə uyğun sanksiyada müəyyən edilən aşağı həddən də az cəza təyin edilə bilər. Yəni Ağadadaş Ağayevə şərti cəza verilməsi mümkündür. Sadəcə bunun üçün təqsirləndirilən şəxsin səmimi peşmanlığı, zərərçəkən şəxslərlə münasibətləri nəzərə alınır. Bu, məhkəmənin gedişatında müttəhimin davranışlarından, tutduğu mövqedən asılıdır”.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib.

Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib.

İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb:

“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR