Onlayn ictimai-siyasi qəzet
Ötən gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 2023-cü il üçün gəlir və xərcləri açıqlanıb. Bildirilib ki, Milli Assosiasiyaya ötən il ümumilikdə 35 milyon 617 min 445 manat daxil olub. Qurumun ümumi xərcləri 27 milyon 957 min 622 manat təşkil edib. Qeyd olunub ki, AFFA-nın xərclər bölgüsündə yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb.
AFFA-nın gəlir və xərcləri ilə bağlı açıqladığı hesabata dair fikirlərini Medianews.az-a açıqlayan idman şərhçisi Natiq Muxtarlı bildirib ki, Assosiasiyanın nəhəng büdcəsi var.
Onun sözlərinə görə, nəinki region ölkələrində, heç Şərqi Avropanın əksər ölkələrində də futbol federasiyalarının bu qədər büdcəsi yoxdur: “Hətta bir qədər irəli gedərək iddia edə bilərik ki, təkcə mili komanda üçün xərclənən vəsait də bir çox ölkələrin federasiyalarının ümumi büdcəsindən çoxdur. Uzağa getməyək, elə qonşu Gürcüstanı götürək. Orada federasiyanın büdcəsi illik 6 milyon dolları keçmir. Yəni AFFA-nın təkcə Azərbaycan millisinə xərclədiyi qədər. Amma nəticə necədir? Gürcüstan yığması Avropa çempionatının final mərhələsindədir. Azərbaycan yığması isə dünyanın ən zəifləri arasındadır. Belə yığmaya ildə 10-12 milyon manat vəsait niyə xərclənməlidir? Azərbaycanın Bakıda çətinliklə qalib gəldiyi Monqolustanın futbol federasiyasının büdcəsi heç 3 milyon manat da deyil”.
N.Muxtarlı xatırladıb ki, Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarının daim məğlub olduğu Qırğızıstanda federasiyanın büdcəsi 4 milyon manatı ötmür: “Bütün bunlar onu göstərir ki, Azərbaycanda futbol təsərrüfatı kimlər üçünsə uzun illər çirkli vəsaitin yuyulması məkanı olub. Dövlət futbola kifayət qədər, heç bir ölkədə ayrılmayan vəsaiti ayırır. Amma nəticə yoxdur. Çünki bu vəsait futbolun inkişafına sərf olunmur, “yuyulur” və kimlərinsə cibinə axır. Adi yoldaşlıq görüşlərində əldə edilən heç-heçələrə 50 min manat mükafat yazılıb bu illər ərzində. Heç Gürcüstan yığmasının futbolçuları AVRO-2024-ün final mərhələsinə vəsiqəyə görə o qədər mükafat almayıblar”.
İdman şərhçisi deyib ki, mətbuatda dəfələrlə bu haqda yazılıb: “Həmin mükafatın müəyyən hissəsi kimlərəsə qaytarılıb. AFFA-nın hesabatında nəqliyyat xərclərindən tutmuş rabitə xərclərinə qədər – bütün rəqəmlərdən korrupsiya iyi gəlir. Aşkar hiss olunur ki, rəqəmlər süni surətdə şişirdilib. Azərbaycan futbolu korrupsiyanın girdabında boğulur. Klublara da ayrılan vəsaiti nəzərə alsaq, ildə 100 milyon manat yaxın pul verir dövlət futbol təsərrüfatına. Ancaq heç bir nəticə yoxdur. Təəssüf ki, bunun hesabını da kimsədən sormurlar”.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ