İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev əsl reallığı rəsmən etiraf etdi: Qafqazı Rusiyadan daha çox ABŞ qarışdırır

Ağ Ev rəsmisi özü də istəmədən mövcud situasiyada Rusiyanın deyil, məhz ABŞ-ın Cənubi Qafqazda savaşa sponsorluq etdiyini dolayısı ilə təsdiqlədi... Ona görə də, Azərbaycan ermənipərəst ABŞ və Qərbin vasitəçilik etdiyi sülh platformalarındakı müzakirələrdən haqlı olaraq, məsafə saxlamağa üstünlük verir...

Cənubi Qafqazda geopolitik gərginliyin aradan qaldırılması istiqamətində atılan addımlar hələlik müsbət nəticələrdən uzaqdır. Belə ki, regional sülh prosesində hələ də böhranlı situasiya hökm sürür. Üstünlük, zaman keçdikcə, sülh prosesi ətrafında mövcud olan vəziyyət daha da qəlizləşməkdə davam edir. Və bu, yaxın vaxtlarda yekun sülh sazişinin imzalanma ehtimalına olan ümidləri də ciddi şəkildə zəiflədir.

Onu da qeyd etmək lazımdır ki, son bir neçə ay ərzində ötən ilin sona qədər yekun sülh sazişinin imzalanacağı vəd olunurdu. Xüsusilə də, Paşinyan hakimiyyəti bunun mümkün olduğunu iddia edirdi. Rəsmi İrəvan üzərində anlaşma əldə əldə edildiyi üç prinsip əsasında yekun sülh sazişini imzalamağa hazır olduğunu bəyanlayırdı. Halbuki, bu, hələ də baş verməyib. Və yenicə başlamış bu il də reallığa çevrilib-çevrilməyəcəyi kifayət qədər ciddi şübhələr doğurur.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Təbii ki, regional sülh prosesində belə uğursuz vəziyyətin yaranmasının önəmli səbəbləri də mövcuddur. Üstünlük, bu səbəblərin sırasına rəsmi İrəvanın yekun sülh sazişini müxtəlif manipulyativ manevrlərlə yayınması ilə yanaşı, Cənubi Qafqazda geopolitik maraqları olan dünya nəhənglərinin bu prosesə kobud müdaxiləsi də daxildir. Xüsusilə də, ABŞ və Qərbin regional sülh prosesində tərəfsiz vasitəçilik prinsiplərindən imtina edərək, birmənalı şəkildə ermənipərəst mövqe tutması ən böyük əngələ çevrilib.

Maraqlıdır ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin son açıqlamaları da real vəziyyətin daha obyektiv təhlilinə əlavə imkanlar açır. Çünki Ağ Ev rəsmisi bildirib ki, Rusiya heç bir halda, ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur. Ona görə də, Ağ Ev bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir. Və ABŞ rəsmi dairələri Azərbaycan-Ermənistan nizamlanması üzrə xarici işlər nazirlərinin görüşünü keçirməyi də planlaşdırır.

Əslində, Ağ Ev rəsmisinin bu açıqlamasında məzmun etibarilə müəyyən etiraflar da mövcuddur. Üstəlik, həmin dolayısı etirafın məzmunu onu göstərir ki, Azərbaycan ABŞ və Qərbin sülh danışıqları platformalardan məsafə saxlamaqda tamamilə haqlıdır. Xüsusilə də, açıqlamada Rusiyanın sülh prosesinə əngəl olmadığının vurğulanması ABŞ və Qərbin bloklayıcı fəaliyyətini növbəti dəfə təsdiqləmiş olur. Və bu baxımdan, ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirlərinin görüşünün təşkili də əslində, reallaşa biləcək məsələ təsiri bağışlamır.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Təbii ki, Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdə Rusiyanın da öz geopolitik maraqları mövcuddur. Yəni, elə Kreml də bütün imkanları çərçivəsində regional sülh prosesinə kobud şəkildə müdaxilə edərək, Rusiyanın geopolitik maraqlarını təmin etməyə çalışır. Ancaq önəmli məqamlardan biri odur ki, Rusiyanın regional sülh prosesinə birbaşa müdaxilə imkanları hazırda o qədər də geniş deyil.

Əksinə, əvvəlki dövrlərdən fərqli olaraq, indi Rusiya Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında müəyyən mənada, oyundan kənar vəziyyətə salınmış kimi görünür. Çünki Paşinyan hakimiyyəti ABŞ və Qərbin təlimatlarını icra edərək, Rusiyanın vasitəçiliyi ilə təşkil olunan görüşlərə qatılmaqdan imtina edir. Və bu səbəbdən də, Kreml "sülh masası"ndan məsafəli durumdadır.

Bütün bunları nəzərə aldıqda, hazırda Rusiyanın sülh prosesinə birbaşa əngəl törədə bilmədiyini də düşünmək olar. Ancaq ABŞ və Qərb isə əksinə, indi Cənubi Qafqazdakı sülh prosesinə ciddi şəkildə müdaxilə edir. Bu məqsədlə isə "geopolitik alətə" çevirdiyi Ermənistandan istifadə etməyə çalışır. Yəni, ABŞ, eləcə də Avropa Birliyi və Fransa Azərbaycan-Ermənistan sülh danışıqlarını öz geopolitik maraqlarının girovuna çevirməyə can atır.

Məsələ ondadır ki, bir müddət öncə məhz ABŞ ermənipərəst mövqe tutaraq, Azərbaycanı təhdid etmişdi, rəsmi Bakıya təzyiq göstərməyə çalışmışdı. Bunun cavabı adekvat addımlar ilə verildikdən sonra isə Ağ Ev geri çəkilmək və Azərbaycan-ABŞ münasibətlərini yenidən normallaşdırmaq məcburiyyətində qalmışdı. Və bundan sonra ABŞ-ın tərəfsiz vasitəçilik prinsiplərindən danışmaq hüququ demək olar ki, qalmayıb.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Eyni zamanda, hazırda məhz Fransa Ermənistanı silahlandırmaqla, Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti gərginləşdirən addımlar atmaqla, məşğuldur. Yəni, Rəsmi Paris öz ermənipərəst davranışları ilə Cənubi Qafqazda sülh prosesini pozmağa cəhd göstərir. Digər tərəfdən, ermənipərəst Fransaya paralel olaraq, Avropa Birliyi də məhz Ermənistanın qatı beynəlxalq himayədarı statusunda çıxış edir.

Təbii ki, bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh prosesinin qarşısında əsas əngəl rolunu indiki situasiyada Rusiyadan daha çox, məhz ABŞ və Qərb oynayır. Ona görə də, rəsmi Bakı ABŞ və Qərbin vasitəçilik etdiyi sülh platformalarındakı müzakirələrdən haqlı olaraq, imtina edir. Əgər, ABŞ və Qərb həqiqətən Cənubi Qafqazda sülh istəyirsə, onda ermənipərəst mövqeyindən imtina etməlidir, tərəfsizlik prinsiplərini hər şeydən üstün tutmalıdır.

Göründüyü kimi, Ağ Ev rəsmisinin son açıqlaması məzmun etibarilə əslində, ABŞ-ın Cənubi Qafqazda gərginliyi artıraraq, hərbi-siyasi qarşıdurma yaradan əsas tərəf olduğunun dolayısı etirafıdır. Yəni, Ağ Ev özü də istəmədən boynuna alır ki, mövcud situasiyada Rusiyadan daha çox məhz ABŞ savaşın sponsoru funksiyasını icra edir. Və bu baxımdan, ABŞ-ın sülh naminə sadəcə, kənara çəkilməsi daha faydalı variant ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR