İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağadadaş Ağayev növbəti dəfə hakim qarşısına çıxarılır

Sabah, noyabrın 28-də Xalq artisti Ağadadaş Ağayev növbəti dəfə müttəhim kürsüsünə oturacaq.

Musavat.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Vüsal Tağıyev sədrlik edir.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur.

Ötən prosesdə təqsirləndirilən Ağadadaş Ağayevin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra onun müqavilə əsasında vəkili Asim Abdullayev olduğu müəyyən edilib. Ağadadaş Ağayev ona dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. Deyib ki, müqavilə bağladığı vəkilin yardımından istifadə edir. Hakim Ağadadaş Ağayevin dövlət hesabına təyin edilmiş vəkildən imtinasını qəbul edib.

AGADA.jpg (401 KB)

Daha sonra zərərçəkmiş şəxslər və onların hüquqi nümayəndələri elan edilib. Onlara hüquqları izah olunub. Zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu deyib. Onun sözlərinə görə, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib:

 “Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”.

Vəkil daha sonra qeyd edib ki, Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyir. Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını deyib. O bildirib ki, vəsatətlərin təmin olunması üçün əsaslar mövcud deyil. Ağadadaş Ağayevin vəkili də vəsatətin əsassız olduğunu deyib. O, hər iki vəsatətin rədd olunmasını istəyib. Ağadadaş Ağayev müdafiəçisi ilə razı olduğunu deyib. Daha sonra hakim müşavirəyə yollanıb. Məhkəmə vəsatətləri təmin etməyib. Prosesdə dövlət ittihamçısı çıxış edərək işin məhkəmə baxışına verilməsini istəyib. Zərərçəkmişlər öz mövqelərində qalıblar. Onlar işin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Ağadadaş Ağayev və vəkili isə işin məhkəmə baxışına verilməsinə razı olduqlarını qeyd ediblər. Hakim işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən cinayət işi də məhz budur. Bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı.

Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Hazırda Nurəddin Cəlilovun cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib.

Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb:

“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xalq artisti Ağadadaş Ağayev “MedEra Hospital”a qarşı mülki iddia qaldırıb. Ağadadaş Ağayev “MedEra Hospital”ı mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə verib. Öz növbəsində, “MedEra Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR