İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan arasında ilk - Amma hansı xəritə ilə...

İki ölkə paraflanmış sülh mətninə əsasən bütün sərhədləri dəqiqləşdirməyə başlayır - Ermənistana xəbərdarlıq

Avqustun 8-də ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflandı. Sənədin ilk bəndində qeyd olunur ki, tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.

6-cı maddədə isə deyilir ki, tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar.

Bundan sonra sərhədlərin dəqiqləşdirilməsi üçün hansı dövrün xəritələrindən istifadə olunacağı aktual məsələ olaraq qalır. Ermənistan Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib ki, sərhədlərin delimitasiya prosesi davam edəcək, sovet dövründə mövcud olan sərhədlər bərpa edilməlidir. “Elə ərazilər var ki, bizə məxsusdur. Amma Azərbaycanın nəzarəti altındadır. Elə ərazilər də var ki, Azərbaycana məxsusdur. Lakin bizim nəzarətimizdədir. Delimitasiya prosesi davam etməlidir. Müstəqil Ermənistanın ərazisi Sovet dönəmindəki Ermənistanın ərazisi ilə eynidir. Eyni zamanda, müstəqil Azərbaycanın ərazisi də Sovet dövründəki Azərbaycan ərazisi ilə eynilik təşkil edir”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, Qazaxın 4 kəndi qaytarılarkən delimitasiya 1976-cı ilin xəritəsi əsasında aparılmışdı. Bu dəfə necə olacaq?

Xəyal Bəşirov: Paşinyan hakimiyyətini qorumaq üçün hər addıma hazırdır »  Azxeber.com

Xəyal Bəşirov 

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Yeni Müsavat”a danışıb. O, qeyd edib ki, bu paraflanma Azərbaycanla Ermənistan arasında bəzən qarşı tərəfin apardığı manipulyativ siyasətlərin qarşısını alıb:

“Əslində, bu sülh prosesi və sülh prosesinin məntiqi mərhələlərindən biri olan sülh sazişi mətninin paraflanması Azərbaycanla Ermənistan arasında bəzi hallarda qarşı tərəfin oynadığı oyunların qarşısını almış oldu. Baxın, sülh sazişi mətninin paraflanması həm də Ermənistan tərəfinin zaman-zaman oynadığı xəritə oyunları ilə bağlı bəhanələrinin üstünü kəsir, bu oyunlara son qoyur. Çünki biz zaman-zaman  Ermənistandan gah bu dövrün, gah digər dövrün xəritələri ilə bağlı xəritə oyunları oynadığını görürdük. Prosesi uzatmaq, pozmaq siyasətini ortaya qoymaq və müxtəlif bəhanələrlə prosesdən yayınmaq üçün Ermənistan tərəfi hər şeyə əl atırdı, o cümlədən xəritə oyunlarına. İndi onsuz da ümumilikdə Ermənistan üçün bu oyunları oynamaq imkanları qalmayıb. Azərbaycan siyasi və diplomatik baxımdan Ermənistanı küncə elə sıxışdırıb ki, Ermənistan həmin oyunları davam etdirmək, hətta paraflanma prosesi olmasaydı belə, əvvəlki kimi o oyunları oynaya bilməyəcəkdi. Beləliklə, artıq bu proses arxada qalıb”.

X.Bəşirov xatırladıb ki, bundan öncə, Azərbaycan Ermənistanı hər hansı bir qarşıdurma olmadan, silahdan istifadə etmədən, güc tətbiq etmədən, itkilər yaşamadan Qazaxın 4 qeyri-anklav kəndinin qaytarılmasına nail oldu: “Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri. Bu kəndlər Azərbaycan və Ermənistan sərhədində yerləşirdi və Ermənistan tərəfi onları Azərbaycanın nəzarəti altına verdi. Və bizim aramızda 4 eksklav kəndi var ki, hansı ki, Ermənistan tərəfindən anklavdır: Yuxarı Əskipara, Sofulu, Barxudarlı və bir də Naxçıvan tərəfdən Kərki kəndi hələ də Ermənistanın nəzarəti altındadır. Həm də Ermənistanın, bildiyimiz qədər, bir kəndi Azərbaycanın anklavındadır. Bu, sovet dönəmindən qalma bir məsələdir.

Əslində, burada hər hansı bir xəritələrə ehtiyac yoxdur. Çünki bu gün münaqişə 30 il davam etsə də, o münaqişənin başlanmasından öncə olan insanlar var - həm Azərbaycanda, həm də Ermənistanda. Onlar və biz özümüz də yaxşı bilirik ki, hansı ərazilər Azərbaycana aiddir, hansı ərazilər isə Ermənistana aid olub. Söhbət sovet dönəmindən gedir. Yəni burada hər hansı bir çətinlik yoxdur. Düşünürəm ki, Alma-Ata bəyannaməsi fikrimcə ən ədalətli və ən real yanaşmanı ortaya qoyur. Və o kifayət edir ki, Azərbaycanla Ermənistan öz aralarında sərhədlərini müəyyənləşdirsinlər.

Onun fikrincə, Ermənistanın baş naziri təbii ki, bundan sonra verəcəyi bəyanatlarda diqqətli olmalıdır: “10 noyabr 2020-ci il tarixli bəyanata münasibətdə olduğu kimi, öz düşüncələrinə uyğun şərhlər verməməlidirlər. Sazişin mətni bəllidir, hər birimiz bu sazişin mətni ilə tanış olmaq imkanına malikik və sazişin mətnində bütün detallar öz əksini tapıb. Fərqli sənədlərə istinad etmək və sair əsaslandırmalar axtarmağa ehtiyac yoxdur”.

X.Bəşirov hesab edir ki, sovet rəhbərliyinin saxtakarlığı ilə tərtib edilmiş xəritələrə istinad edərək yeni iddialar irəli sürmək Ermənistanın özünə zərər gətirəcək:

“Komissiya mövcuddur və bu komissiyanın əsasnaməsi də mövcuddur. Hansı əsasla bu komissiya fəaliyyət göstərir, bu, paraflanmadan öncə də bəlli idi. Keçmişdən xəritələr axtarmaq, Sovet İttifaqı rəhbərliyindəki şəxslərin saxtakarlığı nəticəsində hər hansı xəritələri tərtib edib ona istinadla siyasət yürütməyin zərbəsi Ermənistanın özünə dəyəcək”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR