Onlayn ictimai-siyasi qəzet
Vəkillik fəaliyyəti dayandırılmış və həbs edilmiş Adəm Məmmədovun işi ilə bağlı yeni təfərrüatlar məlum olub. Adəm Məmmədov və qardaşı iki sayt açaraq orada həmkarları Ceyhun Yusif barədə böhtan xarakterli məlumatlar yaymaqda ittiham olunurlar.
Musavat.com xəbər verir ki, Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov vəkil Ceyhun Yusifovun şikayəti əsasında məsuliyyətə cəlb ediliblər.
Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.
6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 1 il müddətə islah işləri cəzası verilib.
Xatırladaq ki, Ceyhun Yusifovun həyat yoldaşını bıçaqlaması ilə bağlı məlumat Adəm Məmmədovun təsisçisi olduğu saytda yer almışdı. Ceyhun Yusifov bu məlumatların yalan və böhtan olduğunu bildirərək məhkəməyə üz tutmuşdu.
Adəm Məmmədov və qardaşlarının saytları...
Məmmədov qardaşları Qanunla.az və Qazqazaz.com saytlarını təsis ediblər. Adı çəkilən saytlarda vəkil Ceyhun Yusifovla bağlı məlumatlar dərc edilib.
Adəm Məmmədov məhkəmədə deyib ki, Qanunla.az saytının təsisçisidir. Qardaşı isə saytın direktorudur. Onun sözlərinə görə, Qafqazaz.com saytı onlara məxsus deyil.
“Qanunla.az aytında dərc edilən yazı Qafqazaz.com saytına istinadla verilib. Ceyhun Yusifov mənim düşmənim ola bilməz. Mən nə addım atıramsa, Ceyhun Yusifov da eyni addımı atıb. Məni özünə nümunə kimi qəbul edirsə, yaxşı bir haldır. Amma qarşı tərəf sağlam rəqabət aparmalıdır. Mənim çıxdığım işlərdə qarşı tərəf kimi bunları görürəm. Bu da o deməkdir ki, qarşı tərəfin mənə qarşı ədavəti var. Mən həmkarımın fəaliyyətinə heç vaxt kölgə salmamışam”, - deyə Adəm Məmmədov çıxışında qeyd edib.
Məhkəmədə Qafqazaz.com saytının da Adəm Məmmədov və qardaşına məxsus olması sübuta yetirilib. Belə ki, hər iki saytın “haqqımızda” bölməsindəki məlumatların eyni məzmunlu olduğu müəyyən edilib. Həmçinin Qafqazaz.com internet saytının feysbuk səhifəsinin əlaqə məlumatlarında Qanunla.az internet saytının gmail adresi qeyd olunub. Bundan əlavə, Qafqazaz.com saytı ilə Qanunla.az saytının simvolları eynilik təşkil edir.
Qafqazaz.com saytının yutub kanalı hissəsinə daxil olduqda da Qanunla.az internet saytının yutub kanalı açılır. Hər iki saytın vatsap nömrələri də eynidir. Qafqazaz.com saytının feysbuk səhifəsində də ardıcıl olaraq Qanunla.az saytının xəbər və videoları paylaşılıb.
Məhkəmə bunları nəzərə alaraq saytların hər ikisinin Adəm Məmmədov və qardaşına məxsus olması qənaətinə gəlib.
Adəm Məmmədovun vəkilliyi niyə dayandırılıb?
Məlum olub ki, Adəm Məmmədov vəkil sirrini yaydığı üçün fəaliyyəti 3 aylıq dayandırılıb. Belə ki, Adəm Məmmədov yutub kanallarından birində ona müraciət edən vətəndaşın hansı işlə əlaqədar və hansı məzmunda ona müraciət etməsi barədə ictimai şəkildə məlumat verərək peşə vəzifələrindən biri olaraq qorumalı olduğu vəkil sirrini yaymaqla Vəkillər Kollegiyası Nizamnaməsinin müvafiq bəndinin tələblərini pozub.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə dayandırılıb.
İ.Muradov
Musavat.com
25 Mart 2025
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ