İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evə kim qayıdır: biznesmen, ya siyasətçi?..

Səhv etmirəmsə, bircə həftə qalıb ki, Ağ Ev özünün yeni sakinlərini qəbul etsin. Əvvəlcə deyək ki, D.Tramp və ya komandası siyasətini tamam ağ səhifədən başlamayacaq, bunun üçün onların heç vaxtı da yoxdur, çünki ABŞ Belarus deyil və Tramp cənablarının da sərəncamında yalnız dörd il vaxt var. Bu vaxt ərzində o doğrudanmı, aləmi bir-birinə vura bilər?

Buna baxmayaraq, onun Ağ Evə qayıdışını əksəriyyət maraqla, nə qədər qəribə olsa da, bəzi avtoritar dövlətlər, xüsusən də onların siyasi və geosiyasi orientasiyasını dəyişən (məsələn, dünənə qədər qərbçi siyasət yürüdən gürcü hakimiyyəti kimi!) liderləri isə böyük ümidlə gözləyirlər. 

Sonuncuların arqumenti budur ki, Tramp daha çox biznesmendir, ona görə də siyasətində digər prezidentlərlə müqayisədə daha çox praqmatik olacaq! 

Bəs bununla bağlı nə demək olardı: Ağ Evə biznesmen, yoxsa siyasətçi qayıdır?..

Ondan başlayaq ki, birinci prezident Corc Vaşinqton da daxil olmaqla ilk ABŞ prezidentləri fermer olublar. 

O vaxt Amerika daha çox aqrar ölkə idi və fermerlər imkanlı insanlar hesab olunurdular, axı siyasət həmişə bahalı məşğulıyət olub və onunla varlı-imkanlı insanlar məşğul olublar.

Üstəlik, o vaxt ştatlarda dövlət minimal səlahiyyətlərə malik idi, onun xərclərinin bir hissəsini prezidentlər üzərlərinə götürürdülər.

Bir çox hallarda bu prezidentlər böyük borcların altına giridilər. Məsələn, ABŞ tarixində böyük iz qoyan prezident Tomas Ceffersonun borcu o qədər çox olmuşdu ki, öləndən sonra onun ödənilməsi üçün hətta malikanəsi belə hərracda satılmışdı!.. 

Sonrakı illərdə ABŞ prezidentləri arasında daha çox hüquqşünaslara - vəkillərə təsadüf edilməyə başladı. Onlar da müəyyən mənada biznes adamları hesab olunurdu, çünki vəkillik xidməti və hüquqi yardım o vaxt da pullu xidmətlər idi.

Düzdür, ABŞ prezidentləri arasında bəzən professorlara da təsadüf olunub, məsələn, məşhur Vudro Vilson kimi. Amma belələri o qədər də çox olmayıb, çünki bir daha deyirik ki, bütün dünyada, eləcə də sonra yeni yaranan demokratik ölkələrdə də böyük siyasətlə məşğul olmaq üçün ya özün imkanlı adam olmalısan, ya da imkanlı, varlı və nüfuzlu dostların olmalıdır. 

Odur ki, bütün dünyada, hətta demokratik ölkələrdə böyük siyasətlə məşğul olan insanların hamısı demək olar, bu və ya digər dərəcədə bizneslə və işgüzar dairələrlə əlaqəli olublar, mən hələ onu demirəm ki, ilk sosialist inqilabının lideri Lenin belə zadəgan ailəsindən çıxmışdı və axıra qədər də özünün aristokrat vərdişlərini saxlamışdı. 

Hətta inqilabçılıq etdiyi dövrlərdə belə onu pulla təkcə İiosif Stalin kimi kriminal elementlər təmin etmirdi, elə Almaniya kimi dövlətlər də bu adama xüsusi qayğı göstərirdi: məgər Rusiyaya almanların xüsusi, zirehli vaqonunda qayıtmamışdımı?

Elə indiki ABŞ-da da prezident seçkisi dövründə fantastik maliyyə məbləğləri dövriyyəyə gəlir. Tramp da, Harris də seçki kampaniyasına az qala, bir  milyard dollara yaxın vəsait toplamışdı!

Biz bu detalların üzərində niyə dayandıq? Bəli, Tramp keçmişdə biznesmen olub. Ronald Reyqan kimi siyasət dahisi də aktyor olmuşdu!

Amma Trampın hətta şoumen təcrübəsi olsa da güman özü də fərqindədir ki, siyasət bütün hallarda nə biznesdir, nə də şou-industriya, baxmayaraq ki, böyük siyasətdə bunların bütün elementləri var...

Sonda bir maraqlı detalı qeyd edək. Rusiyalı təhlilçilər Trampı heç də izolyanist kimi təqdim etmirlər. 

Bu təhlilçilərin fikirncə, Donald Tramp ənənəvi bir mənada qlobalist olmasa da, ABŞ-ın dünyada yeganə qlobal lider kimi qalmasına və daha da güclənməsinə çalışır. 

Həm də haradasa və nə vaxtsa güclü millət, milli şüur yaranırsa, onun millətçiləri də peyda olur. Tramp da ABŞ millətçisidir. Doğrudanmı belə təəccüblüdür bu? 

Bəli, təxminən üç yüz il keçsə də, bəzi ortodoksal millətçilik mütəxəssisləri hələ də “ABŞ milləti” anlayışına ciddi yanaşmırlar, amma belə millət artıq var - bu, polietnik və çoxkonfessiyalı, daha çox ortaq siyasi və iqtisadi dəyərlər əsasında formalaşan, etnik və dini tolerantlıq zəminində qurulan, multikultural dəyərlərə söykənən bir millətdir!

ABŞ siyasətçiləri üç yüz il “millət, millətimiz” deyə-deyə axır ki, yeni bir milət yaratdılar! 

Burada Amerika politoloqlarının bir fikirni də qeyd etmək lazım gəlir: onlar ölkələrini “əritmə qazanı” adlandırırdılar, o mənada ki, bu qazanın içində ən müxtəlif insanlar “əriyərək” vahid millət olur! Bir sözlə, ABŞ milləti deyilən bir anlayış var. Əgər belə bir şey varsa, ABŞ millətçisinin olması niyə təəccüblü görünməlidir?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR