İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İsrailin İran müzakirəsi - yeni müharibə, yoxsa...

Regionda Azərbaycan kimi qonşusu ilə də gərginlik yaradan İranla bağlı yeni plan nə?

ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda İsrail Prezidenti İsaak Hersoqla görüşüb. Dövlət Departamentinin məlumatına görə, onlar “ikitərəfli münasibətlərin möhkəmliyini təsdiq ediblər və ümumi təhlükəsizlik problemlərini, o cümlədən Rusiyanın Ukraynada təcavüzkar müharibəsini və İranın regionda məhvedici təsirini müzakirə ediblər”. “Bizim ürəyimiz İran xalqının yanındadır. İran qadınları gündən-günə sıxışdırılırlar və hücuma məruz qalırlar, İran silahlarından isə Ukraynada dinc sakinlərə, günahsız mülki şəxslərə qarşı istifadə olunur”, - deyə prezident Hersoq görüşdən əvvəl bildirib.

Blinken öz növbəsində, əlavə edib ki, ABŞ və İsrail İranın regionda və “onun hüdudlarından çox-çox kənarda” atdığı təhlükəli, sabitliyi pozan əməllərə və terror aktlarına qarşı “birgə mübarizə aparırlar”. “İranın Rusiyanın Ukraynaya və Ukrayna xalqına qarşı təcavüzü davam etdirməsini təmin etmək üçün ona PUA verməsi dəhşətli nəticələr verir və biz buna qarşı mübarizə aparmaq qətiyyətindəyik”, - deyə Blinken əlavə edib. Bəzi bilgilərə görə, ABŞ İranla bağlı planlarına bəzi korrektələr edib. İranın nüvə danışıqlarına qaytarmaq üçün gizli danışıqlara getdiyi haqda bilgilər də var. Bu da İrana qarşı daima sərt xətt tərəfdarı olan İsraili razı sala bilməz. İsrail Prezidentinin səfəri ABŞ-ın mövqeyinin dəqiqləşdirilməsi məqsədi daşıya bilər.

Regionda Azərbaycan kimi qonşusu ilə gərginlik yaradan İranla bağlı ABŞ və İsrailin yeni planı nə? Yeni dünya reallığında İranla bağlı sərt qərarlar verilə bilərmi? İndilikdə bunun regiona təsirləri nə ola bilər?

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

 Azər Badamov 

Deputat Azər Badamov İran iqtisadiyyatının ağır durumda olduğunu vurğuladı: “İsrail Prezidenti İsaak Hersoqun ABŞ-a səfəri və dövlət katibi Entoni Blinkenlə İran məsələsini müzakirə etməsi ABŞ-ın İrana qarşı yeni münasibətinin formalaşdırılmasına öz təsirini göstərəcəkdir. Çünki ABŞ regionda siyasətini formalaşdıranda İsrailin fikrini və planlarını nəzərə alır və heç vaxt İsrailin siyasətinə əks getmir. İsrail Prezidenti Hersoqun "Bizim ürəyimiz İran xalqının yanındadır. İran qadınları gündən-günə sıxışdırılırlar və hücuma məruz qalırlar, İran silahlarından isə Ukraynada dinc sakinlərə, günahsız mülki şəxslərə qarşı istifadə olunur" deməsi və  Blinken, öz növbəsində  ABŞ və İsrail İranın regionda və “onun hüdudlarından çox-çox kənarda” atdığı təhlükəli, sabitliyi pozan əməllərə və terror aktlarına qarşı “birgə mübarizə aparırlar” ifadə etməsi ABŞ-ın İrana münasibətində yeni bir baxış sərgiləyəcəyini göstərir. İran dövlətinin siyasəti Qərb tərəfindən qəbul olunmur. O cümlədən son zamanlar regionda sülhün yaranmasına mane törədəcək addımlar ataraq Ermənistana dayaq durması da Qərbin ürəyindən deyil. İsraillə İran arasında düşmənçilik hökm sürür. Ölkədaxili siyasi sabitliyin də gərgin olması fonunda İsrail və ABŞ İrana qarşı növbəti sanksiyalar tətbiqetmə mərhələsinə başlaya bilər. İran onsuz da ABŞ-ın sanksiyaları altındadır. İranın iqtisadiyyatı o qədər də ürəkaçan deyil.  Son vaxtlar regionda təhlükəsizliyin təmin olunmasının əksinə atdığı  addımlara görə Qərbin  İrana təzyiqləri daha da artıracağını düşünürəm".

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

 Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli isə İran üçün fəlakətli günlərin hələ qabaqda olduğunu düşünür: “ABŞ-la İsrail müttəfiqdir, amma dünyada hərdən anqlosaks maraqları ilə yəhudi maraqları toqquşur. Rusiya-Ukrayna müharibəsində göründüyü kimi, anqlosaks maraqları ilə yəhudi maraqları üst-üstə düşmür. İsrail Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmadı. Baxmayaraq ki, yəhudi dövləti Qərbin ABŞ başda olmaqla, regionda ən yaxın müttəfiqidir. Deməli, bəlli olur ki, 8 aydır Avropada da davam edən müharibədə yəhudilərlə anqlosaksların maraqları üst-üstə düşmür. Görünür, Blinkenlə Hersoq bu haqda da danışıblar. İranın qeyri-rəsmi dronları vasitəsilə bu müharibədə Rusiya tərəfindən çıxış etməsi məlum olandan sonra İsrail də sözdə də olsa, artıq Ukrayna tərəfindən çıxış etməyə başlayır. İsrail hələlik Ukraynaya humanitar yardım edir və hərbi yardım etməyəcəyini bəyan edib. Çünki buna ciddi səbəbləri və maraqları var. İsrailin Rusiya ilə ənənəvi tarixi-siyasi-iqtisadi bağları var və bu bağlardan da təbii olaraq yəhudi dövləti imtina etmək istəmir. İsrail Rusiya ilə qeyri-rəsmi Suriya cəbhəsində də əməkdaşlıq edir. Hətta bəzi informasiyalara görə, bu əməkdaşlıq İrana qarşı yönəlib. Moskva Təl-Əvivə İranın Suriyadan çıxacağının sözünü verib. Yəni deməyim odur ki İsrail-İran qarşıdurmasının güclənəcəyi - əgər bu olarsa, buna da şübhəm var - İsrailin Rusiyaya qarşı çıxacağı anlamına gəlmir. İsrail hər məsələyə fərdi yanaşır. Üstəlik, ABŞ indiki Rusiya ilə ciddi qarşıdurmada İrana yönəlik özünə qarşı ikinci cəbhə açmaz. İranı daxildən qarışdırmaq üçün ABŞ-ın hansısa həmlələri ola bilər. Çox güman ki, İranda indi baş verən proseslərdə, 40 gündən çox gedən etiraz dalğasında ABŞ, Britaniya və İsrailin də müdaxiləsi var. Fikrimcə, İranı daxildən qarışdırmaqda davam edəcəklər”.

Dərsliklərə dini mövzular salarkən çox ehtiyatlı olmalıyıq – Ekspert rəyləri

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu cənub qonşumuz ətrafında çox ciddi proseslərin getdiyini qeyd etdi: “ABŞ İranla nüvə danışıqlarını davam etdirir. Lakin görünən odur ki, hazırda bu istiqamətdə hər hansı ciddi irəliləyiş yoxdur. Hətta bir neçə gün əvvəl İran Prezidenti İbrahim Rəisi bildirdi ki, amerikalılar nüvə sazişi ilə bağlı yekun qərarlarını açıqlamalıdırlar. Yəni proses, necə deyərlər, ilişib qalıb. Bayden administrasiyası İranla nüvə sazişini bərpa etmək, Tehranın nüvə fəaliyyəti ilə bağlı möhkəm təminat almaq, həmçinin İranın ballistik raket proqramları ilə bağlı fəaliyyətləri dayandırmaq istəyir. Lakin görünən budur ki, hazırda bu istiqamətdə hər iki tərəfi qane edəcək ortaq mövqe yoxdur. Digər tərəfdən, sentyabrda başlayan İran iğtişaşları nüvə danışıqları prosesini kölgədə qoydu. Hazırda Tehranın başı daxildəki proseslərə qarışıb, digər tərəfdən, Vaşinqton açıq şəkildə bu aksiyaları dəstəkləyir. Bu isə əlbəttə ki, barışığa hazırlaşan ölkələr üçün ciddi durumdur. İranda artıq 40 gündən çoxdur davam edən etirazların sönməməsi, əksinə, xüsusən də dövlət məmurlarını, ordu mənsublarını hədəfə alan silahlı hücumların baş verməsi onu göstərir ki, proseslər həm də xaricdən dəstəklənir. Doğrudur, hələlik Qərb ölkələri İran daxilində baş verənlərlə hər hansı əlaqəsinin olmasını qəbul etmir. Hətta İranın həbs etdiyi 5 fransızın xüsusi xidmət orqanı əməkdaşı olması iddialarını da Paris təkzib edib. Qərb yalnız İran aksiyalarına siyasi və media dəstəyi verir, iranlı etirazçılarla həmrəy olduğunu bəyan edir. Tehran isə iğtişaşçıların arxasında xarici qüvvələrin olduğunu israr edir. Əsas hədəf göstərilən isə İsrail və ABŞ-dır. İsrailin bir neçə gün əvvəl Suriyadakı İran hədəflərini gündüz vaxtı bombalaması onu göstərir ki, Təl-Əviv İranın qisas əməliyyatından ehtiyat edir. Mümkündür ki, ABŞ-İsrail görüşlərində Tehranla münasibətlərdə gələcək addımlar müzakirə olunur. Ukrayna məsələsi, sadəcə, görünən qisimdir. Çünki İsrail ABŞ-dan fərqli olaraq Ukrayna müharibəsinə daxil deyil. Əgər İsrail və ABŞ rəsmiləri İranı müzakirə edirlərsə, burada əsas mövzu əlbəttə ki, İsrailin təhlükəsizliyi və İrana qarşı mümkün addımlardır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR