Onlayn ictimai-siyasi qəzet
Gözlə bizi, Avropa, “Qarabağ” gəlir; Azərbaycan klubu bu mövsüm dünya “divlərini” Bakıya gətirməyə olduqca yaxındır...
17 ildir Avropada Azərbaycanın qürur mənbəyinə çevrilən “Qarabağ” futbol klubumuz növbəti dəfə ölkəmizi sevinc göz yaşlarına boğdu. Avqustun 12-i axşamı 32 minə yaxın azarkeş böyük ümidlə, klubuna inanaraq Tofiq Bəhramov adına Respublika Stadionuna toplaşmışdı, milyonlarla azarkeş isə ekranlarda bu həyəcanı yaşayırdı. Rəqib isə oyunda minimal hesabla qalib gəldiyimiz “Şkendiya” (Şimali Makedoniya) idi.
Hədəf bir idi. Bu rəqibi sıradan çıxarmaq və Avropa Liqasının qruplarına vəsiqəni təmin etmək, eyni zamanda Çempionlar Liqasınının qruplarının bir addımlığına yaxınlaşmaq idi. Məqsəd və əfsanəvi baş məşqçimiz Qurban Qurbanovun tapşırıqları, eyni zamanda, taktikası yüz faiz yerinə yetirildi. Artıq Azərbaycan xalqı ayaq üstə Çempionlar Liqasının məşhur mahnısını həyəcanla dinləyəcək, həmin dəqiqələrdə xəyallar qura biləcək. Bəlkə də, bir kərə deyil, bir neçə dəfə bu mahnını Bakıda eşidəcəyik. Dəfələrlə eşitmək üçün isə, son rəqibi sıradan çıxarmaq lazımdır. Bu rəqib isə, Macarıstan çempionu “Ferensvaroş”dur. Bu klub isə, heç də keçilməz deyil. Hətta “Qarabağ” bir kərə “Ferensvaroş”a “qulaqburması” da verib. Belə ki, Ağdam təmsilçisi 2022-ci ildə evdə 1:1 hesabı ilə heç-heçə etdiyi rəqibi üzərində səfərdə 3:1 hesablı qələbə qazanaraq pley-offa adlamışdı. İndi “köhlən atlar” üçün daha bir tarixi şans yaranıb. Özü də ilk oyun 19 avqust tarixində səfərdə baş tutacaq. Avqustun 27-dəki cavab oyununda isə, “Qarabağ” doğma azarkeşlər önündə, həm də azarkeşlərin rəqibə basqısı ilə Çempionlar Liqasının qruplarının qapısını sona qədər aça bilər.
Qurban Qurbanov oyundan sonra hər kəsi maraqlandıran məqamlara aydınlıq gətirib: “Futbolçularımı təbrik edirəm. Çox vacib və yaxşı qalibiyyət əldə etdilər. Azarkeşlərə təşəkkür edirəm. Əsl futbol ab-havası var idi. Get-gedə oyunumuz daha da keyfiyyətli olur, futbolçular bir-birini başa düşür. Normal prosesdir. Daha da artığını etməli və düşünməliyik. Çünki daha keyfiyyətli, bacarıqlı rəqiblər gəlir. Yaxşı oyun oldu. Rəqibə də uğurlar arzulayıram. Baş məşqçisi və futbolçuları özlərini çox intizamlı, alicənab aparırdılar. Futbol indi o səviyyəyə çatıb ki, istənilən oyunda 3-5 qolluq oyun ola bilər. Bu cür qalibiyyətlər xoş olur. Qol buraxdıqdan sonra qalib gəlmək futbolda vacib elementdir. Belə olanda, futbolçu özünə daha çox inanır. Əgər sona kimi oyun intizamını qoruyub-saxlasaq qələbə əldə edərik”.
“Qarabağ”ın prezidenti Tahir Gözəlin də fikirləri maraqlıdır: “Şkendiya” ilk matçda gözəl oynadı. Bizə çox çətinlik yaratdılar. Həmin görüşdə müdafiəmiz qələbə qazanmağımızda böyük rol oynadı. Cavab oyununda nisbətən rahat qələbə qazandıq. Yeni oyunçuların inamlı çıxışı məni sevindirdi. Azərbaycan futbolunun işıqlarından, gələcək ulduzlarından Hikmət Cəbrayılzadəni meydanda görmək mənə çox böyük xoşbəxtlik bəxş etdi. Açığı, gözləmirdik bu nəticəni. Hesabın belə olmasında vətəndə, doğma azarkeşlər önündə oynamağın rolu oldu. Azərbaycan qazandı. Çünki meydanda Azərbaycanın ruhu var idi. Rəqibin qolundan sonra azarkeşlərin dəstəyi əla idi. Hesabda geri düşsək də, fanatlar oyunçuları ruhlandırdılar. Allaha şükür ki, gözəl oyunla gözəl qələbə qazandıq. “Ferensvaroş” özəl dəstək görür, həm dövlətdən, həm də sponsorlardan. Yaxşı büdcəsi var. Rəqib çox güclüdür. Lakin istənilən halda klubumuz öz stabilliyi ilə, yeni transferləri ilə əlindən gələni edəcək. Stabillik bizim üstünlüyümüzdür. Qazandıqlarımız, itirdiklərimiz bizə təcrübə qazandırır. Bu, 2017-dəki “Qarabağ” deyil, çox təcrübəli komandadır. Çempionlar Liqasının Liqa mərhələsinə çox yaxınıq. Son zamanlar bu qədər yaxınlaşmamışdıq. Artıq pley-offdur. İnşallah, qismət olsa Bakıda “Liverpul”u, PSJ-ni qəbul edəcəyik. Azərbaycan futbolu üçün bir bayram olacaq. “Qarabağ”ın tarixindəki ən böyük büdcəni vermişik Qurban hocaya. Heç vaxt belə böyük büdcəmiz olmayıb. Təbii ki, bu, özümüz üçün böyükdür. Qurban hocanın səbirli, təmkinli yanaşmasına hörmətlə yanaşırıq. Səhv etmək istəmir. Biz də onun ehtiyatlı davranışını dəstəkləyirik. Necə ki, nəhəng klublar seçimdə tələsmirlər, ehtiyatlı davranırlar”.
"Qarabağ” komandasının azarkeşlərini təbrik edirəm".
QOL.az “Teleqraf”a istinadən xəbər verir ki, bunu Şimali Makedoniya təmsilçisi “Şkendiya”nın baş məşqçisi Jeton Beqiri “Ferensvaroş”un baş məşqçisi Robbi Kin (Robbie Keane) hələlik yarışın qrup mərhələsi barədə düşünmür.
QOL.az xəbər verir ki, o, bu barədə “Ludoqorets”ə (Bolqarıstan) qarşı cavab matçından sonra keçirilən mətbuat konfransında bildirib.
45 yaşlı irlandiyalı mütəxəssis qrup mərhələsi və “Qarabağ”la qarşıdakı oyunla bağlı suala cavabda deyib ki, o, indi Macarıstan liqasında bu həftə “Akademiya Puşkas”la görüş haqda düşünür: “Mən yalnız növbəti oyuna fokuslanıram. Amma uşaqlara dedim ki, əgər bu himni (Çempionlar Liqasının - red.) eşitmək istəyirlərsə, masaya nə qoymaq lazım olduğunu bilsinlər. Hər kəs yaxşı bilir ki, bu səviyyədə hansı uğur üçün mübarizə aparılır. Mən artıq orada oynamışam, necə bir hiss olduğunu bilirəm və istəyirəm ki, onlar da bunu yaşasınlar”.
İdman mütəxəssisis Kənan Məstəliyev “Şkendiya" zəfərini “Yeni Müsavat”da bu cür dəyərləndirib: “Şkendiya" üzərində gözəl qələbə oldu. 90 dəqiqədən zövq aldıq. Əslində, turun taleyi hələ səfərdə həll olunmalıydı. Ələ düşən epizodlardan düzgün yararlansaydıq, məhz elə də olacaqdı. Qismət cavab matçına imiş. Oyuna yaxşı başlamadıq, qapımızda top gördük. Amma makedoniyalıların vurduğu erkən qoldan sonra "Qarabağ" ayıldı və futbol oynamağa, qarşısındakı vəzifəni həll etməyə başladı. Missiya elə ilk 45 dəqiqədə yerinə yetirildi. Heyət baxımından əsas dəyişiklik Yankoviçin startda meydana çıxması, bununla da Kadinin öz ənənəvi mövqeyinə qayıtmaq, orda özünü ən yaxşı tərəfdən göstərmək imkanı qazanması idi. Gözlənilənlər oldu. Borges hücuma çox böyük dəstək verdi, epizodlar yaratdı, komanda yoldaşlarının fərqlənməsi üçün xeyli iş gördü. Zubir də həmçinin. Həmişə dediyim cümlədi: Zubir formadadısa, istəklidisə, yaxşı oynayırsa, "Qarabağ" da uğura yaxın olur. Abdullah bu matçı yaxşı keçirdi, nəticəsi də tablodadır. Daha bir müsbət məqam Qurban Qurbanovun gənc Hikmət Cəbrayılzadəyə avrokuboklarda debüt şansı verməsi idi.
Bu qələbə "Qarabağ"ın Avropa Liqasının əsas mərhələsinə vəsiqəni rəsmiləşdirdi. Bu isə o deməkdir ki, biz Konfrans Liqasından fərqli olaraq dekabra yox, ən azı yanvarın son gününə qədər avrokuboklarda olacaq, təmsilçimizin ifasında 6 yox, 8 matça şahidlik edəcəyik. Əladır və ən əsası, Bakıda Çempionlar Liqasının himni səslənəcək. Pley-offdayıq və bu mərhələni də adlayıb fantastik bir payız yaşaya bilərik. Rəqib tanışdır, dişimizə görədir. Hər şey yeni tarixin yazılmasına doğru gedir. "Ferentsvaroş" çox yaxşı komandadır. Robbi Kinin rəhbərliyi altında uğurlu qrafik cızırlar. "Ludoqorets" kimi ciddi rəqibi yarışdan kənarlaşdıra bildilər. Bunun özü çox şey deməkdir. Amma "Qarabağ" da zəif deyil. Biz 3 il əvvəl macarlarla oynamışıq və onları keçmişik. İndi də güclüdülər, amma keçilməz deyillər. Düşünürəm ki, bu dəfə də uğur qazana, Çempionlar Liqasının qrupuna düşə bilərik. Məncə, düşəcəyik də. Qurban Qurbanovun rəhbərliyi altında komandamız bundan da güclü rəqibləri üstələyib”.
Qol.az saytının baş redaktoru Aydın Bağırov oyunu bu cür şərh edib: “Bu bir cümləlik quru, amma önəmli statistikaya diqqət edin: “Qarabağ” 4-cü dəfə Çempionlar Liqasının “pley-off”undadır! Futbolu olmayan ölkənin çempionu futbolu olan ölkələrin komandaları ilə bir sıradadır. Ölkəmizin futbolunun adı hələ də it dəftərinə düşməsə də, "Qarabağ"ın adı futbol dəftərinə düşə bilib.
Qurban Qurbanov dünən "Şkendiya"nı əzik-əzik etdikləri oyundan (5:1) sonra bir maraqlı fikir işlətdi: Çempionlar Liqasının "pley-off"u elə qrupun özü kimidir.
Pley-off-da Norveçin, Avstriyanın, Şotlandiyanın, İsveçrənin, Türkiyənin, Serbiyanın, Danimarkanın təmsilçiləri var.
Biz də varıq. "Qarabağ" da var. Yəni "Kəhər at"lar...
Bu klubun özünün özünə verdiyi ləqəbdir. "Köhlən atlar" yox, məhz "Kəhər atlar". Köhlət at ərəbdən gəlmədir. Kəhər at isə bizə doğmadır. Azərbaycana. Qarabağa.
Çempionlar Liqasında "Kəhər atı" ilə addımlayırıq.
El-obamızın, cıdır meydanlarımızın bəzəyi olub bu atlar. Amma biz yenə də cıdır meydanından futbol meydanına enək. "Tofiq Bəhramov"a. Kəhər atı orda oynadan "Qarabağ"a.
Legioner hücumçusu olmayan komanda - Çempionlar Liqasında 4 oyuna 10 qol vurub! Orta hesabla hər oyuna 2,5 qol. 10 qoldan düz 6-sı ön xətt oyunçularının payına düşür. İstədiyimiz hücumçu yoxdur, amma yaxşı hücum - ön xəttimiz var, Zubir, Kadi, Leandro. Tənqid olunsa belə, gənc Nərimanın dünənki əzmkar, istəkli oyunu, gözəl qolu...
Bu qollardan vur, Nəriman!
Lap gözəl olmasa belə vur... Amma yetər ki, vur. Birini vur, ikisini vur, beşini, onunu, on beşini, iyirmisini vur.
"Qarabağ"ın qələbə qollarında braziliyalının, əlcəzairlinin, portuqaliyalının deyil, məhz sənin imzan olsun. Sənin - azərbaycanlı balasının! Əsas heyətdə oynayan sən ol, ehtiyatda yatan əcnəbi.
Təsnifat mərhələsində ən çox qalib gələn 3 komandadan biridir, "Qarabağ".
4 oyuna cəmi 1 qol buraxıb! Təsnifat mərhələsində ən az qol buraxan komandalardan biridir "Kəhər atlar"...
Demək, ötən mövsüm arxa xətdə mövcud olmuş narahatlıqlar da - hələlik tam olmasa da - amma aradan qalxır.
“Qarabağ” bütün komanda olaraq oyundan oyuna formaya düşür. Qapıçılar, müdafiəçilər, yarımmüdafiəçilər, ön xətt oyunçuları. Yeni gələnlər də komandaya uyğunlaşmağa doğru gedir.
Tezliklə hamının gözlədiyi yaxşı bir mərkəz hücumçusu da gələr. Buna ehtiyac, tələb var. Qurban Qurbanov bunu hamıdan yaxşı bilir və görür. İndi bir balaca səbr də vacibdir. Yeni hücumçu gələnə qədər isə necə deyərlər, igidin də haqqını verək.
Qurban Qurbanovun, onun köməkçilərinin, bütün komandanın və klubun idarəetməsinin.
Bəli, "Qarabağ" "pley-off"dadır və istiqamət futbol əjdahaların arasına düşməkdir: PSJ-nin, "Real"ın, "Barselona"nın, "Liverpul"un oynayacağı liqaya.
Növbəti rəqib "Ferensvaroş" "Qarabağ"ın bu mövsüm qarşılaşacağı ən çətin komanda olacaq. Gələn həftə ilk oyundur. 2 həftə sonra isə "Tofiq Bəhramov"dakı cavab matçında bu cütlük yenidən üz-üzə gələcək.
Və inanaq ki, onda biz deyəcəyik: oyunçu aparsın.
Yəni "Qarabağ" aparsın”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ