İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “Onlar özlərini tələyə saldılar”

“Fransa Senatının ardınca Milli Assambleya da Azərbaycan əleyhinə sənəd qəbul edib. Deməli, Fransa 30 il Azərbaycan torpaqlarının işğalına, şəhər, qəsəbə və kəndlərin dağılmasına seyrçi qaldı, Xocalı qətliamını görməzdən gəldi, indi isə tutub ki, guya Azərbaycan Ermənistanın ərazisini “işğal edib”. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səs verdiyi Azərbaycan torpaqlarının azad olunmasıyla bağlı 4 qətnamənin yerinə yetirilməsini istəmədi, elə ki, Azərbaycan özü qətnamələrin icrasını həyata keçirdi, torpaqları geri qaytardı, Paris əl-ayağa düşdü, ölkəmiz əleyhinə açıq-aşkar təxribatçı siyasət yürütməyə başladı”. 

Musavat.com-un xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, bu, Fransanın ikiüzlüyünü açıq şəkildə ortaya qoydu, bəlli oldu ki, Parisin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təminatında marağı yoxdur:

“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkənin eyni prinsiplərə ziqq olaraq Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxmasının bir adı var: İkiüzlülük və riyakarlıq! Başda Əlcəzair olmaqla, Afrika qitəsinin müxtəlif ölkələrində qətliamlar törədən, milyonlarla günahsız insanı öldürən Fransanın Azərbaycana dərs keçməyə nə siyasi, nə də mənəvi haqqı var.  Fransa prezidenti Emmanuel Makron və bu ölkənin parlamenti Azərbaycanın əleyhinə ardıcıl qətnamələr qəbul etməklə Azərbaycanı itirirlər. Azərbaycan siyasi, iqtisadi və hərbçi çəkisinə görə Cənubi Qafqazın əsas dövlətidir. Ölkəmizlə süni gərginlik yaradan, ədalətsiz sənədlər qəbul edən ölkənin bölgədə möhkəmlənmək və ya böyük layihələr icra etmək imkanı yoxdur. Erməni lobbisinin təsiri ilə hərəkət edənlər ədalət hissini pozmaqla yanaşı, Fransanın milli və təhlükəsizlik maraqlarına da zidd hərəkət edirlər. Çünki Fransanın milli və təhlükəsizlik maraqları Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı diqtə edir. Başqa bir misal deyim. Fransa prezidenti bir neçə gün ərzində ayrılıqda Özbəkistan və Qazaxıstan prezidentlərini Parisə dəvət etdi. Emmanuel Makron hər ikisinə bildirdi ki, Fransa Rusiyaya qarşı sanksiyalar fonunda Mərkəzi Asiyanın enerji zənginliklərinin Avropaya çatdırılmasını istəyir. Yaxşı, Mərkəzi Asiyanın nefti və qazı Rusiyadan yan keçməklə Avropaya və ya Fransaya necə çatdırıla bilər? Yeganə alternativ istiqamət Azərbaycandan keçir. Özbəkistan və Qazaxıstan prezidentləri özləri də deyiblər ki, neft və qazı Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşımaq istəyirlər. Deməli, Fransanın anti-Azərbaycan siyasəti Avropanın da maraqlarına ziddir.

Fransa siyasətçiləri bu ağılla ölkələrinin Azərbaycanla Ermənistan arasında vasitəçiliyini davam etdirmək istəyirlər. Keçməz. Azərbaycan prezidenti cənab İlham Əliyev qəti fikrini bildirib ki, bundan sonra Fransa prezidentinin vasitəçiliyini qəbul etməyəcək. Bəli, biz Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşırıq. Bu hamı üçün faydalıdır, il ərzində liderlərin 4 görüşü keçirilib, ancaq Fransanın özünü bu formata dürtməsinə razı olmayacağıq. Sən erməni lobbisinin əlində oyuncağa çevril, Azərbaycanın əleyhinə açıqlamalar ver, mənasız qətnamələr qəbul et, sonra da bizdən xahiş et ki, “vasitəçiliyimi davam etdirmək istəyirəm”. Bu mümkün deyil. Parisi yandıran odur ki, ATƏT-in Minsk Qrupunun keçmiş 3 həmsədrindən ikisi – Rusiya və ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçiliklərini davam etdirirlər, üçüncü həmsədr – Fransa isə oyundankənar vəziyyətdə qalıb. Bunun günahkarı Fransadakı siyasətçilərdir. Özlərini tələyə saldılar, bir gün Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq, ancaq Fransanın ədalətsizliyini və riyakarlığını heç zaman unutmayacağıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR