Onlayn ictimai-siyasi qəzet
Dünən mən bu cızmaqaranı eləyəndə katoliklər hələ öz papalarını seçməyi bacarmamışdı. 3 dəfə səsə qoymuşdular, lakin liderliyi əldə edən olmamışdı. İnşallah, 4-cüdə seçsinlər. Hamımız buna görə çox narahatıq. Çünki axırıncı papanı bizim xalçanın üstündə aparıb dəfn elədilər. Təzə papaya xalçanın ipliyini hazır eləmək üçün lazımdır ki, namizədin yaşını-başını bilək. Hana qurmaq vaxtaparan işdir.
Burada haşiyə çıxaraq dünya katolisizmini də bütün başqa dinlər kimi “puç və əfsanə” saydığımı yazmaqdan özümü saxlamıram. Çağdaş dünyada, süni intellekt, internet, kosmik uçuşlar, kvant fizikası və sairə dövründə insanlar niyə belə əfsanələrə inansınlar ki? Üstəlik, harada qurdalasan bir çirkin işin altından hansısa din xadimi çıxır. Gah katolik keşiş Salmoniusun balaca oğlan uşaqlarına, gah da bizim milli Hacı Salmanın (bu halda isim lap dəqiqdir - hadisə Sulutəpə tərəflərdə olub, Salman müəllim də, deyəsən, türmədədir) azyaşlı qıza qarşı əxlaqsızlığı ifşa edilir.
Söz vaxtına çəkər, elə bugünlərdə Argentinada arxivləri bütün dünya üçün açıblar, Hitler Almaniyasından, 2-ci Dünya savaşından sonra ora qaçan faşist cəlladları haqda sənədlərlə hamı tanış ola bilər. İçlərində doktor Mengele, Adolf Eyxman kimi çox məşhur canilərin də olduğu bu tiplərin 1945-ci ildən sonra əvvəlcə İtaliyaya, sonra Güney Amerikaya, Argentina və başqa ölkələrə qaçıb gizlənməsində əsas iştirakçılardan biri məhz Vatikan, katolik kilsəsi olub. Saxta sənədlər veriblər ki, guya bu tiplər kilsə xadimləridir. Təsəvvür edin.
Hərçənd bizim üçün də qeyri-adi fakt sayılmaz, dinin dünyəvi cinayətlərdə iştirakını təsəvvür eləməyə ehtiyacımız yoxdur, Qarabağın Ermənistan tərəfindən işğalı zamanı əlində silah döyüşən Xankəndi yepiskopu Pargev Martirosyan, davanı nifrət dolu moizələriylə körükləyən Üçmüəzzin (Eçmiədzin) katolikosu Qaregin canlı şəkildə yadımızdadır. Biz tərəfdən din faktoru davada hər hansı rol oynamırdı, heç döyüşən mollaya da rast gəlinmirdi. Ancaq ermənilər hətta SSRİ dövründə, guya ateizmin rəsmi ideologiya sayıldığı zamanda Qarabağ kəndlərindəki bandit dəstələrini kilsə ayinləri ilə “xodlayıb” dinc azərbaycanlıları öldürməyə göndərirdilər. Təsadüfi deyil ki, onların döyüş zamanı rəsmi fərqlənmə nişanları da xaç simvolu olurdu. Məntiqlə, biz tərəfdən də döyüşçülər hansısa ay-ulduzu geyimlərinə, tankların, texnikaların üzərinə çəkməliydilər, lakin şəxsən mən belə faktı xatırlamıram. Nə yaxşı da çəkmədik. Çünki bizim üçün bu, dini dava deyildi.
Ancaq lap əvvələ qayıtsaq, mənim fikrim belədir ki, papanı seçmək üçün dünya katolikləri bizim milli Mərkəzi Seçki Komissiyasına müraciət eləsəydilər, bu qədər əzab-əziyyətə düçar olmazdılar. Məzahir müəllim birinci raunddan bütün məsələni kökündən həll edərdi, çıxıb gedərdi. Çünki biz milli seçkilərimizdə haçansa 2-ci, ən qorxuncu isə 3 və 4-cü raundların (!!!) olmasını xatırlamırıq. Ən yaxşısı papanın əvvəldən, seçkidən qabaq bilinməsi idi, əlbəttə, ancaq ta prosedur gərəyi ilə qapı bağlanıb, qarı... üzr istəyirəm, yepiskop və kardinallar otağa salınıbdırsa, lazımdır onların arasından kimsə təzə papa seçilsin. Görünür, Məzahir müəllimin başı gəliniylə qalmaqala qarışdığı üçün Romaya gedə bilməyibdir, yoxsa dəfələrlə şahidik, dünyanın hansı yerində olur-olsun, seçki keçirənlər hər zaman bizim MSK-dan müşahidəçilər, məsləhətçilər tələb edirlər, xahiş edirlər, yalvarırlar.
Hazırda bütün dünya katolikləri intizarla Sikstin kapellasının damından ağ tüstü çıxmasını gözləyir, çünki belə adət-ənənə vardır, kardinallar bağlı qapı arxasında təzə papa seçirsə, bu zaman bacadan ağ tüstü buraxılır. Seçki baş tutmursa, qara. Dünən artıq 3 dəfə qara tüstü buraxmışdılar. Məzahir müəllim də hər seçkini təşkil edəndə tüstüsü ərşə bülənd olur. Dünyanın hər yerindən bizim tüstümüz görünür.
Hesab edirəm hələ gec deyil, Məzahir müəllimi Sikstinə göndərməliyik.
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ