Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib.
Musavat.com xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, Abşeron polisinin şəxsi heyəti və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və xidmət zamanı həlak olmuş polislərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan polisinin şərəfli tarixinə və əzmkar fəaliyyətinə həsr olunmuş sənədli videoçarx nümayiş olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan polisinin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlı olduğunu, müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını vurğulayan RİH başçısı qeyd edib ki, bu gün 106 yaşını qeyd edən Azərbaycan polisinin inkişafı və bugünki nailiyyətləri məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, maddi-texniki bazasının güclənməsi, peşəkar kadrların hazırlanması və irəli çəkilməsi həyata keçirilib. RİH başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan polisinə daim diqqət və qayğı göstərib. Azərbaycan polisi hazırda güclü maddi-texniki bazaya malik olmaqla yanaşı ölkəmizdə ictimai asayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizə strukturlarından birinə çevrilib. Əldə olunan bu inkişafın nəticəsidir ki, respublikamızda kriminaloji durum nəzarət altında saxlanılır, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri həyata keçirilir.
Abdin Fərzəliyev əlavə edib ki, Azərbaycan polisi ən çətin məqamlarda dövlətçiliyimizi qoruyub, sabitliyin, əmin-amanlığın keşiyində durub və bu gün də vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi vəzifə borcunu şərəflə yerinə yetirməkdədir. Birinci Qarabağ Müharibəsinə və Vətən Müharibəsində Silahlı Qüvvələrimizlə çiyin-çiyinə döyüşən Azərbaycan polisi vətənimizin bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalaraq öz vəzifə borclarını sona qədər yerinə yetiriblər.
Sonra Abşeron RPİ rəsisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Elnur Rəşidov hesabat xarakterli çıxış edib. Azərbaycan polisinin şərəfli tarixindən, o cümlədən Abşeron polisinin fəaliyətindən və gördüyü işlərdən söz açıb. Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov çıxış edərək bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.
Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub, gələcək fəaliyyətlərində uğurlar arzu edilib.
Daha sonra respublikamızın xalq artistlərinin və sevilən incəsənət xadimlərinin iştirakı ilə bədii hissə təqdim edilib.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ