Onlayn ictimai-siyasi qəzet
ABŞ Ukraynaya 50 milyard dollar əvəzsiz kredit ayırmaq üçün “Yeddilik Qrupu” (G7) təşəbbüsündə iştirak edəcək, lakin onun töhfəsinin həcmi Avropa İttifaqının Rusiyaya qarşı sanksiya rejiminə dəyişikliklərdən asılı olacaq. Musavat.com xəbər verir ki, bunu Bloomberg məlumatlı mənbələrə istinadən yazıb.
Agentliyin məlumatına görə, “Birləşmiş Ştatlar Aİ-yə bildirib ki, əgər ittifaq anti-Rusiya sanksiyaları rejimini təkmilləşdirərsə, Ukraynaya G7-nin başçılıq etdiyi böyük yardım planına 20 milyard dollar təqdim edəcək”.
Agentliyin həmsöhbətləri vurğulayıblar ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarla bağlı müddəalara heç bir dəyişiklik etməsə belə, Vaşinqton yenə də belə yardım paketi üçün “lakin daha az miqdarda” vəsait köçürəcək.
Bloomberg xatırladır ki, söhbət Moskvaya qarşı sanksiyaların, o cümlədən Rusiya aktivlərinin dondurulması müddətinin uzadılmasından gedir. Xüsusilə Vaşinqton Rusiya aktivlərindən əldə edilən gəlirlərin uzunömürlü olmasını təmin etmək üçün Avropadan daha uzunmüddətli sanksiyalar rejimi tələb edib. Hazırda sanksiya rejimi hər altı aydan bir yekdilliklə yenilənmə tələb edir.
ABŞ rəsmisi agentliyə həmçinin bildirib ki, Vaşinqton “Ukraynaya 50 milyard dollar ayırmaq öhdəliyində tam iştirak etmək niyyətindədir, lakin töhfənin miqyası Aİ-nin Rusiya aktivlərinin nə qədər müddətə dondurulmuş qalacağına dair hansı zəmanəti verə biləcəyindən asılı olacaq”.
Qeyd edək ki, Aİ liderləri oktyabrın 17-18-də keçiriləcək sammitdə Ukraynaya müvafiq yardım planını müzakirə etməyə hazırlaşırlar. Hazırda Aİ Şurasına sədrlik edən Macarıstan noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər bloklanmış Rusiya aktivləri ilə bağlı heç bir qərar qəbul etməməyi təklif edib. Bununla belə, Avropa Komissiyası üzv ölkələrə bildirib ki, ABŞ hətta seçkilərdən sonra belə təşəbbüsə qoşula bilər, lakin Aİ bu məsələ ilə bağlı qanunvericilik işlərini oktyabrın sonuna qədər başa çatdırmalıdır.
Mənbələrdən biri bildirib ki, G7 ölkələri öhdəliklərini oktyabrın 25-də nazirlərin görüşündə elan etməyə hazırlaşır.
Əvvəlcə Aİ və ABŞ eyni məbləğdə - hər tərəfdən təxminən 20 milyard dollar töhfə verəcəkləri barədə razılığa gəldilər. Sonra Vaşinqtonun tələbindən sonra birlik təxminən 39 milyard dollara bərabər olan 35 milyard avro təklif etdi.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ