İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiyanın baş kəşfiyyatçıları Ankarada nə qərar verdi - rəylər

Qabil Hüseynli: “Görüşdə Rusiyanın siyasi elitasına çatdırılıb ki...”

Bir neçə gündür ki, Türkiyədə ABŞ və Rusiyanın yüksək vəzifəli rəsmi şəxslərinin qapalı görüşlər keçirdiyinə dair məlumatlar yayılırdı. Rəsmi mənbələr bunu ilk günlər rəsmən təsdiq etmirdilər.

Ancaq 15 noyabrda Ağ Ev rəsmi məlumat yaydı ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Ankarada görüş keçirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Bloomberg”ə müsahibəsində bildirib ki, Ankara iki dövlət arasında təhlükəsizlik məsələlərində ünsiyyəti qoruyub saxlamalıdır.

O qeyd edib ki, Börns Narışkinlə təhlükəsizliyin gələcəyinə təsir edən məsələlərdə Rusiya tərəfi ilə əlaqə kanallarının açıq saxlanılmasını müzakirə edib: “Ankarada keçirilən görüşdə söhbət Rusiya ilə açıq qalan adi kommunikasiya kanallarından gedirdi. ABŞ hər hansi səhv hesablamanın qarşısını almaq üçün Rusiya ilə dialoq aparmalıdır”.

CNN isə ABŞ Milli Təhlükəsizlik Şurasının adının açıqlanmasını istəməyən nümayəndəsinə istinadən xəbər verib ki, Uilyam Börns və Sergey Narışkin Türkiyədə görüş zamanı Rusiyanın nüvə silahından istifadəsinin nəticələrini müzakirə ediblər. Həmçinin Rusiyada saxlanılan ABŞ vətəndaşları məsələsinə toxunublar.

Bəs ekspertlər bu görüşdə nələrin müzakirə edildiyini ehtimal edir? Burada hansı qərarlar, anlaşmalar ola bilər?

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

Qabil Hüseynli

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, hazırda söhbət əsasən Rusiyanın ram edilməsindən, onun müəyyən çərçivəyə salınmasından,  nüvə silahı barədə rusiyalıların yaydığı məsuliyyətsiz bəyanatlardan Rusiyanı çəkindirməkdən gedir:

“Rusiyaya bildirirlər ki, "sizin nüvə potensialınız haqqında dəqiq məlumata malikik, lakin  bizim cavab zərbələrimizin necə olacağı barədə ola bilsin ki, dəqiq informasiyaya malik deyilsiniz, ona görə də Medvedyev və digərlərin timsalında məsuliyyətsiz bəyanatlar verirsiniz".

Fikrimcə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Narişkinə bildirib ki, “siz əgər nüvə silahı ilə bağlı ritorikanı davam etdirsəniz, biz sizə sarsıdıcı zərbələr endirə bilərik və bu zərbələr nəticəsində Rusiyanın halının necə olacağını  siz təsəvvür edin, böyük şəhərlər yer üzündən silinir, Rusiya həqiqətən də "qiyamət günü" ilə qarşılaşır".  Yəni bu görüşdə əsas məqsəd Rusiyanın nüvə silahının tətbiqindən və bununla bağlı  şantaj metodlarından çəkindirmək, Rusiya siyasi elitasında dünyanın taleyi üçün bir növ məsuliyyət hissi formalaşdırmaqdır.

Əslində Narışkin siyasi elitada təsiredici qüvvəyə malik deyil, lakin Uilyam Börnsin apardığı fikir mübadiləsinin hamısını Rusiya siyasi elitasına çatdıracaq. Yəqin ki, onlar Uilyam Börnsin dediklərindən müəyyən nəticələr çıxarmağa çalışacaqlar.

Bu məsələdə bir adam ciddi tərəddüdlər keçirir və yaxud  da tamamilə özbaşınalıqlar edir ki, o da siyasi elitanın başında olan Putindir.  Putin onsuz da öz taleyini bilir və görür ki, bu tale onun üçün ciddi çətinliklər vəd edir.  Bu baxımdan təklif edilən kompromislərə hazır deyil və yaxud qəbul etmir. Bu nöqteyi-nəzərdən ABŞ çalışır ki, tədricən Rusiya rəhbərliyinin ən azından bir çox heyətini məsuliyyətli davranmağa  vadar etsin. Əsas məqsəd müharibənin dayandırılması və ədalətli sülhün əldə edilməsinə Rusiyanı razı salmaqdır. Ədalətli sülh dedikdə işğal edilmiş ərazilərdən işğalçı qoşunların çıxarılmasıdır.

Hesab edirəm ki, bu mərhələdə aparılan  danışıqlar müəyyən müddətdən sonra daha yüksək səviyyəyə qaldırıla da bilər. Çünki artıq danışıqlar yoluna baş vurulub".

Politoloq Ankara görüşündə hansısa anlaşma və yaxud qərarların olmasını ehtimal etmir: “Çünki bu görüş, sadəcə, informativ xarakter daşıyır. Bu informasiya xarakterli görüş qərar vermək səlahiyyətlərinə malik deyil. Narışkin oraya məhdud səlahiyyətlərlə, yəni öz vəzifəsinə uyğun səlahiyyətlərlə gəlmişdi və söhbət bəlli  bir informasiyanı alıb öz rəhbərinə çatdırmasından gedir. Qərarların qəbul edilməsi isə daha yuxarı, yəni Putin və yaxud Rusiya Təhlükəsizlik Şurası səviyyəsində ola bilər.

Əlbəttə, biz bir neçə gün gözləməliyik ki, bu görüşün nəticələri ən azı Rusiyanın elita səviyyəsində müzakirə olunsun və müəyyən nəticələr çıxarılsın. Bu nəticələr müsbət də ola bilər. Putin öz aqibətini yaxşı görür, ətrafındakılar isə qorxu hissi içində, tərəddüdlü vəziyyətdədirlər, qərar qəbul etməkdə çətinlik çəkirlər. Çünki bir tərəfdən Putinin repressiyaları ilə qarşılaşa bilərlər, digər tərəfdən isə Putinin Rusiyanı necə fəlakətə sürüklədiyini dərk edirlər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR