İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərbin strateji hədəfi Zəngəzur dəhlizini ələ keçirtməkdir: Bu, yeni dünya düzənində həlledici faktora çevriləcək

ABŞ və Qərbin Avropadan Orta Asiyaya qədər uzanan strateji hədəfləri Azərbaycanın maraqları ilə kəskin ziddiyyət təşkil edir... Yaxın gələcəkdə məhz Zəngəzur dəhlizi Cənubi Qafqaz uğrunda mübarizənin əsas "düyün nöqtəsi"nə və yeni regional savaş səbəbinə çevrilə bilər...

Cənubi Qafqaz qeyri-müəyyənliyə doğru sürüklənməyə başlayıb. ABŞ və Qərb bu regionda sülh prosesinin uğur qazanmasında qətiyyən maraqlı deyil. Əksinə, indi Cənubi Qafqazda yeni savaş situasiyasının yaradılması üçün bütün imkanlar səfərbər edilib. Və bu baxımdan, regional sülhün qarşısında olan əsas əngəl əslində, Qərbin kobud müdaxiləsidir.

Əsas problemlərdən biri ondan ibarətdir ki, ABŞ və Avropa Birliyinə sabitliyin və əmin-amanlığın hökm sürdüyü Cənubi Qafqaz qətiyyən lazım deyil. Eyni zamanda, region dövlətlərinin inkişaf etməsi də Qərbin maraq dairəsindən çox-çox uzaqdır. Yəni, Cənubi Qafqazda sülhün, əmin-amanlığın dəstəklənməsinə yönəlik bəyanatlar sadəcə, siyasi manipulyasiyalardır. Və Qərbin məkrli geopolitik oyunlarını ört-basdır etmək məqsədilə təkrarlanır.

Əslində isə ABŞ və Avropa Birliyinə hərbi-siyasi, eləcə də maliyyə-iqtisadi faktorlar üzrə dərin böhran keçirən Cənubi Qafqaz regionu daha sərfəlidir. Çünki bu halda, region dövlətlərini nəzarət altına almaq, onları Qərbin maraqlarına uyğun şəkildə idarə etmək daha asan ola bilər. Və bu səbəbdən də, regional sülh Qərb siyasi dairələri tərəfindən israrla əngəllənir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Avropa Birliyi hazırda Ermənistanı növbəti dəfə sülh masasından kənara çəkməyə üstünlük verib. Rəsmi İrəvan müstəqil siyasət yürütmək imkanından məhrum edilib və həm Ağ Evdən, həm də Brüsseldən verilən təlimatlar ilə idarə olunur. Üstəlik, yaxın vaxtlarda bu vəziyyətin dəyişmə ehtimalı da qətiyyən inandırıcı görünmür. Və bu, o deməkdir ki, Ermənistanın hazırda Azərbaycan ilə yekun sülh sazişini imzalama ehtimalı da real deyil.

Təbii ki, Paşinyan hakimiyyəti yalnız ABŞ və Avropa Birliyindən birmənalı və birbaşa icazə veriləcəyi təqdirdə, hansısa sənədə imza ata bilər. Hələlik isə hətta rəsmi İrəvan da əmindir ki, Qərbdən icazə təlimatı gözləmək tamamilə yersizdir. Ona görə də, indi Paşinyan hakimiyyəti Qafqaz sülh masasından mümkün qədər uzaq durmağa çalışır. Və Qərbin maraqlarının icrasında "geopolitik alət" rolu ilə kifayətlənmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, ABŞ və Avropa Birliyinin hazırda Cənubi Qafqazla bağlı planları əsasən iki mərhələ üzərindən qurulduğu ehtimal olunur. Birincisi mərhələdə Qərb Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb, çıxartmaq niyyətindədir. Yəni, ABŞ və Avropa Birliyinə Rusiyasız Cənubi Qafqaz lazımdır. Və bu, mümkün olarsa, Qərbin Cənubi Qafqazla bağlı strateji planının ikinci istiqaməti üçün geniş imkanlar açıla bilər.

0CE54BDA-1D02-43AD-8DAD-8811C98FC6D7_w1080_h608.jpg (107 KB)

Məsələ ondadır ki, ABŞ və Avropa Birliyinə Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionlarınına eyni vaxtda nəzarət mexanizmləri lazımdır. Yəni, Qərb siyasi dairələri Avropa-Qafqaz-Xəzər-Orta Asiya xətti üzrə nəhəng iqtisadi-ticari marşrutun yaradılmasında maraqlıdırlar. Ancaq əsas hədəf ondan ibarətdir ki, Rusiya və Çin bu nəhəng marşrutda birbaşa iştirakçı kimi söz sahibi ola bilməsin. Və əgər, baş tutarsa, bu, yeni dünya düzənində fantastik maliyyə axınını təmin edəcək strateji layihəyə çevrilə bilər.

Ancaq hələlik bu strateji layihənin reallaşdırılması qarşısında müəyyən əngəllər mövcuddur. Belə ki, Rusiyanın regiondan çıxarılması hələlik baş tutmayıb. Digər tərəfdən, Kreml Qərbin iştahını qabardan nəhəng iqtisadi-ticari marşrutun önəmli bir bölümünə nəzarət etmək iddiasında israrlı davranır. Xüsusilə də, Rusiyanın Zəngəzur dəhlizinə birbaşa nəzarət hüququnu öz əlində cəmləşdirməyə can atdığı artıq inkaredilməz reallıqdır. Və Kreml bu məsələni məhz 10 noyabr üçtərəfli anlaşmanın mətnində rəsmiləşdirib.

Anlaşılan odur ki, məhz bu faktor ABŞ və Avropa Birliyinin strateji hədəfləri qarşısında ciddi əngəl rolunu oynayır. Belə ki, rəsmi İrəvan 10 noyabr üçtərəfli anlaşmasının hüquqi qüvvəsindən imtina etməyə çalışsa da, bu problemin tam həlli barədə danışmaq hələlik mümkün deyil. Çünki 10 noyabr üçtərəfli anlaşmasının qüvvədən düşməsi üçün Azərbaycanın da bu sənəddən imtina etməsi vacib şərtlərdən biridir. Və bu səbəbdən də, Qərb siyasi dairələri rəsmi Bakıya təzyiq göstərməyə çalışırlar.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Ancaq rəsmi Bakı haqlı olaraq, Qərbin bu istəyinə israrla müqavimət göstərir. Çünki 10 noyabr üçtərəfli anlaşması hələlik Azərbaycanın maraqları baxımından, önəmli xarakter daşıyır. Eyni zamanda, rəsmi Bakı Zəngəzur dəhlizinin tamamilə ABŞ və Avropa Birliyinin nəzarətinə keçməsində maraqlı deyil. Üstəlik, Zəngəzur dəhlizindən Rusiyanın kənarlaşdırılması prosesində iştirak etməklə, Kremllə hazırda normal olan münasibətlərin korlanmasını da qətiyyən istəmir. Və ona görə də, rəsmi Bakı bütün bu məsələlərin Qərblə Rusiya arasındakı rəqabət çərçivəsində həll edilməsinə daha çox üstünlük verir.

Belə anlaşılır ki, ABŞ və Avropa Birliyi öz strateji planları üçün Azərbaycanı da Rusiya ilə qarşıdurmaya bulaşdırmağa çalışır. Ancaq rəsmi Bakı Azərbaycanın maraqlarını Qərbə güzəştə getmək niyyətində deyil və müqavimət göstərməkdə davam edir. Ümumiyyətlə, rəsmi Bakı hesab edir ki, Cənubi Qafqaz üzərindən geopolitik, geostrateji və geoiqtisadi planlar qurmağa çalışanlar ilk növbədə Azərbaycanın maraqlarını mütləq nəzərə almalıdırlar. Əks halda, rəsmi Bakı həmin planların müəlliflərinə belə, əhəmiyyət vermədən, onları bloklamaqdan qətiyyən çəkinməyəcək.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərbin Avropadan Orta Asiyaya qədər uzanan strateji hədəfləri mövcuddur. Ancaq Azərbaycanın maraqlarından yan keçirməyə cəhd göstərildiyindən həmin strateji hədəflər məhz Zəngəzur dəhlizi üzərində ciddi problemlərlə üzləşməkdədir. Bu baxımdan, hesab etmək olar ki, yaxın gələcəkdə Cənubi Qafqaz uğrunda mübarizənin əsas "düyün nöqtəsi" rolunu böyük ehtimalla məhz Zəngəzur dəhlizi oynaya bilər. Və Zəngəzur dəhlizinin hətta yeni regional savaş səbəbinə çevrilə biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR